Türkiyənin siyasətini dəyişəcəyindən xəbər verən altı əlamət
- 05 Yanvar 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Vaşinqtondan yayımlanan, Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış “Al-Monitor” internet nəşrində Türkiyənin İran, Rusiya və ABŞ-la münasibətlərini dəyişəcəyi barədə məqalə dərc olunub. Məqlənin müəllifi Endrü Parasiliti “Al-Monitor”un rəhbərlərindən biridir. Novator.az saytı məqaləni ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.
Türkiyə, Rusiya və İran son illərdə prezident Putinin yürütdüyü diplomatiya nəticəsində bir çox məsələdə birlik nümayiş etdirməyə çalışıb – fərqli motivlərlə olsa da. Məsələn, ABŞ-ın Suriya siyasətinə münasibətdə hər üç ölkə (Türkiyə, Rusiya və İran) müxalif mövqe tutub. Eyni zamanda həm Türkiyə, həm də İran İsrailin, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin siyasətinə müxalif mövqedə durub.
Amma getdikcə bu ortaq maraqlar zəifləməyə başlayır. Bunun səbəblərindən biri Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Vaşinqtonda yeganə müdafiəçisi kimi gördüyü prezident Donald Trampın postunu tərk etmək ərəfəsində olmasıdır.
Bir səbəb də Rusiyadan S-400 raketdən müdafiə sistemi aldığı üçün ABŞ Konqresinin Türkiyəyə sanksiyalar tətbiq etməsidir.
Türkiyənin İran, Rusiya və ABŞ-la münasibətlərini dəyişəcəyindən xəbər verən altı əlamət var. Həmin əlamətləri sadalayır və bunun Bayden administrasiyası üçün nə demək olduğunu izah etməyə çalışacam.
Azərbaycanda söylənilən şeir: Ərdoğan Azərbaycanda Zəfər günü münaisibətilə düzənlənən mərasimdə iştirak etmək üçün bu ölkəyə səfər etmişdi. Azərbaycan Ordusu Ermənistanın Qarabağda zəbt etdiyi torpaqları Türkiyə Ordusunun dəstəyi olmadan geri ala bilməzdi. Bu müharibə Türkiyədə kütləvi şəkildə dəstəkləndi və Ərdoğanın regiondakı iddialı mövqeyini qoruyub saxladı. Dekabrın 10-da Bakıdakı çıxışı zamanı Ərdoğan bir şeir söylədi. Bu şeirdə İranın Azərbaycanı zorla ayırmasına aid misralar Tehranla yeni bir münaqişəyə yol açdı. Həmin şeirdən sonra ölkələrin xarici işlər nazirləri baş verən “anlaşılmazlığı” aradan qaldırmaq üçün təcili diplomatik danışıqlara başladılar və bu, İran prezidenti Həsən Ruhaninin “məsələ bağlandı” nidası ilə yekunlaşdı.
Türkiyədə həbs olunanlar: Türkiyənin kəşfiyyat xidməti iranlı dissident Həbib Çaabın qaçırılmasında şübhəli bilinən 11 nəfəri həbs edib. Həbs olunanlar İran hökuməti ilə əlaqədə, həmçinin İranda ölüm hökmünə məhkum olunduğu üçün 2007-ci ildən Türkiyədə yaşayan narkotik alverçisi Naci Sərifi Zindasti ilə işbirliyində şübhəli bilinirlər. Ehtimallara görə, Zindasti Çaabı qaçırıb İrana göndərməyin müqabilində özünun əfvinə nail olmaq istəyib.
Suriyanın xətti: Türkiyə Suriyanın şimal-qərbində yerləşən, kürdlərin nəzarətində olan Ayn əl-İssa qəsəbəsinə hücum planlaşdırır. Fehim Taştekinin fikrincə, Rusiya Suriya Demokratik Qüvvələri ilə müqavilə bağlamaqla Türkiyənin bu addımının qarşısını almaq istəyir. Rusiyanın məqsədi Suriya hökumətini və silahlı qüvvələrini bu məsələyə cəlb etməkdir. Suriya problemində maraqların fərqli olmasına baxmayaraq İran, Türkiyə və Rusiya birlik nümayiş etdirir, ancaq bu birliyin dağılma ehtimalı da var.
ABŞ-ın Suriyada keçmiş elçisi Ceyms Ceffri Türkiyənin Suriyadakı rolunun birmənalı olmadığını deyib: “Ankaranın Suriya Demokratik Qüvvələrinə qarşı düşmənçiliyi mürəkkəb siyasi quruluşun sadəcə xoşagəlməz nüansı idi. Vaşinqton həm Türkiyənin, həm də İsrailin maraqlarından istifadə edərək Suriyadakı vətəndaş müharibəsində İranı geri çəkib Əsəd rejimi və geri durmaq istəməyən Rusiya ilə sövdələşmə imzalamağa çalışırdı”.
Ukrayna üçün dronlar: Fehim Taştekin yazır ki, Ukrayna ordusunun Rusiyanın dəstək verdiyi separatçıların nəzarətindəki Donbas bölgəsini geri almaq planı olduğu barədə ölkə mediasında xəbərlər dolaşır: “Ukraynada Azərbaycan-Ermənistan müharibəsi zamanı Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadənin müharibənin nəticəsinə böyük təsiri olduğuna inanırlar”.
Taştekin əlavə edib ki, Türkiyə və Ukraynanın hərbi əlaqələrinin dərinləşməsi Moskvanı təşvişə salıb: “Bu, Rusiyanın Liviya və Suriyadakı müharibələrdə Türkiyənin gündəmini pozmaq cəhdlərinə cavab da ola bilər. Həmin münaqişələrdə Ankara və Moskva rəqib tərəfləri dəstəkləyirdi”.
Səudiyyə Ərəbistanı ilə sülh: Ərdoğan Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda Camal Qaşıqçının qətlə yetirilməsi də daxil olmaqla bir sıra mənfi hadisələrdən sonra bu ölkə ilə pozulmuş münasibətlərini bərpa etməyə çalışır. Ər-Riyad bölgədə türk mallarını qeyri-rəsmi boykot edib. Türkiyə isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin 2017-ci ildən bəri embarqo tətbiq etdiyi Qətərlə əlaqələrini genişləndirib. Ankara və Doha həm də embarqo tətbiq edən ölkələrin terrorçu saydıqları “Müsəlman qardaşları” təşkilatı ilə yaxın münasibətdədir.
Səudiyyə Ərəbistanı ilə əlaqələri yaxşılaşdırmaq üçün Ərdoğan İzmirdə baş verən zəlzələdən sonra göstərdiyi dəstəyə görə Səudiyyə kralı Salman bin Əbdüləziz Al-Sauda təşəkkür edib. Ərdoğan həmçinin Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifəyə baş nazirin vəfatı ilə bağlı başsağlığı vermək üçün zəng vurub.
Ərdoğanın Salmanla telefon söhbətindən sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan iki ölkə arasında münasibətlərin müsbət olduğunu söyləyib. Ankara hələ də Qaşıqçı cinayətinə görə Ər-Riyad üzərində təsir gücünə sahibdir və Vaşinqtondakı durumdan asılı olaraq istintaqın hərarəti dəyişə bilər.
“Pınar Trembly”nin yaydığı məlumata görə, Ərdoğan Liviya müharibəsində qarşı tərəfi dəstəklədiyi üçün Səudiyyə Krallığıyla yox, daha çox Birləşmiş Ərəb Əmirlikləri ilə problemlərinin olduğunu deyib.
İsrail və Vaşinqtonla yeni münasibətlər: Jurnalist Amberin Zaman bildirib ki, Türkiyə yəhudi dövləti ilə münasibətlərini düzəltmək, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden və onun administrasiyasından xal qazanmaq üçün İsrailə yeni səfir təyin edib: “İlk olaraq Türkiyə rəsmisi tərəfindən “Vashinqton Post” qəzetinə sızdırılan Çaab hekayəti Ankaranın İrana qarşı sərt addımlar atmaq istəyini ortaya qoyur, çünki Türkiyə Cozef Bayden administrasiyası ilə yeni körpülər qurmağa çalışır. İsrail Türkiyənin Mlli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidanı iranlı siyasi fəalları İranın dini rejiminə təhvil verməkdə ittiham edir və bu təşəbbüsün Fidanın özünə məxsus olması kimi təsəvvür yaradır. Bu öz növbəsində Türkiyənin son vaxtlar İsraillə münasibət qurmaq səylərinə uyğundur”.
Bizim fikrimiz: ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Tramp və Ərdoğanın münasibətlərini “qardaş sevgisi” adlandırıb, Ərdoğanla Baydenin isə belə münasibət quracağı ehtimalı azdır. 2020-ci ilin yanvarında Bayden Ərdoğanı “avtokrat” adlandırdı və “o, bunun qarşılığını almalıdır” söylədi. Ərdoğan Bayden üçün yad olmadığını və Obama dövründən bir-birilərini yaxından tanıdıqlarını bəyan etdi: “Bayden hətta xəstələndiyim zaman evimə gəlib məni ziyarət etdi. Eyni zamanda ABŞ-ın Suriyada Fəratın şərqindəki fəaliyyətini və Türkiyənin silah tədarükünə dair addımlarını bəyənmədiyini də bildirdi”.
Şübhəsiz ki, Ərdoğan ABŞ-Türkiyə əlaqələrini düzəltmək üçün fürsət axtarır və Baydenla birgə addımlamaq istəyəcək. Rusiya və İranla gərginliyə gəlincə, belə bir gərginlik olsa da, hər halda Ərdoğan, Putin və Ruhani öz aralarındakı fikir ayrılıqlarını qaydaya salmaq üçün ortaq yol tapa bilirlər. ABŞ və Türkiyə münasibətlərindəki çanta dolusu bir çox məsələnin Baydenin hakimiyyəti dövründə açılması ehtimalı daha yüksəkdir. Bayden özü bacarıqlı bir diplomatdır və Filipp Qordonun da nostalji adlandırdığı ABŞ-Türkiyə ittifaqı prinsipi qırağa qoyulmalı, başqa yol tapılmalıdır. ABŞ və Türkiyənin bir-biri ilə dil tapması üçün ciddi səbəbləri var.
Endrü Parasiliti
Mənbə: Al-monitor.com