Novator.az saytı koronavirusun Cənubi Afrikada tapılan yeni növü haqda yazını ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır. Yazı “Global News” kanalının internet səhifəsindən götürülüb. “Global News” mərkəzi ofisi Kanadada yerləşən beynəlxalq televiziya şəbəkəsidir, ingilis dilində yayımlanır. Təqdim olunan yazının dörd həmmüəllifi var: Keyt Holton, Keyt Kelland, Qay Folkonbric və Alister Smaut.
Yanvarın 4-də britaniyalı alimlər ölkədə tətbiq olunan COVİD-19 vaksinlərinin koronavirusun Cənubi Afrikada peyda olan və dünyaya yayılan yeni növünə qarşı effektiv olmayacağı sarıdan narahatlıqlarını ifadə ediblər.
Son həftələrdə həm Böyük Britaniyada, həm də Cənubi Afrikada COVİD-19 virusunun yeni və daha sürətlə yayılan növləri aşkar edilib və bu səbəbdən yoluxma hallarında artım qeydə alınıb. Yanvarın 4-də Britaniyanın səhiyyə naziri Mett Hankok koronavirusun Cənubi Afrikada tapılan yeni variantının onu çox narahat etdiyini bildirib.
Redinq Universitetinin hüceyrə mikrobiologiyası üzrə dosenti Simon Klark bildirib ki, koronavirusun iki yeni növünün oxşar xüsusiyyətləri olsa da, Cənubi Afrikadakı varinatda ciddi narahatlıq doğuran əlavə mutasiyalar aşkarlanıb.
Simon Klarkın sözlərinə görə, bu əlavələrə virusun insan orqanizmindəki hüceyrələrə keçmək üçün istifadə etdiyi peplomer adlanan hissədə baş verən dəyişikliklər daxildir. Bu dəyişikliklər orqanizmdə vaksinlərin yaratdığı immun reaksiyasına həssaslığı azaldır.
Uorvik Universitetinin virusoloqu və molekulyar onkologiya üzrə professoru Lourens Yanq koronavirusun Cənubi Afrika variantında peplomerlərin çoxlu mutasiyaya uğradığını deyib: “Koronavirusun Cənubi Afrikada aşkarlanan növündə çoxsaylı peplomer mutasiyalarının baş verməsi daha böyük narahatlıq doğurur. Çünki virus bu dəyişikliklər sayəsində immun reaksiyasını zəiflədə bilər”.
“BioNTech” şirkətinin baş icraçı direktoru Uğur Şahin, Oksford Universitetinin tibb elmləri üzrə professoru Con Bell və başqa alimlər vaksinləri koronavirusun yeni növlərinə qarşı sınaqdan keçirdiklərini söyləyiblər. Onlar deyiblər ki, vaksinləri virusun yeni növlərinə uyğun təkmilləşdirmək lazım gəlsə, bunu təqribən altı həftəyə etmək mümkün olacaq.
İngiltərənin İctimai Səhiyyə Xidmətindən bildirilib ki, hazırda COVİD-19 vaksinlərinin virusun mutasiyaya uğramış növlərinə qarşı effektiv olmadığını sübut edən heç bir məlumat yoxdur. Britaniyanın Səhiyyə Nazirliyi mövcud vəziyyətlə bağlı daxil olan sorğuların heç birini birbaşa cavablandırmayıb.
Dünyanın ən varlı ölkələri öz əhalisini 1,8 milyon insanın ölümünə səbəb olan və qlobal iqtisadiyyatı sarsıdan bu infeksiyadan qorumaq üçün peyvəndlənmə prosesinə start verib.
Hazırda “AstraZeneca” və Oksford Universitetinin, “Pfizer” və “BioNTech”, habelə “Moderna” şirkətlərinin hazırladıqları peyvəndlər, Rusiyanın “Sputnik V” və Çinin “Sinopharm” vaksinləri də daxil olmaqla 60 vaksin növü sınaq mərhələsindədir.
Alimlərin sözlərinə görə, COVİD-19-un həm Cənubi Afrikada, həm də Böyük Britaniyada aşkarlanan növləri yüksək virus yükünə malikdir. Bu isə yeni ştamların orqanizmdə virus hissəciklərini bir mərkəzdə toplamasına və bununla da infeksiyanın daha sürətlə yayılmasına yol aça bilər.
Yanvarın 3-də Con Bell bəyan edib ki, vaksinlər Britaniyadakı virus növünə qarşı effektiv olacaq. Amma professor deyib ki, vaksinlərin Cənubi Afrika variantına qarşı nə qədər keçərli olacağı böyük sual doğurur.
Uğur Şahin Almaniyanın “Şpigel” qəzetində yanvarın 1-də dərc olunan müsahibəsində qeyd edib ki, hazırladıqları vaksində insan orqanizminin immunitet sistemində virusa qarşı reaksiya yaratmaq üçün istifadə olunan mRNA koronavirusun Britaniya növünə qarşı da effektiv olmalıdır: “Biz hazırda vaksinimizin virusun bu növünə qarşı nə dərəcədə effektiv olduğunu müəyyənləşdirmək üçün sınaqlar keçiririk və tezliklə daha dəqiq nəticə əldə edəcəyik”.
Mənbə: Globalnews.ca