Böyük Britaniyanın “İpsos MORİ” sorğu şirkəti və London Kral Məktəbinin Siyasət İnstitutu əhalinin koronavirus peyvəndinə münasibətini, bu peyvənd əleyhinə yayılan informasiyaları haradan aldığını öyrənmək üçün sorğu keçirib.
Bu ayın əvvəllərindən Böyük Britaniyada koronavirusa qarşı vaksinasiyaya başlanıb.
İctimai rəy sorğusu göstərib ki, vaksinasiya ölkədə hər üç nəfərdən birinin COVİD-19 peyvəndinin əleyhinə yönəlmiş məlumatlara rast gəldiyi bir dövrdə start götürüb.
Novator.az saytı “Euronews” kanalına istinadla bildirir ki, sorğuda 16-75 yaşlarında olan 2 min 244 nəfər iştirak edib.
Onların 34%-i COVİD-19 peyvəndinə qarşı məlumatları gördüklərini və ya eşitdiklərini söyləyib.
Gənclər bu tip informasiyalarla daha çox qarşılaşıblar. Belə ki, koronavirus peyvəndi əleyhinə məlumatları görən və ya eşidənlərin 46%-i 16-34 yaşlarındadır.
Mütəxəssislər insanların peyvəndə tərəddüdlə yanaşmasından və yanlış məlumatların pandemiya ilə mübarizəyə mənfi təsir edə biləcəyindən narahatdırlar.
Britaniya koronavirus vaksininin (ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə hazırladığı vaksinin) kütləvi istifadəsinə lisenziya vermiş ilk ölkədir və artıq bu ölkədə vaksinasiya gedir.
Peyvənd pandemiyadan əvvəlki həyata qayıtmaq üçün əhalinin immunitetini bərpa edə biləcək yeganə vasitə hesab olunur. Normal həyata qayıtmaqdan ötrü isə insanların əksərinin peyvənd olunması zəruridir.
Sorğu iştirakçıları peyvənd əleyhinə ən çox məlumat yayan mənbə kimi “Facebook” şəbəkəsini göstəriblər. Hər 5 respondentdən biri peyvənd əleyhinə informasiyaları məhz bu sosial şəbəkədən alıb.
Sorğuya qatılan hər 20 nəfərdən biri bu tip məlumatlara “Twitter”, “İnstagram” və “Youtube”də rast gəldiyini deyib.
Sorğu göstərib ki, pandemiya haqda informasiyaları daha çox “WhatsApp” və “YouTube” platformalarından alan şəxslərin 40%-i peyvəndləmə proqramında əsl məqsədin cəmiyyəti izləmək, insanlara nəzarət etmək olduğuna inanır.
“İpsos MORİ”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kelli Biver bildirib ki, vaksinasiyanın həyata keçirildiyi dövrdə sosial mediada peyvənd əleyhinə materialların yayılması və onların insanlara, xüsusilə də gənclərə təsir göstərməsi narahatlıq doğurur.
Keçirilən sorğu insanların sağlamlığı ilə bağlı qeyri-müəyyən nəzəriyyələrin olduğunu da göstərib.
Hər 7 respondentdən biri hesab edir ki, peyvəndləmənin hədəfi cəmiyyəti idarə etmək və insanları izləməkdir.
16-34 yaş arasında olan respondentlərin 19%-i düşünür ki, peyvənd proqramını amerikalı milyarder, “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts insanlara mikroçip yerləşdirmək üçün işə salıb.
London Kral Məktəbinin Siyasət İnstitutunun direktoru, professor Bobbi Daffi vurğulayıb ki, əhalinin bir qismində bəzi zərərli fikirlərin formalaşdığı aydın görünür: “Bunlar Britaniya hökumətinin koronavirus peyvəndinin təhlükəsizliyini təmin edib-etməyəcəyinə dair narahatlıqlarla və əsasən də konspiroloji nəzəriyyələrlə bağlıdır”.
İnsanların çoxu yeni COVİD-19 peyvəndləri sarıdan narahatlıq keçirdiyinə görə mütəxəssislər peyvəndləmə kampaniyası dövründə maarifçilik işi aparılmasını, adamlarla qarşlıqlı əlaqə saxlanmasını vacib hesab edirlər.
Ekspertlər deyirlər ki, insan daima sosial qrupların təsiri altındadır, ona görə bir nəfərin peyvəndləməyə münasibəti başqalarının da seçiminə təsir edir.
Mənbə: Euronews.com