Böyük Britaniyanın həftəlik “The Economist” jurnalında neft istehsalı ilə bağlı bədbin proqnozları əks etdirən məqalə dərc olunub. Məqalənin müəllifi jurnalın Yaxın Şərq üzrə müxbiri Qreq Karlstromdur. Novator.az saytı məqaləni ingilis dilindən tərcümə edərək oxucuların diqqətinə çatdırır.
Ərəb dünyasının neft istehsalçıları uzun illər boyu çətinliklər yaşayıblar. Qiymətlər aşağı düşəndə onlar iqtisadiyyatı neftdən “arıtlamağa” başlayırlar. Ancaq aşağı qiymətlər onlara bahalı islahatlar keçirməyə imkan vermir. Məhsul istehsalı azalır, tələbat isə artır, nəticədə bahalaşma qaçılmaz olur. Sonra xəzinələr yenidən dolub-daşır və islahat keçirmək üçün bir maneə yaranmır.
Bəzi rəsmi şəxsləri mühüm islahatların zəruri olduğu bu dövrün bitib-bitməyəcəyi daha çox narahat edir.
COVİD-19 pandemiyası tələbatın azalmasına səbəb olduğundan 2020-ci ildə “Brent” markalı neftin 1 barreli 21 dollara qədər düşüb.
2021-ci ildə qiymətlər bir qədər yüksələcək və çox güman ki, “Brent” markalı neftin 1 barreli 50 dollardan bir az baha olacaq, amma bundan o yana keçməyəcək.
Neftin ucuzlaşması səbəbindən Yaxın Şərqdə yerləşən əksər neft dövlətləri hələ də öz büdcələrini tarazlaya bilmirlər.
Regionun ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı qeyri-neft sektorundan gəlir axtarmağa davam edəcək. Ötən il Səudiyyə Ərəbistanı əlavə dəyər vergisini üç dəfə artıraraq 15 faizə çatdırıb. Bu cür artımın müvəqqəti olduğuna ümid edən səudiyyəlilər gözləntiləri boşa çıxdıqda məyus olacaqlar. Çatışmazlıqlar meydana çıxacaq. Dövlət sektorunda çalışan podratçılar ödəniş gecikmələri ilə mübarizə aparacaqlar.
Bununla belə, Səudiyyə Ərəbistanı Krallığı özünün ən böyük layihələri ilə irəliləyəcək. Bura şimal-qərb səhrasında yerləşən, 500 milyard dollar dəyəri olan Neom yüksək texnologiya şəhəri və Qırmızı Dəniz kurortu layihələri daxildir. Bu layihələr miqrantları da əmək bazarından çıxaracaq və yerli vətəndaşlar üçün az maaşla da olsa yeni iş yerləri yaradacaq.
Ancaq Dubayın gecə mənzərəsi vahiməli olacaq: çoxmənzilli göydələnlər, dəbdəbəli villalar kimsəsiz qalacaq və qaranlığa qərq olacaq.
Birləşmiş Ərəb Əmirlikləri təqribən 1 milyon miqrant itirəcək. Bu isə ölkə əhalisinin onda biri deməkdir. İşlərini itirən miqrantların bir qismi ölkələrinə dönəcək, digər qismi isə ailələrini vətənlərinə göndərib özləri Birləşmiş Ərəb Əmirliklərində daha ucuz ev tutub qalacaqlar.
2020-ci ildə 10 faiz ucuzlaşan daşınmaz əmlak yeni tikintilər sayəsində bir az da ucuzlaşacaq.
Dubay 2021-ci ilin oktyabrında nəzərdə tutulan “World Expo” (“Dünya sərgisi”) sərgisi üçün gec də olsa dəstək alacaq.
Küveyt ümumi daxili məhsulun 15 faizinə yaxınlaşan zərəri aradan qaldırmaq məqsədilə istiqraz bazarından yararlanacaq və bununla da gələcək nəsilləri nəhəng dövlət sektoruna borclu qoyacaq.
Onsuz da pis durumda olan Bəhreyn və Oman borc almaqda çətinlik çəkəcəklər.
Körfəzin xaricində bu mənzərə daha dəhşətlidir. İraq şişirdilmiş maaşları ödəmək üçün xərclərini azaldacaq.
2014-cü ildə xarici ehtiyatları 200 milyard dollar olan Əlcəzairin bu ehtiyatları xeyli azalıb 40 milyard dollardan aşağı düşəcək.
Vəziyyət yüngülləşməyəcək. Neftə olan tələbat aşağı səviyyədə qalacaq. 2020-ci ildə istehsal həcmi ilə bağlı limitə ciddi riayət edən “OPEC plus” üzvləri bazarda daha çox paya sahib olmaq üçün daha artıq həcmdə məhsul təklif edəcəklər.
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin yürüdəcəyi yeni İran siyasəti nəticəsində bazara çıxarılan neftin həcmi çoxalacaq.
Nəhayət, krallar və nazirlər iqtisadiyyatlarını yenidən qurmalı olduqlarını anlayacaqlar. Hətta düşünəcəklər: gecikməyiblər ki?..
Qreq Karlstrom
Mənbə: Economist.com