Artıq ABŞ-da koronavirus əleyhinə iki peyvəndin kütləvi istifadəsinə rəsmən lisenziya verilib.
Bunlardan biri ABŞ-ın “Moderna” şirkətinin peyvəndidir. Digəri peyvəndi isə ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkəti birlikdə hazırlayıb.
ABŞ-da bir neçə gündür start götürən vaksinasiya prosesi sürətlə davam edir. İlin sonunadək bu ölkədə milyonlarla insanın peyvəndlənməsi planlaşdırılır.
Novator.az saytının məlumatına görə, belə bir ərəfədə ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzetində vaksin vurduracaq (istər “Moderna”, istərsə də “Pfizer”-“BioNTech” vaksini olsun) şəxslərin iki vəziyyətlə qarşılaşacağı barədə xəbərdarlıq dərc olunub.
Xəbərdarlıq yazısının müəllifi “Vaşinqton Post”un əhalinin sağlamlığı və səhiyyə siyasəti üzrə aparıcı şərhçisi Leana Vendir.
O bildirib ki, vaksinasiya zamanı ortya çıxacaq hər iki vəziyyətə hazır olmaq gərəkdir.
Bunlardan birincisi vaksin vurduran bir çox insanda meydana çıxacaq əks təsirlərdir (başqa sözlə: yan təsirlər).
Müəllif bildirir ki, istər “Moderna”, istərsə də “Pfizer”-“BioNTech” vaksini könüllülər üzərində sınaqdan keçirilərkən, xüsusən sınaqların üçüncü (son) mərhələsində iştirakçıların 10-15 faizində nəzərəçarpan simptomlar meydana çıxıb. Belə ki, peyvənd olunanlar özlərində yorğunluq, baş ağrısı, əzələ ağrıları hiss etdiklərini, iynə vurulan nahiyədə ağrı və şişkinliyin olduğunu deyiblər.
“Vaşinqton Post”dakı yazıda həmin iştirakçılardan iqtibaslar da gətirilir. Bildirilir ki, vaksin sınağında iştirak etmiş Suzan Froylix CNN kanalına belə deyib: “Bədənimin hər yeri ağrıyırdı və bu hal hardasa 4 saat çəkdi”.
Həkim olan digər iştirakçı David Yamanenin dedikləri: “Bədənimə üşütmə gəldi, başım ağrıdı, o qədər yorulmuşdum ki, günorta elə divandaca yuxuya getmişəm, bir də ertəsi gün tər içində oyanmışam. Məncə, bu əlamətlər yüngül simptomlar sayıla bilməz”.
Müəllif Leana Ven yazır ki, əks təsirlərin olması qorxulu deyil: “Bu əslində bədənin immun sisteminin reaksiyasıdır. Belə narahatlıqlar bir neçə saatdan bir neçə günə kimi davam etsə də, həftələrlə sürən və bəzən ölümlə nəticələnən xəstəlikdən daha yaxşıdır. Ona görə vaksinin əks təsirləri ilə koronavirus infeksiyası tərəzinin bir gözünə qoyula bilməz”.
Leana Ven vurğulayır ki, əks təsirlərin normal və gözlənilən olduğunu hamı əvvəlcədən bilməlidir: “Əks təsirlərdən qaçmaq üçün vaksinin dozasını azaltmaq olmaz, bu yalnız pis nəticə verə bilər”.
Yazıda xatırladılır ki, həm “Pfizer”-“BioNTech”, həm də “Moderna” vaksini bir nəfərə iki dəfə, yəni iki dozada vurulur. Bunlardan birincisi başlanğıc, ikincisi gücləndirici mərhələ sayılır: “Başlanğıc dozanı vurdurandan sonra çox xoşagəlməz əks təsirlərlə üzləşənlər ikinci dozanı vurdurmaya bilərlər. Vaksin vurulan insanlara evdə özlərinə necə qulluq etmələri, məsələn, qızdırma və ağrı olarsa nə etməli olduqları barədə də məsləhət verilməlidir. Yoxsa onlar təcili yardıma zəng edib səhiyyə sistemini əlavə işlə yükləyəcəklər”.
Daha sonra yazıda vaksinasiya zamanı ortya çıxacaq ikinci problemə diqqət çəkilir. Bildirilir ki, əslində qorxulu olan vaksinin əks təsirləri deyil, insanları peyvəndlənmədən yayındıra biləcək dezinformasiyalardır: “Hər il qrip vaksinindən imtina edən insanlara rast gəlirik. Guya qrip vaksini onları qripə yoluxdurur. Halbuki belə şey ola bilməz, çünki qrip vaksininin tərkibində (o cümlədən koronavirus vaksinində) canlı virus yoxdur. Qrip vaksini vurduran insanda üzə çıxa biləcək qripə bənzər simptomların müvəqqəti olduğunu, qrip vaksininin insanı uzun müddət qripdən qorumaq qabiliyyətində olduğunu onlara başa salmaq gərəkdir. Bu, çətin, amma vacib işdir.
Eyni maariflənmə koronavirus vaksini ilə bağlı aparılmalıdır. Özü də bu maarifçilik işi sürətlə getməlidir. Dezinformasiya ilə mübarizənin ön cəbhəsində həkimlər, tibb işçiləri və əczaçılar dururlar. Vaxt itirmədən onlara pasiyentləri yeni vaksinlər haqda məlumatlandırmağın, vaksin əleyhinə uydurulmuş mifləri qırmağın yolları barədə təlim keçilməlidir”.
“Vaşinqton Post”un şərhçisi vaksinə inamı sarsıda biləcək yanlışlıqlardan söz açarkən bir məqama da toxunur. Bildirir ki, vaksin vurduran adamların arasında ölüm olanda bu ölümlərin səbəbi səhvən peyvəndlə əlaqələndiriləcək. Müəllif xatırladır ki, vaksinasiya zamanı ilk növbədə peyvənd olunanlar arasında qocalar evinin sakinləri də var: “Onların əksəri bir çox xəstəlikləri olan əldən düşmüş qocalardır və yəqin ki, bir neçə aya dünyadan köçəcəklər. Onların ölümünün vaksinlə heç bir əlaqəsi olmasa da, bu ölümlər ictimailəşəcək, vaksinasiyaya şübhə artacaq.
ABŞ-da ölüm səbəbləri sırasında ürək xəstəlikləri birinci yerdə durur. Əgər bu cür bir neçə xəstə vaksin vurdurandan sonra infarktdan və ya ürək tutmasından vəfat etsə, bunun vaksin üzündən olmadığını sübut etməyin yolu nədir?
Bunun bir neçə yolu var. Əlaqədar qurumlar vaksin vurulmazdan qabaq qocalar evinin ölüm ayağında olan sakinlərinin sayı ilə bağlı rəqəmləri təqdim etməlidir. Məsələn, müəyyən müddət içərisində 50 nəfərin ürək xəstəliyindən vəfat etdiyini təxmin etsək, onlar haqqında statistik məlumatlara yiyələnmiş olarıq. Bundan başqa, hər bir xoşagəlməz hadisə dərhal araşdırılmalı və tam şəffaf, əsaslı şəkildə ictimaiyyətə çatdırılmalıdır. Yoxsa dezinformasiya baş alıb gedəcək”.
Mənbə: Washingtonpost.com