Son günlər Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni növünün yayılması narahatlıqları daha da artırıb.
Novator.az saytı bunu nəzərə alaraq ABŞ-ın “Reuters” agentliyinin təqdim etdiyi arayışdan əsas məqamları oxucuların diqqətinə çatdırır.
“Reuters” yazır ki, bu, koronavirusun mutasiyaya uğramış yeganə forması deyil, amma Britaniyada meydana çıxan yeni infeksiya əvvəlkindən 70 faiz sürətlə yayıldığına görə həkimlərin əksəri onun daha təhlükəli olduğu qənaətindədir.
Virus İngiltərənin cənub bölgəsində, əsasən də paytaxt Londona yaxın olan Kent qraflığında sürətlə yayılmağa başlayıb və bu bölgədə infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı çoxalıb.
Avstraliya, İtaliya və Niderland hökumətləri də öz ölkələrində yeni epidemiya aşkar etdiklərini açıqlayıb.
İslandiya və Danimarkadan da Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinə, Avropa Xəstəliklərin Monitorinqi Agentliyinə oxşar məlumatlar daxil olub.
London İmperial Kollecində çalışan tibb professoru Piter Openşou virusun yeni növünə ciddi yanaşmağı məsləhət görüb.
Kembric Universitetinin professoru Şon Fitscerald isə vəziyyətin çox kritik olduğunu bəyan edib.
Narahatlığa əsas səbəb infeksiyanın yeni növünün daha sürətlə yayılmasıdır.
Virusun yeni növünün genetik kodunda 23 mutasiya, yəni əvvəlkinə nisbətən daha çox dəyişiklik mövcuddur və onlardan bəziləri infeksiyanın yayılma sürətinə təsir edib. Nəticədə virusun ötürülməsinin sürəti artıb. Bu isə pandemiyaya nəzarəti çətinləşdirib və onun daha çox ölkədə sürətlə yayılması riskini doğurub.
London Gigiyena və Tropik Tibb Məktəbinin yeni infeksion xəstəliklər üzrə professoru Martin Hibberd bildirib ki, koronavirusun yeni növü onun orijinalı qədər ölümcüldür, yəni daha artıq ölümcül deyil. Amma yeni növün ötürülmə qabiliyyəti güclüdür, daha çox adamı yoluxdura bilər, deməli, virusdan ölüm sayı da arta bilər.
Koronavirus əleyhinə peyvəndlər insanları virusun yeni növündən də müdafiə edə biləcəkmi? Suala cavab verən alimlər deyiblər ki, COVİD-19 peyvəndlərinin infeksiyanın yeni növü qarşısında aciz olacağını iddia etmək üçün hələ ki, heç bir sübut yoxdur.
Britaniya hökumətinin baş elmi müşaviri Patrik Vallans COVİD-19 peyvəndinin koronavirusun yeni formasına qarşı immunitet yaratmaq gücündə olduğunu deyib.
Virusoloq, Laster Universitetinin professoru Culian Tanq korornavirusun yeni növündə vaksinin təsirini azalda biləcək dəyişikliyin müşahidə olunmadığını söyləyib.
Amma mütəxəssislər virusun yeni növünün test nəticələrinə müəyyən dərəcədə təsir edə biləcəyini düşünürlər. Çünki yeni növdə mutasiya elə gedib ki, bəzi testlərdə hədəf kimi seçilən genlərin birində dəyişiklik yaranıb. Bu isə o deməkdir ki, test zamanı həmin sahədən, həmin “kanal”dan yanlış məlumat əldə oluna bilər.
Virusoloqlar onu da qeyd ediblər ki, test bir deyil, bir neçə geni hədəf götürdüyünə görə mutasiyaya uğramış gen müayinənin nəticəsinə qismən təsir göstərə bilər. Bu səbəbdən mutasiyanın test nəticələrini tam yanlış istiqamətə yönəldəcəyi ehtimalı azdır.
Mənbə: Reuters.com