Şahbaz Xuduoğlu,
“Qanun” nəşriyyatının direktoru
COVİD-ə yoluxdum.
İşdə hiss etdim ki, qızdırmam var, termometr gətirdilər, 37,3 göstərdi. Qızdırmanı salan dərmanlar içdim. Sonra bir neçə stəkan mürəbbəli çay. İki cür mürəbbə vardı: gilas və böyürtkən. Böyürtkən daha xoş gəlirdi.
Növbəti gün işə gəlmədim. Kürəyimdə və bədənimdə ağrılar başlandı. Halsızlaşdım. Heç nəyə həvəsim qalmadı.
Dadbilmə və iybilməmi yoxladım. Məncə, bir dəyişiklik baş verməmişdi. Hər səhər saat 6-da bir saat parkda qaçan adam indi sadəcə uzanıb tənbəlliyinə tamaşa edirdi.
Səhərlər kök, alma, bal, boranı çəkib şirəsini içməyə başladım. Mürəbbəli çay əlimdən düşmürdü.
İştaham yerində idi. Amma bir səhər şirə içəndə gödüm ki, dadbilməm itib. Bu bir az həyəcanlı məsələdi. Ən kəskin dadlar belə yox olmuşdu. Bircə sarımsağın dadı qalmışdı.
Üç gündən sonra qızdırmam düşdü. Amma bəzən yenidən hərarətin qalxdığını hiss edirdim. Qızdırma da aldadıcı olur: gedir, gəlir.
Evdə qaldığım günün axşamı təcili yardım gəldi. Üç tibb işçisi gəlmişdi, boğazımdan yaxma götürdülər.
Elə həmin axşam müalicəyə başladıq, əlamətlərdən COVİD-ə bənzəyirdi: istilik var, halsızlıq var, üstəlik də bədən ağrıları.
Təcili yardım briqadasında gələnlərdən biri çox təcrübəli və qayğıkeş insan idi, dərmanların siyahısını verdi, “Ziyanı yoxdur, nəticəni gözləmədən qəbul edin” dedi.
Aptekə gedib aldım. 380 manat etdi, amma dərmanların hamısı deyildi.
Aptekə axşam, hava qaralandan, adamlar küçələrdən yığışandan sonra getmişdim. Əczaçı reseptdəki siyahını görən kimi məsələdən hali olsa da, bir söz demədi, bir an üzümə diqqətlə baxdı, sonra başı öz işinə qarışdı.
O axşamdan həbləri qəbul etməyə başladım.
Hər gün iynə və sistemlər vurulmalı idi. Bundan ötrü evə gələn tibb bacısı tapmaq müşkül məsələyə çevrilmişdi. Amma bir dostun sayəsində o da həll olundu.
Növbəti gün axşam telefona SMS gəldi, nəticə pozitiv idi. Sonra icra hakimiyyətindən zəng edib vəziyyətlə maraqlandılar. Bu zəng hər gün təkrarlanırdı. Çox nəzakətli, qayğıkeş avazı olan o səsi bu gün də eşitsəm dərhal tanıyaram.
Başqa dövlət strukturlarından da zənglər gəldi. Bir neçə gündən sonra o zənglərə cavab vermədim. Başa düşdüm ki, bu mələk səsli zənglər çox formaldır. Reallıqda yardım etmək üçün deyil. Əksinə, adamın əsəbini pozur. O zənglər yardım etməkdən daha çox “Hələ ölməmisən ki?..” demək üçündür; nə həkim təyin edirlər, nə də dərman verirlər.
***
Bir gecə yuxum qaçdı. Beynimi məşğul edən bir fikir yox idi, sadəcə özümü burulğana düşmüş kimi hiss edirdim. Həyatım, xatirələrim tam dumana bürünmüşdü. Havasız bir durumda, boş fəzada sükunət içində üzən yarpaq kimiydim.
Havam çatmadı.
Elə bil özümdən asılı olmadan naməlum bir güc məni eyvana çıxardı.
Gecənin mübhəm çağında sakit və sərin havanı var gücümlə içimə çəkdim. Dərin öskürək tutdu məni. Xəstələndiyim vaxtdan ilk dəfə idi belə bərk öskürürdüm.
Ciyərlərimin dibində yuva salmış hansısa düyünün açıldığını duydum. Bir neçə nəfəs genəldən təmrinlər etdim. Artıq nəfəsim açılmışdı. Hətta nəfəsimi buraxmasam da içəridə qıcıq yaranmırdı. Gözlərimdən yaş gəldi. Görünür, öskürəyin təsirindən idi.
O gecə rahat yatdım.
Gecə yaşadıqlarımı həkimə danışdım. Kompüter tomoqrafiyasından keçməyi təkid etdi.
Klinikaya getdim. 140 manat xərcim çıxdı. Bir gün sonra tomoqrafiyanın cavabı gəldi. Həkimə göndərdim, dedi ağ ciyərində 15% buzlaşma var.
Qan analizləri də vermək lazım gəldi. Bundan ötrü klinikaya 189 manat ödədim.
Qan müayinəsinin nəticələri COVİD-in keçib getdiyini, daha doğrusu, yoluxucu formasını dəyişdiyini göstərdi. Artıq mən kimisə yoluxdura bilməzdim.
Kompüter tomoqrafiyasından və qan analizlərindən sonra həkim radikal tədbirlər görməyə başladı. Bir həftə sistem təyin etdi.
Sümüklərimin ağrısı tədricən azaldı, quru öskürəyə bəlğəm əlavə olundu. Qızdırmam qaydaya düşdü. Amma dadbilməm hələ də qayıtmamışdı.
Sistemlər, iynələr bitənə qədər evdən çıxmadım. Dərmanları və ərzağı dostlar və qohumlar alırdılar. Gətirib qapıda qoyub gedirdilər.
Belə başa düşdüm ki, COVİD müalicəsi çox bahalıdır. Üst-üstə toplayanda 1500 manatdan çox xərcim çıxdı. Tanışlar və qohumlar olmasaydı, vəziyyət çox gərgin ola bilərdi.
İndi aptekə girəndə demək olar ki, əksəriyyətin mənə yazılan dəmanları soruşduğunu eşidirəm. Onlar da satışda yoxdur. Həmin dərmanlardan birini alıb tanışa göndərdim, iynənin biri 70 manata idi, özüm üçün alanda isə 17 manat idi. Qanda qatılaşmanın qarşısını alır. Əsas dərmanlardan biri (“Arbidol”) ümumiyyətlə apteklərdə yoxdur. “Arbidol”un əvəzinə dərman təklif edirlər. Onun da qiyməti bir ay əvvəl 250 manat idi, indi 500 manatdır. Türkiyədə o dərman reseptlə verilir, bizdə isə reseptsiz.
Xəstə olduğum müddətdə iki dəfə qanunu pozaraq evi tərk etdim, həkim müayinəsi üçün. Təcilli yardım çağırmaq real deyildi, halımı soruşmağa zəng edən dövlət qulluqçuları da “Görək nə edə bilirik” deyib qeybə çəkilmişdilər.
Bu məsələni qadağa qoymaq, yaxud cəza verməklə nizama salmaq olmaz. Qanun ən köməksiz və kimsəsiz insanların halını göz önünə gətirərək qəbul edilməlidir.
Lazım olan dərmanları onlayn sifariş etdik, bir həftə sonra zəng edib, “Gətirək?” soruşdular.
Yaxşı ki, ilk yardıma gələn briqadada adının gizli qalmasını dönə-dönə xahiş edən təcrübəli bir həkim var idi. Onun məsləhətləri olmasaydı, vəziyyətim yaxşılaşmazdı. O, məsafədən də olsa müalicəni uğurla apara bildi.
Tövsiyələrim:
– Dünyada sizi sevən və sizin sevdiyiniz kimsə varsa (bura əsasən övladlar və yaxınlar aid olur), onda COVİD sizə qələbə çala bilməz.
– Qrip əlaməti varsa, mütləq həkimə müraciət edin.
– Həkimə bütün problemlərinizi deyin, yazılan dərmanları vaxtında qəbul edin.
– COVİD-19 zarafatı sevmir. Bir an özünüzü rinqdə hiss edin. Səhlənkar olsanız, rəqibiniz zəif yerinizdən vurub məhv edəcək.
– Dövlətdən yardım gözləməyin. Xeyri yoxdur. Özünüz dərhal hərəkət edin, dost-tanışların köməyini istəyin, çəkinməyin.
Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb