AXCP sədri Əli Kərimli Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməyə hazırlaşır.
Novator.az bildirir ki, Demokratik Qüvvələrin Milli Şurasının 2019-cu il oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyada tutulan Əli Kərimli həmin gün işgəncəyə məruz qaldığını bəyan edib. Siyasətçinin sözlərinə görə, kobudluqla saxlanıb avtobusa salınan kimi onu döşəməyə yıxıb qoluna qandal vurublar və döyərək işgəncəyə məruz qoyublar. Əli Kərimli kameraya çəkilən döymə əməliyyatında altı-yeddi nəfər polisin iştirak etdiyini, ondan siyasi mübarizədən əl çəkməyin tələb olunduğunu vurğulayıb.
Partiya lideri deyib ki, Xətai Rayon Polis İdarəsinə aparılaraq orada da bir müddət döyülüb.
AXCP sədri Baş Prokurorluğa rəsmi şikayət edərək işgəncəyə məruz qalması ilə bağlı cinayət işi qaldırılmasını istəyib. Bakı Şəhər Prokurorluğu 5 dekabr 2019-cu ildə cinayət işi başlanmasını rədd edən qərar çıxarıb. Əli Kərimli həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət edib, 19 oktyabr 2019-cu il mitinqində ona qarşı baş verənlərin Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş işgəncəyə, pis rəftara məruz qalmamaq, azadlıq hüququ, toplaşmaq hüququ və konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi hüquqlarının pozuntusu kimi qiymətləndirilməsini istəyib. O, prokurorluğun üzərinə bu işlə bağlı səmərəli araşdırma aparmaq öhdəliyi qoyulmasını da xahiş edib.
Səbail Rayon Məhkəməsi şikayəti geri qaytarıb. AXCP sədri həmin qərardan apellyasiya şikayəti verib. 2020-ci il dekabrın 30-da Bakı Apellyasiya Məhkəməsi də şikayəti icraata götürməkdən imtina edib.
AXCP-dən verilən məlumata görə, apellyasiya instansiyası bu iş üzrə ölkə daxilində sonuncu hüquqi müdafiə vasitəsi olduğundan Əli Kərimli Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcək.
Milli azadlıq hərəkatının öncül şəxslərindən olan 1965-ci il təvəllüdlü Əli Kərimli Xalq Cəbhəsinin hakimiyyəti zamanı (1992-1993) əvvəl Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi postlarını tutub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
Əli Kərimlidən nə tələb olunub?
Baş Prokurorluqdan Əli Kərimli açıqlaması
Əli Kərimli prokurorluğa şikayət edir