Fuad Qəhrəmanlı
Qarabağda atəşkəsin lokal pozulması və Rusiya hərbçilərinin dislokasiya yerlərini dəyişməsi gündəmin əsas mövzusudur. Deməli, üçtərəfli bəyanat hərbi konflikti tam arxada qoya bilməyib. Əksinə, indi Azərbaycanın hərbi uğurunun nəticələrini zəiflətmək üçün Rusiyanın iştirakı və planlaması ilə lokal toqquşmalar təşkil olunur.
Bu, gözlənən idi. Bakıda Rusiya bayraqları ilə yürüş keçirəndə, Putini sülh göyərçini kimi təqdim edəndə bilinməli idi ki, bu yolla Rusiyanı məmnun etməkdən çox imperiya iddialarını təşviq etmiş olurlar.
Bəs Rusiyanın üçtərəfli bəyanatın mürəkkəbi qurumamış təmas xəttində yeni gərginliklər yaratmaqda məqsədi nədir?
Erməni diversiya qruplarının Azərbaycan Ordusuna qarşı əməliyyatlarına şərait yaradılması ölkəmizə qarşı təzyiqdir. Yəni Azərbaycan müharibənin bitdiyini deyib arxayınlaşmasın, istənilən vaxt bu cür hallar baş verə və bütün təmas xətti boyunca genişlənə bilər, Azərbaycan Ordusu adekvat tədbirlər görmək istəyəndə isə qarşısında Rusiya olacaq.
Xocavənd ərazisindəki son təxribat Azərbaycanı Türkiyə hərbçilərini Qarabağa gətirmək niyyətindən daşındırmaq məqsədi güdür. Azərbaycan bu niyyətindən əl çəkməsə, o zaman təmas xəttində sabitliyə və azad olunmuş əraziləri məskunlaşdırmağa ümid etməsin.
Rusiya hərbçiləri yerləşmə xəttini dəyişərək Şuşaya çəkiləcək yeni yolu hərbi nəzarət altına almağa çalışır. Bununla da ruslar Şuşa yolunu riskli, təhlükəli vəziyyətə salaraq bu şəhərin məskunlaşmasının qarşısını almaq istəyir. Azərbaycanın etirazından sonra ruslar geri çəkilməyə məcbur olsalar da, niyyətləri dəyişməyib. Gələcəkdə də “sülhməramlıların” himayəsi altında vaxtaşırı təxribatlar dinc əhalinin Şuşaya təhlükəsiz gediş-gəlişini sual altına qoya bilər.
Bakıda Rusiyanın sülhməramlı obrazını yaratmağa çalışırlar, ancaq aydın görünür ki, Putin heç də sülh göyərçini kimi görünmək istəmir. Əslində son təxribatla Rusiya Azərbaycan xalqına o mesajı vermək istəyir ki, kimsə sülhməramlılara arxayın olub işğaldan azad olunan ərazilərdə yaşamaq fikrinə düşməsin.
Rusiya bir tərəfdən Ermənistanda ehtimal olunan hakimiyyət dəyişikliyi prosesinə hazırlaşır, digər tərəfdən isə bu dəyişikliklər olmasa belə, məğlub olmuş erməni cəmiyyətinin etimadını qazanmaq istəyir. Ona görə də üçtərəfli bəyanatın şərtlərini pozaraq sahədə Ermənistanı qane edən şərtlər yaratmağa çalışır. Həm Ermənistandakı aqressiv qüvvələrə mesaj verilir ki, heç də hər şey bitməyib, revanş üçün hərbi əməliyyatlara imkanlar var, həm də Azərbaycanın hərbi uğurlarının nəticələrinə zərbə vurmaqla hazırkı və gələcək erməni hakimiyyətlərini öz təsiri altında saxlamaq niyyəti güdür.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Razılaşmaya görə, atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi qurulur. Mərkəz Ağdam rayonunda yerləşəcək.
Dekabrın 11-də Xocavənd rayonunun iki kəndində erməni silahlı birləşmələri baş qaldırıb, atəşkəs pozulub. Bundan sonra sülhməramlı qüvvələrin ərazini nəzarətə götürdüyü bəyan olunub, Rusiya Müdafiə Nazirliyi buna uyğun xəritə yayıb. Hadrut qəsəbəsindən Şuşa şəhəri istiqamətinə doğru ərazinin nəzarətə götürülməsi barədə məlumat Azərbaycanda narazılıq doğurub. Etirazlardan sonra Rusiyanın Müdafiə Nazirliyi sülhməramlı kontingentin yerləşməsi ilə bağlı xəritəni yenidən əvvəlki vəziyyətinə qaytarıb.
Gərginlik baş verən ərazi Füzulidən Şuşaya çəkilməkdə olan 101,5 kilometr avtomobil yolunun yaxınlığındadır.