Almaniya kansleri Angela Merkelin bu il martın 18-də televiziya vasitəsilə etdiyi müraciət “İlin çıxışı” elan olunub.
Novator.az saytı Almaniyanın “Deutsche Welle” telekanalına istinadla bildirir ki, kansler həmin çıxışını koronavirus infeksiyası ilə bağlı yaranmış vəziyyətə həsr edib. Bu elə bir dövr idi ki, hələ çoxları koronavirusun ciddiliyini dərk və ya qəbul edə bilmirdi. Merkel öz çıxışında koronavirus pandemiyasına çox ciddi yanaşdığını sübuta yetirib, adamları koronavirusun təhlükəsinə inanmağa, infeksiyadan qorunmaq üçün tövsiyə olunan qaydalara əməl etməyə çağırıb.
Almaniyanın məşhur Tübingen Universitetinin ekspertləri çıxışı təhlil edərkən belə qənaətə gəliblər ki, Merkel çağırışını təsirli bir ritorika üstündə qurmağı bacarıb və 18 mart çıxışı natiqlik məharətinə əsl örnəkdir.
Ekspertlərin fikrincə, Angela Merkel sübut edib ki, ağıl nitqin köməyilə ictimai rəyə yol tapa bilər.
Müraciəti “tarixi çıxış” adlandıran Tübingen Universitetinin ekspertləri qeyd ediblər ki, pandemiyanın ilk dalğası zamanı vəziyyətin uğurla nəzarətə götürülməsində bu çıxışın böyük rolu olub. “Ehtimal ki, bu telemüraciət Almaniyanın hər yerinə təsir göstərib. Bu, son illərin ən parlaq nitqi idi” – ekspertlərin ümumi rəyində belə deyilir.
Ekspert qrupunun rəyinə görə, çıxışın məzmunu aydın olub, strukturu yaxşı qurulub, mühüm məqamlar ustalıqla təkrarlanıb, bu isə vəziyyətin ciddi olduğu təəssüratını gücləndirib. Çıxış təsdiqlənmiş informasiyalara, elmi izahlara söykənib, arqumentlərlə zənginləşdirilib və bütün bunlar kanslerin elmi cəhətdən də çox hazırlıqlı olduğunu göstərib.
Çıxışında Merkel “unudulan” market işçilərini də yada salıb. Kansler onlara minnətdarlıq edərək deyib: “İcazə verin mən həm də nadir hallarda təşəkkür alan şəxslərə minnətdarlıq edim – supermarketlərdə kassir işləyənlərə, vitrinləri doldurmaqla məşğul olan işçilərə… Onlar indi ən çətin işlərdən birini görürlər. Öz həmvətənlərinin yanında olduqlarına, bizə dəstək verdiklərinə görə onlara təşəkkür edirəm”.
Almaniya kanslerinin 18 mart nitqini beynəlxalq səvviyədə parlaq çıxış adlandıran ekspertlər başqa Avropa dövlətlərinin liderlərinin eyni problemə həsr olunmuş çıxışları ilə müqayisələr də aparıblar. Nəticə Merkelin daha təsirli, daha dolğun danışdığı qənaətini möhkəmləndirib. Ekspertlərin fikrincə, Fransa prezidenti Emmanuel Makronun çıxışı əsasən avtoritar tərzdə olub. Böyük Britaniyanın baş naziri Boris Consonun nitqi isə o qədər də təsirli alınmayıb.
Mənbə: DW.com