Dünyanın bir neçə ölkəsində koronavirus əleyhinə vaksinlərin kütləvi tətbiqinə başlanıb. Bu prosesin start götürdüyü hər bir ölkədə ilk növbədə risk qrupuna daxil olanlar – tibb işçiləri, yaşlılar, xroniki xəstəliklərdən əziyyət çəkənlər peyvənd olunurlar.
Amma biz bəzi rəsmi şəxslərin – dövlət, hökumət nümayəndələrinin, parlament üzvlərinin növbədənkənar peyvənd olunduğunu da görürük.
Rəsmilərin bu addımı vaksinasiya prosesinə ictimai diqqəti cəlb etmək, əhalini peyvənd olunmağın vacibliyinə inandırmaq motivləri ilə izah olunur.
Kifayət qədər ağlabatan izahdır, çünki koronavius hər gün dünya boyu neçə-neçə insanın həyatına son qoysa da, indiyədək bu virusa ciddi yanaşmayan, yaxud vaksinlərin əhəmiyyətinə inanmayan adamlar var. Ona görə rəsmi şəxslərin nümayişkaranə şəkildə, jurnalistlərin, deməli, cəmiyyətin gözü qarşısında peyvənd olunması təbliğati baxımından ibrətamiz haldır.
Ancaq məsələnin başqa tərəfi də var: axı onlar növbədənkənar peyvənd olunurlar, bir növ risk qrupuna aid insanların növbəsinə girir, həyatı risk altında qalan insanlar növbədə gözlədiyi vaxtda irəli keçib öz sağlamlıqlarını sığortalayırlar. Onda siyasətçilərin davranışını necə qiymətləndirmək daha düzgündür: nümunə göstərmək, yoxsa irəli düşmək kimi?
Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla bildirir ki, rəsmilərin növbədənkənar peyvənd olunmasını hər iki yöndə qiymətləndirənlər var. Buna siyasətçilərin nümunə göstərməsi kimi baxanlar onların növbəni pozmasını üzrlü səbəb kimi qəbul edirlər. Bəziləri isə hesab edir ki, növbəni gözləmək daha vacibdir, çünki növbədə həyatı risk altında olan insanlar var.
ABŞ-ın Pittsburq Universitetinin dosenti Yudtibe R.Esiyen “Associated Press”ə deyib ki, vətəndaşların cəmiyyətin öndə gedən adamlarına vaksin vurulduğunu görməsi təqdirəlayiq haldır, bu, ictimaiyyətdə vaksinə inam yaradır, belədə adamlar özlərini daha arxayın, daha təhlükəsiz duya bilirlər.
Amma 50 yaşlı amerikalı senator Ted Kruz hələ vaksin vurdurmağa tələsmir. O bildirib ki, peyvənd olunmağa hazırdır, bununla belə birinci yaşlıların, vaksinə ciddi ehtiyac duyanların peyvəndlənməsini vacib sayır, özü daha cavan, daha sağlam olduğu halda onlardan qabağa keçmək istəmir.
Atası koronavirus xəstəliyindən vəfat etmiş ABŞ Nümayəndələr Palatasının 38 yaşlı üzvü İlhan Ömər də növbə gözləməyin tərəfdarıdır. O, “Tvitter” şəbəkəsində yaydığı açıqlamaında yaşlı, sağlamlığında problem olan adamların növbə gözlədiyi vaxtda kilsə nümayəndələrinin qabağa düşüb peyvənd olunmasına xoş baxmadığını ifadə edib.
Növbədənkənar peyvənd olunan rəsmilərdən ABŞ-ın 78 yaşlı yeni seçilmiş prezidenti Cozef Baydenin, ABŞ-ın 61 yaşlı vitse-prezidenti Mayk Pensin, ABŞ Nümayəndələr Palatasının 80 yaşlı sədri Nensi Pelosinin, İsrailin 71 yaşlı baş naziri Benyamin Netanyahunun adlarını çəkmək olar.
Kanadanın 48 yaşlı baş naziri Castin Tryudo isə fərqli davranır. O, bəyan edib ki, peyvəndlənməyə tələsmir: “Növbə sağlam və 40 yaşlarında olan insanlara çatanda peyvənd vurduracam. Mən vaksinlərə böyük entuziazmla yanaşıram. Təbii ki, vaksinin təhlükəsiz olduğunu və həkimlərə güvəndiyimi cəmiyyətə nümayiş etdirmək istəyərdim. Ancaq xəstələrin və həssas qruplara aid başqa insanların vaksinə daha çox ehtiyacı var, ona görə əvvəlcə onların peyvəndləndiyi sarıdan arxayın olmalıyıq”.
ABŞ Nümayəndələr Palatasının 70 yaşlı üzvü Don Bayer siyasi liderin nümunə göstərməsini daha mühüm faktor kimi qiymətləndirir. O, vaksin vurdurmaq üçün növbədə qabağa keçməsini belə əsaslandırır: “Bəli, milyonlarla amerikalı inyeksiya gözləyir, onların əksəri pandemiya ilə mübarizənin ön cəbhəsində savaşır. Mən onlardan üstün deyiləm, amma milli liderlər nümunə göstərməlidirlər”.
Bununla belə bəzi ekspertlər vaksinasiya prosesini keçmiş xidmətlərlə əlaqələndirməyin, kimlərinsə əvvəlki xidmətlərinə görə indi daha tez peyvənd olunmasına icazə verilməsinin əleyhinədirlər. Bəziləri isə hesab edir ki, pandemiyanın və digər problemlərin öhdəsindən gələ bilmələri üçün hökumət adamlarının, siyasətçilərin daha tez peyvənd olunması yaxşıdır.
ABŞ-ın Braun Universitetinin İctimai Səhiyyə Məktəbinin dekanı Aşiş Ca hökumətin normal fəaliyyət göstərə bilməsinə imkan yaradılmasını düzgün sayır. “Biz qubernatorların və Konqres üzvlərinin xəstələnməsini, ölməsini istəmirik” deyən dekan vaksinasiyada siyasətçilərin prioritet qrupa daxil edilməsinə tərəfdar olduğunu vurğulayır.
Senator Mett Kleyn isə düşünür ki, erkən peyvəndlənən siyasətçilər sonra peşman ola bilərlər. Kleyn həkim olsa da, peyvənd vurdurmaq növbəsini buraxıb, bu hüququndan yararlanmayıb. O bildirib ki, siyasi məsuliyyətini nəzərə alaraq belə edib. Kleyn deyir: “Bir çox siyasətçinin vaksinin təhlükəsiz olduğunu ictimaiyyətə göstərmək üçün növbədənkənar peyvənd olunmasını anlayıram. Amma qorxuram ki, bu, əks nəticə verə, cəmiyyəti narazı sala”.
Mənbə: Apnews.com