Prezident İlham Əliyev “2021-ci ilin dövlət büdcəsi haqqında” qanunu imzalayıb və onun tətbiqinə fərman verib. Qanunda gəlirlər 25 milyard 427 milyon manat, xərclər 28 milyard 543 milyon manat nəzərdə tutulur.
Novator.az-ın məlumatına görə əsas gəlir mənbələri arasında ilk sırada Dövlət Neft Fondundan köçürmə dayanır: 12 milyard 200 milyon manat.
Əlavə dəyər vergisindən 4 milyard 710 milyon manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2 milyard 144 milyon manat, fiziki şəxslərin gəlir vergisindən 1 milyard 150 milyon manat, aksizlərdən 1 milyard 59 milyon manat əldə etmək planlaşdırılır.
Xərclərə gəlincə, iqtisadi fəaliyyətə 5 milyard 947,4 milyon manat, müdafiə və milli təhlükəsizlik sektoruna 4 milyard 585,8 milyon manat, ümumi dövlət xidmətlərinə 4 milyard 159,7 milyon manat, sosial müdafiə və sosial təminata 3 milyard 692,7 milyon manat, təhsilə 3 milyard 277,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa 2 milyard 92,8 milyon manat, səhiyyəyə 1 milyard 409 milyon manat, kənd təsərrüfatına 943 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 418,1 milyon manat, ətraf mühitin mühafizəsinə 275,5 milyon manat, mənzil və kommunal təsərrüfatına 262,8 milyon manat, əsas bölmələrə aid edilməyən xərclərə 1 milyard 478,1 milyon manat yönəltmək proqnozlaşdırılır.
Büdcə zərfinə daxil olan digərə sənədlər də rəsmiləşib. Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsində gəlir və xərclər 5,1 milyard manat, işsizlikdən sığorta fondunun gəlir və xərcləri 157,7 milyon manat nəzərdə tutulur.
Ünvanlı dövlət sosial yardımının təyinatı üçün ehtiyac meyarının həddi 170 manat, yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat götürülür.
Prezident həmçinin Dövlət Neft Fondunun 2021-ci il büdcəsini təsdiqləyib.