Rüfət Səfərov
Hüquq müdafiəçisi
İlin sonuna əfv sərəncamı gözləməyək. Prezident yanında Əfv Məsələləri Komissiyasından mediaya bildiriblər ki, qurumun pandemiya şəraitində toplaşması mümkün olmur, iclasların video formatında keçirilməsi isə məlumatların kənara sızma ehtimalı baxımından yolverilməzdir.
Bəli, təəssüf ki, vətəndaşlar, məhbuslar və onların ailələri, hüquq ictimaiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il ərəfəsində əfv sərəncamından məhrum olur.
Amma Əfv Komissiyasının mövqeyi ağlabatan və sağlam deyil, hüquqa, məntiqə dayanmır.
Prezident hələ 26 sentyabr 2012-ci ildə informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Həmin sənədlə ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb. Həmin agentlik 2020-ci il martın 16-da müstəqil quruma – Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə çevrilib.
Əfv Komissiyası prezidentin yanında fəaliyyət göstərir. Bu baxımdan məsafəli iclaslar zamanı məlumatların kənara sıza biləcəyi barədə fikir absurd görünür. Həm də axı komissiyada məhbusların işlərinə baxılıb onların azadlığa qovuşması kimi sadə məsələlər müzakirə olunur. Xüsusilə heç bir ictimai təhlükəli əməl yiyəsi olmayan siyasi məhbusların taleyi həll edilir…
Yaxşı, prezident yanında fəaliyyət göstərən komissiya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə inam bəsləmirsə, icra, qanunverici və məhkəmə hakimiyyətinin rəhbərləri pandemiya karantini kimi spesifik şəraitdə necə fəaliyyət göstərirlər, xüsusi dövlət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri nə cür qorunur?
Hakimiyyətin üç qolundan biri olan məhkəmələr video formatında iclaslar keçirib hökm və qərarlar verirsə, onun digər qolunun rəhbərinin yanında fəaliyyət göstərən komissiyanın onlayn toplanması nədən qanunazidd olmalıdır ki?
Təbii, bu işdə obyektiv əsaslar yox, hansısa subyektiv amillər var, görünür, növbəti əfv sərəncamının başqa vaxta saxlanması məsləhət olub.
Pandemiyanı əsas gətirib genişmiqyaslı əfvə getməkdən çəkinirlərsə, bu halda tibb mütəxəssislərinin rəylərinə əsaslanıb deməliyik ki, gələn il koronavirusun yayılması daha da genişlənəcək, yoluxma kəskin artacaq.
Dünya və region məlum bəlanın fonunda istintaq təcridxanalarının, həbsxanaların yükünü azaltmaqda maraqlıdır, bizdə pandemiyanı bəhanə edib əfvi yubadırlar. Belə anormal cəza siyasəti olarmı?!.
Əfv Məsələləri Komissiyasına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edir. Katib vəzifəsi Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılovaya həvalə olunub. Üzvlər bu şəxslərdir: Fuad Ələsgərov – prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Gündüz Kərimov – Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi, Fikrət Məmmədov – ədliyyə naziri, Vilayət Eyvazov – daxili işlər naziri, Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Allahşükür Paşazadə – şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Əhliman Əmiraslanov – Milli Məclisin deputatı, səhiyyə komitəsinin sədri, Zahid Oruc – Milli Məclisin deputatı, insan hüquqları komitəsinin sədri, Fazil Mustafa – Milli Məclisin deputatı, mədəniyyət komitəsi sədrinin müavini, Azay Quliyev – Milli Məclisin deputatı, Sədaqət Vəliyeva – Milli Məclisin deputatı, Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Rəşad Məcid – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri, Mehriban Vəliyeva – Akademik Zərifə Əliyeva adına Liseyin direktoru.