İqtisadçı Qubad İbadoğlu Aİ-95 markalı avtomobil benzininin və təbii qazın bahalaşmasını proqnozlaşdırır.
Qiyməti sərbəst tənzimlənən Aİ-95-in litri hazırda 1 manat 20 qəpikdir.
Təbii qazın bir kubmetri əhaliyə 2200 kubmetrədək olan hissə üçün 10 qəpiyə, 2200 kubmetrdən çox hissə üçün 20 qəpiyə satılır.
Tarif (qiymət) Şurası Dövlət Neft Şirkətinin müraciətinə baxaraq Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətini qaldırıb. Yanvarın 5-dən benzinin litri 1 manat, dizel yanacağının litri 80 qəpik müəyyən edilib. Əvvəlki qiymətlər müvafiq olaraq 90 qəpik və 60 qəpik idi.
Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu yazır ki, Aİ-95 markalı benzində də bahalaşma gözlənir: “Bunun başlıca məqsədlərindən biri Aİ-92 markalı benzinin satışının azalmasının qarşısını almaqdır. Ancaq əsas hədəf Dövlət Neft Şirkətini – SOCAR-ı yaranmış çətin durumdan çıxarmaqdır. Hazırda SOCAR-ın qazancının 68,3 faizi daxili bazarda formalaşır. Ötən ilin 9 ayının nəticələrinə görə, SOCAR-ın ümumi gəlirləri 17 faiz azalıb. Odur ki, növbəti artımlar SOCAR-ın korporativ marağı üzrə Aİ-95 markalı benzində, qazın limitli satışının ləğvində və ya limitdən aşağı qiymətinin artmasında ifadə olunacaq”.
Qubad İbadoğlu qeyd edir ki, SOCAR-ın xarici borc öhdəlikləri üzrə əsas ödənişləri 2022-2023-cü illərə düşür: “Orta illik borc ödənişləri 2 milyard dollar ətrafındadır. Hazırkı qiymət artımı və sonrakı bahalaşmalardan əldə olunan vəsaitlər SOCAR-ı özəlləşdirməyə çıxarmamışdan əvvəl onun borclarını ödəməyə əlavə maliyyə mənbəyi formalaşdırmağa xidmət edir.
Ötən ilin 9 ayı ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) SOCAR-ın hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olub, bunun da 2,8 milyard manatı daxili bazarın, 1,3 milyard manatı xarici bazarın payına düşür. 2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 milyon manat və ya 17 faiz azalıb”.
Benzin, dizel yanacağı, dərman və daşınmaz əmlak üzrə yeni qiymətlər