Dekabrın 11-də Milli Məclis Əmək Məcəlləsinə dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Bir yeniliyə görə, qeyri-iş günləri olan dövlət bayramları siyahısına Şuşa şəhərinin işğaldan azad edildiyi gün – Zəfər Günü (8 noyabr) artırılır.
Başqa bir dəyişikliyə əsasən, sentyabrın 27-si Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günü kimi rəsmiləşir, iş günü sayılır.
Novator.az bildirir ki, Azərbaycanda qeyri-iş günü olan 11 dövlət bayramı var:
Yeni il – 1-2 yanvar
Qadınlar Günü – 8 mart
Novruz bayramı – 20-24 mart
Qələbə Günü – 9 may
Respublika Günü – 28 may
Milli Qurtuluş Günü – 15 iyun
Silahlı Qüvvələr Günü – 26 iyun
Dövlət Bayrağı Günü – 9 noyabr
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – 31 dekabr
Ramazan bayramı – 2 gün
Qurban bayramı – 2 gün.
Həftələr arasındakı istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Hər il günləri dəyişən Ramazan və Qurban bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
3 dövlət bayramı iş günüdür:
Dövlət Müstəqilliyi Günü – 18 oktyabr
Konstitusiya Günü – 12 noyabr
Milli Dirçəliş Günü – 17 noyabr.
Yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Ümumxalq Hüzn Günüdür. Həmin gün iş günü deyil.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın bütün cənub-qərb bölgəsini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bəzi yaşayış məntəqələri azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Müharibədə Azərbaycan 3 min nəfərə yaxın şəhid verib.
Noyabrın 8-də azad olunan Şuşa şəhəri 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.