Prezident İlham Əliyev 2020-ci ilin son günü – dekabrın 31-i axşam Azərbaycan xalqına müraciət edib. O qeyd edib ki, 2020-ci il tarixdə ölkənin şanlı qələbəsi kimi qalacaq: “Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad edib. Bu qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu, tarixi qələbədir. Biz tarixi ədaləti bərpa etdik.
30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar heç bir nəticə vermədi. Faktiki olaraq Ermənistan bu danışıqlarda vaxt uzatmaq istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə birinci dəfə Azərbaycan prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Prezidentlik dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Hesab edirdim ki, beynəlxalq hüququn norma və prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı.
Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir, torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir və danışıqlarda iştirak etməklə görüntü yaradır ki, elə bil danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edirlər. İllər keçdikcə ümidlərimiz azalırdı. Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcək. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda açıq görürdüm ki, əgər biz güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni həll edə bilmərik”.
Dövlət başçısı deyib ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan bütün çağırışlara, bütün təzyiqlərə rəğmən istədiyinə nail ola bilib: “Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik. 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.
Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.
Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq”.
1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
1988-ci ildə vilayətdə bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı bölgələr ermənilərin əlinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır.