Ötən ilin mühüm hadisələri xarici mediada. Siyahıda Qarabağ da var
- 06 Yanvar 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Hindistanın ingilis dilində nəşr olunan “The New İndian Express” qəzeti 2020-ci ildə dünyada baş verən mühüm hadisələrin xronologiyasını hazırlayıb. Mühüm hadisələr sırasına Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbəsi də daxil edilib.
Novator.az saytı qəzetin hazırladığı xronikanı təqim edir.
İlk dəfə 2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası 2020-ci il yanvarından dünya boyu yayılmağa başladı və mart ayında COVİD-19 pandemiyası adını aldı.
Hökumətlər pandemiyanı dayandırmaq üçün müxtəlif tədbirlərə əl atdılar. Bəzi ölkələr evdən çıxmamaq, maska geyinmək, sosial məsafə saxlamaq, əlləri tez-tez yumaq kimi tövsiyələrdən başqa məhdudiyyətlər də tətbiq etməli oldu.
Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatının 4,4% azalacağına dair proqnazlarından sonra bir çox ölkədə pandemiya dövründə məşğulluğu xilas etmək məqsədilə yardım proqramları təşkil edildi.
Noyabrda əczaçılıq şirkətləri koronavirusa qarşı bir neçə vaksinin müsbət nəticə verdiyini elan etdi. Dekabr ayında Böyük Britaniya sınaqlar zamanı 95% effekt vermiş vaksinin ölkədə kütləvi tətbiqinə başladı.
2020-ci il yanvarın 3-də ABŞ-ın Bağdadda həyata keçirdiyi hücum nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin rəhbəri Qasım Süleymani öldürüldü. Bu hadisə 2019-cu il dekabrın sonunda Bağdadda iranpərəst etirazçıların ABŞ səfirliyinə hücumundan bir neçə gün sonraya təsadüf etdi.
İran ABŞ qüvvələrinin İraqdakı bazalarını raket atəşinə tutdu. Yanvarın 8-də Ukraynaya məxsus sərnişin təyyarəsi Tehranda havaya qalxandan bir az sonra səhvən vuruldu. Təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak oldu.
Noyabrın sonunda İranın nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi gərginliyi yenidən artırdı. Tehran hadisədə İsraili günahlandırdı.
2020-ci il yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqını rəsmən tərk etdi. İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirən Britaniyada 2016-cı il iyunun 23-də keçirilmiş referendumda seçicilərin 51,9%-i ölkənin Avropa İttifaqından ayrılmasına səs vermişdi.
Fevralın 29-da ABŞ-la onun terrorçu qruplaşma kimi tanıdığı “Taliban” hərəkatı arasında müharibənin 20 illiyi ərəfəsində Dohada sülh sazişi imzalandı. Sazişə əsasən, xarici qüvvələr 2021-ci ilin may ayına qədər Əfqanıstanı tərk etməlidir, Pentaqon 2021-ci il yanvarın 15-dək 4500 əsgərinin 2000-ni Əfqanıstandan çıxarmalıdır.
Sentyabrda Əfqanıstan hökuməti və qiyamçılar arasında danışıqlar başlandı. Amma “Taliban”ın yenidən hücumlara məruz qalması və onun bir sıra ictimai fiqurlarının qətlə yetirilməsi müharibəni dayandırmağa imkan vermədi.
Mayın 25-də ABŞ-da polisin qaradərili Corc Floydu öldürməsi bu ölkədə və dünyada etirazlara səbəb oldu, irqi ayrı-seçkilik məsələsini yenidən gündəmə gətirdi. Avropada, o cümlədən London, Paris, Berlin, Brüsseldə keçirilən aksiyalarda irqçiliyə qəzəb ifadə olundu.
İyunun 3-də, kütləvi nümayişlər dalğasından bir il sonra Çin parlamenti Honkonq üçün təhlükəsizlik qanununu yekdilliklə qəbul etdi. Opponentlərin fikrincə, təhlükəsizlik qanunu Honkonqun muxtariyyətini zədələyəcək, Honkonqda biznesə və siyasi azadlıqlara zərbə vuracaq, çünki oxşar qanunlardan Çində narazıları susdurmaq üçün istifadə olunur.
İyulda Tailandda tələbələrin demokratiya uğrunda etirazları alovlandı. İlin sonuna kimi davam edən etirazlarda yeni konstitusiyanın formalaşması, ölkədə monarxiyanın ləğvi tələb olundu.
Avqustun 4-də güclü partlayış Beyrut limanının çox hissəsini məhv etdi. 200-dən çox insanın ölümünə və ən azı 6500 nəfərin yaralanmasına səbəb olan partlayış paytaxtın bölgələrini viran qoydu. Ammonyak-nitrat gübrəsinin böyük ehtiyatının partlaması onsuz da laxlayan Livan iqtisadiyyatını və onun hakim elitasına olan inamı sarsıtdı.
Sentyabrda San-Fransisko və ABŞ-ın qərb sahilinin digər ərazilərində meşə yanğınları tüğyan etdi. Həmin vaxt Avstraliyada da meşə yanğınları artdı.
Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verdi. Zəlzələ nəticəsində 117 nəfər həyatını itirdi, 1000-dən artıq insan yaralandı. 58 bina uçdu və ya böyük zərər gördü.
Noyabrda Mərkəzi Amerikada iki güclü qasırğa qopdu. 200 nəfər həyatını itirdi.
Avqustda rusiyalı siyasətçi, Kremlin tənqidçisi Aleksey Navalnı zəhərləndi. Siyasətçi əvvəlcə Tomskda reanimasiya şöbəsinə yerləşdirildi, sonra Berlinə aparıldı. Navalnı Berlində “Şarite” klinikasında müalicə alaraq sağaldı. Almaniya hökuməti Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini açıqladı. Navalnı özü başına gələnləri “dövlət terroru” adlandırdı. O bildirdi ki, “Noviçok” əməliyyatı prezident Vladimir Putinin əmri ilə həyata keçirilib. Navalnı vurğuladı ki, Federal Təhlükəsizlik Bürosu heç vaxt Putindən icazəsiz belə bir əməliyyata cəsarət etməzdi. Rusiya hakimiyyəti bu ittihamları rədd etdi.
Belarus prezident Aleksandr Lukaşenkonun 9 avqust seçkilərində qələbəsi hökumət əleyhinə etirazları alovlandırdı və onun əsas siyasi rəqibi Svetlana Trixanovskaya diqqət mərkəzinə gəldi. O vaxtdan Belarusda davam edən etirazlarda müxalifət rəhbərləri ya həbs olunur, ya da ölkədən sürgün edilir.
Sentyabrdan Birləmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə münaibətlərini düzəltməyə başladı. Fələstinlililər bu hərəkəti arxadan zərbə kimi qiymətləndirirlər. Oktyabrda ABŞ prezidenti Donald Tramp Sudanın da Birləmiş Ərəb Əmirliklərinə və Bəhreynə qoşulduğunu elan etdi.
Noyabrda İsrailin baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanına gizli səfər etməsi barədə iddialar ortaya çıxdı. Dekabrda Mərakeş də İsraillə münasibətini bərpa etməyə başladı.
Trampın COVİD 19-u Çin virusu adlandırması və Pekinin bütün dünyada kütləvi qətllərə görə məsuliyyət daşıdığını deməsi ABŞ-Çin münasibətlərinin kəskinləşməsinə səbəb oldu. ABŞ Honqkonqda tətbiq edilən milli təhlükəsizlik qanununa və Xinyanq ərazisində türkdilli uyğur azlığa qarşı aparılan repressiyaya görə Çinlə toqquşdu.
Noyabrda fərqli mövqelərdə olan amerikalı seçicilər respublikaçı Donald Tramp və demokrat Cozef Bayden arasında gedən prezident yarışmasında böyük aktivlik nümayiş etdirdilər. Gərgin seçkidə Bayden qalib gəldi. Seçkinin saxtalaşdırıldığını iddia edən Tramp hələ də məğlubiyyətini qəbul etmir.
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə Azərbaycan Ermənistanı məğlub edərək işğal altında saxlanan torpaqlarının bir hissəsini azad etdi.
Mənbə: Newindianexpress.com