İsrailin “Yerusəlim Post” qəzetində pişiklərin koronavirus infeksiyasına müqaviməti haqda elmi tədqiqatın nəticələrinə əsaslanan məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin redaktoru Aaron Rayxdır. Novator.az saytı məqaləni ingilis dilindən tərcümə edərək oxucuların diqqətinə çatdırır.
Latviya Təbiət Elmləri və Texnologiyalar Universitetinin (LLU) alimləri pişiklərdə koronavirus xəstəliyinin yayılması prosesini araşdırıblar. Müayinə olunan pişiklərin bəzilərində bir neçə antitel aşkarlansa da, onların heç birində COVİD-19 testinin nəticəsi pozitiv çıxmayıb. Bu barədə Latviya televiziyası məlumat yayıb.
Pişiklər ən sevimli ev heyvanlarından biridir. Onlar insanlarla çox təmasda olduğuna görə alimlər belə tədqiqatın aparılmasını vacib sayırlar. Latviya üçün isə bu məsələ xüsusilə aktualdır, çünki bu ölkə hər ailədə adambaşına düşən ev pişiyinin sayına görə Avropada ikinci yeri tutur.
Pandemiya baş qaldırandan insanların çoxu virusun onların sevimli dostlarına – pişiklərə keçəcəyindən çox narahatdır.
Ev pişiklərindən tutmuş pişikkimilər fəsiləsinin bütün üzvlərinin, o cümlədən nəhəng pələnglərin COVİD-19-a yoluxmasının mümkünlüyü elmi cəhətdən sübuta yetirilib. Amma bu canlıların insanlarla müqayisədə koronavirusdan daha tez sağaldığı məlum olub.
Tədqiqat Latviyada heç bir pişikdə koronavirus testinin nəticəsinin pozitiv çıxmadığını göstərib. Amma onların bəzilərində antitel üçün götürülən nümunələrin nəticələri müsbət çıxıb ki, bu da pişiklərin müəyyən dərəcədə koronavirus infeksiyasına yoluxduğundan xəbər verir.
Latviya Təbiət Elmləri və Texnologiyalar Universitetinin alimləri tədqiqat zamanı 130 pişikdən analiz nümunəsi götürüblər. Həmin pişiklərin bir qismi heyvan sığınacaqlarında, bir qismi isə koronavirus xəstələrinin evində saxlanan pişiklər olub.
Tədqiqat üzə çıxarıb ki, pişiklərin orqanizmi nəinki bu virusun öhdəsindən gələ bilir, hətta pişiklər virusla mübarizə aparmağın yolunu da tapıb.
Tədqiqatın nəticələri “Live Science”in 2019-cu il hesabatını bir daha təsdiqləyib. Həmin sənəddə Belçikada COVİD-19 testinin nəticəsi pozitiv çıxmış bir pişiyin doqquz günə tamamilə sağaldığı qeyd olunub.
Latviya Televiziyasının verdiyi məlumata görə, Təbiət Elmləri və Texnologiyalar Universitetinin baytarlıq fakültəsinin professoru Kaspars Kovalenko pişiklərin xəstəliyi çox qısa müddətdə keçirdiyini bildirib: “Çünki koronavirus xəstəsi ilə sıx təmasda olmuş və yuxarı tənəffüs yolunun iltihabı kimi kliniki simptomların aşkarlandığı pişiklərdən götürülmüş respirator nümunələrdə də Sars Cov-2 RNA aşkarlanmayıb. Onların yalnız bəzilərində antitellər aşkarlanıb”.
Kaspars Kovalenko deyib ki, bəzən pişiklərdə simptomlar özünü büruzə versə də, bu vəziyyət iki-üç gün davam edir və onlar tamamilə sağalır.
Pişiklərin virusa qısa zamanda belə müqavimət göstərə bilməsi mütəxəssisləri çox maraqlandırır. Alimlər bunun təbii immunitet və ya digər genetik faktorlarla əlaqəli ola biləcəyini düşünürlər. Onlar bu məsələdə dəqiq cavab tapmaq üçün virusdan sağalan pişiklər üzərində araşdırma aparırlar.
ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin verdiyi məlumata görə, donuzlar, iribuynuzlu heyvanlar, fretkalar, dağsiçanları, tupailər və norkalar da daxil olmaqla, bir sıra heyvan növləri koronavirusa yoluxa bilər. Ancaq Latviya Təbiət Elmləri və Texnologiyalar Universitetinin alimləri tədqiq olunası ən vacib heyvanın pişiklər olduğunu qeyd edirlər.
Universitetdə çalışan doktor Qundeqa Murniesenin sözlərinə görə, pişiklər ən çox insanlarla təmasda olur, buna görə onların araşdırılması vacibdir: “Onlar ailə üzvü kimidir. Ən əsası isə pişiklər evlə ətraf mühit arasında əlaqə rolunu oynayır. Başqa sözlə desək, pişiklər bizim araşdırmaq istədiyimiz əsas heyvanlardır”. Qundeqa Murniesen bu fikirləri Latviya televiziyasında səsləndirib.
Pişiklərin koronavirusa yoluxma ehtimalı olsa da, onların bu infeksiyanı insanlara keçirə biləcəyi barədə heç bir dəlil-sübut yoxdur. Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzində isə hesab edirlər ki, pişiklər koronavirus infeksiyasını bir-birilərinə keçirə bilər.
Bu tədqiqat nəticələrinin küçələri vəhşi pişiklərlə dolub-daşan İsrail üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyi məlum deyil. Bəzi hesablamalar İsraildə 2 milyondan çox pişik olduğunu göstərir. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin statistikasına əsasən, İsraildə haredi yəhudilərinin sayı cəmi 1 milyon olub.
İsraildə neçə pişiyin koronavirusa yoluxduğu və bu xəstəlikdən sağaldığı bəlli deyil.
Aaron Rayx
Mənbə: Jpost.com