Sosial şəbəkələrdə vaksin dezinformasiyaları – “CNN Business”
- 09 Dekabr 2020
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərhYazarlar
Novator.az saytı ABŞ-ın CNN kanalının nəzdində fəaliyyət göstərən “CNN Business” xəbər platformasında yerləşdirilmiş “Sosial şəbəkələr COVİD-19 vaksini barədə dezinformasiya axınına hazır olmalıdır” başlıqlı təhlil yazısını ingiliscədən çevirərək təqdim edir. Yazının müəllifi informasiya texnologiyaları, sosial şəbəkə platformaları üzrə ixtisaslaşmış jurnalist Kaya Yurifdir.
Təqribən iki il əvvəl ictimai səhiyyə mütəxəssisləri sosial şəbəkələri vaksinlərin risk yaratması barədə saxta iddialar yaymaqda və bununla qızılca epidemiyasına “töhfə” verməkdə günahlandırmışdılar.
“Facebook” şəbəkəsinin rəhbərliyi vaksinlər haqda saxta xəbərlərə qarşı daha sərt tədbirlər görməyi, habelə yalan məlumatların önə çəkilməsinin və müvafiq qrupların istifadəçilərə tövsiyələr verməsnin qarşısını almağı öhdəsinə götürüb.
Amma “Facebook” şirkətinə məxsus “İnstagram” platformasında “vaksinlər” sözünü axtarışa verdikdə peyvənd əleyhinə məlumatların və onların həştəqlər vasitəsilə yayılmasının davam etdiyini görmək mümkündür.
Vaksin əleyhinə məlumatların yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə baxmayaraq “Facebook” hələ də öz platformalarında bu tendensiyanı tam dayandıra bilməyib.
ABŞ-da tezliklə COVİD-19 peyvəndi istifadəyə veriləcək. Deməli, informasiya texnologiyaları şirkətləri üçün dekabr ayı çox böyük sınaq dövrü olacaq. Vaksinlər barədə yalan xəbərlərə qarşı indiyədək aparılan mübarizənin nəticələrinə nəzər yetirdikdə informasiya texnologiyaları şirkətlərinin bu sınaqdan uğurla keçəcəyinə çox da inanmaq olmur.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokkanın bugünlərdə dediyi kimi, koronavirus pandemiyasına qalib gəlmək üçün onunla qoşa addımlayan inamsızlıq pandemiyasını da məğlub etməliyik.
Bir sıra sosial şəbəkələrdə artıq COVİD-19 vaksinləri barədə dezinformasiyalara qarşı konkret siyasət müəyyənləşdirilib. Bəzi platformalar isə hələ də ya sərfəli çıxış yolu tapmağa çalışır, ya da koronavirus vaksinləri haqda məlumatlara münasibətdə indiyədək müəyyənləşdirdiyi siyasəti qənaətbəxş sayır.
Onu da qeyd edək ki, sosial şəbəkələrdə siyasət formalaşdırmaq elə də asan məsələ deyil. Platformaların müntəzəm şəkildə siyasətini dəyişməsi onlara uğursuzluq da gətirə bilər.
“Facebook”, “Twitter” və digər platformaların fəaliyyəti çətinləşib: koronavirus infeksiyası və vaksinlərin hazırlanması mərhələsi artıq onlar üçün mübarizə dövrünə çevrilib. Platformalar yalan məlumatların yayılmasının qarşısını almaq üçün ya siyasi plan hazırlamaq, ya da tədbirlər görmək məcburiyyətində qalıblar. Bəzi mənbələr maskaların effektivliyinə və ya peyvənd olunan insanlara mikroçiplərin yerləşdiriləcəyinə dair əsassız iddialar irəli sürüb.
Bu yaxınlarda “Facebook” vaksinlər əleyhinə məlumatların qarşısını alamq üçün xüsusi qrup yaradıb. Bununla belə, vaksinlərə etiraz etmək məqsədilə yaradılmış qrupların əksəriyyəti hələ də fəaliyyətdədir.
“CNN Business”in apardığı qısa araşdırma zamanı “Facebook“da vaksinlərə etiraz edən, yüzlərlə, minlərlə üzvü olan 12-yə yaxın qrup müəyyən edilib. Bu qruplardan ən azı birinin fəaliyyəti məxsusi olaraq COVİD-19 peyvəndinə qarşı yönəlib.
Vaksinlər haqda dezinformasiyaları və sosial şəbəkələrin bu işdə rolunu araşdırmış Cənubi Karolina Universitetinin kommunikasiya üzrə dosenti Bruk Makkiver deyir ki, peyvənd əleyhinə məlumatlar getdikcə daha da artacaq. Bruk Makkiver bunun ciddi problem olduğunu bildirir: “Koronavirus vaksinlərinin hazırlanması dövrünün uzun sürməməsi, yəni vaksinlərin qısa müddətə hazır olması bəzi insanları narahat edir. Əvvəllər koronavirus vaksini ilə bağlı təcrübənin olmaması faktı adamlarda qorxu və qeyri-müəyyənlik yaradır. Bu səbəbdən də onlar saxta məlumatlara inanmağa meyillənirlər”.
Bruk Makkiver bu meylin insanları peyvənddən imtina etməyə yönəldəcəyindən və COVİD-19 infeksiyasının daha çox yayılmasına gətirəcəyindən ehtiyat etdiyini bildirir.
İctimai səhiyyə mütəxəssisləri əslində vaksinlərin tamamilə təhlükəsiz olduğunu və çox nadir hallarda ciddi əks təsirlər doğurduğunu vurğulayırlar.
Bununla belə, vaksin əleyhinə paylaşımlar geniş auditoriyanı əhatə edir. Rəqəmsal Nifrətə qarşı Mübarizə Mərkəzinin (CCDH) iyul hesabatı vaksin əleyhinə şəbəkələrin ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyadan olan 58 milyona yaxın insanı bir araya gətirdiyini aşkara çıxarıb. Həmin hesabatda deyilir ki, sosial şəbəkə platformalarının vaksin əleyhinə dezinformasiya xarakterli yazılara və şəxslərə mane olmamaq qərarı virusu inkar edənlərə əlavə fürsətlər verib.
Sosial şəbəkələrin indiyədək COVİD-19 peyvəndi barədə dezinformasiyalara qarşı mübarizədə tutduqları mövqeyə nəzər yetirək.
“Facebook” və “İnstagram”
“Facebook”un sözçüzü: “Biz COVİD-19 infeksiyası ilə bağlı tədqiqatların və vaksin sınaqlarının müzakirə olunmasına icazə veririk. Dünya səhiyyə orqanları vaksini təsdiq edənə qədər biz təhlükəsiz və effektiv peyvəndin olmasına dair iddiaları platformamızdan siləcəyik. Biz insanları peyvənddən imtina etməyə çağıran reklamları da qəbul etmirik”.
“Facebook”un COVİD-19-la bağlı qaydalarında bildirilir ki, şirkət mümkün zorakılıq və ya fiziki zərər riskini artıran dezinformasiyanı qadağan etmək siyasəti və digər üsullar vasitəsilə real ziyanlar törədə biləcək məlumatları silməyə çalışır.
“Twitter”
“Twitter”in təmsilçisi bildirib ki, şirkət tibbi cəhətdən həyat qabiliyyətli və təsdiqlənmiş peyvənd əldə olunana qədər öz siyasi kursu və fəaliyyət planları üzərində iş aparır.
“Twitter” 2018-ci ildən bəri öz platformasında vaksinlərlə bağlı axtarış edən istifadəçiləri ictimai səhiyyə resursuna yönəldən keçid pəncərəsi yaradıb. ABŞ-da insanlar vaccines.gov saytına keçid edirlər.
“Twitter” uzun müddətdir koronavirus barədə saxta və yanlış məlumatlara qarşı siyasət yürüdür. Şirkət maskaların effektivliyi əleyhinə əsassız iddialar kimi zərərli məlumatların silinməsinə xüsusi diqqət yetirir.
“Youtube”
Oktyabr ayında “Youtube” kanalının rəhbərliyi öz siyasətini yenilədiyini bəyan edib. Kanal platformasına Dünya Səhiyyə Təşkilatının və yerli səhiyyə rəsmilərinin COVİD-19 vaksinləri ilə bağlı ümumi rəyinə qarşı yönələn videoların silinməsi funksiyasını əlavə edib.
Məsələn, “Youtube” rəhbərliyi vaksinin insanları öldürə və ya sonsuz edə biləcəyi, yaxud peyvənd olunan şəxslərə mikroçiplərin yerləşdiriləcəyi haqda iddiaları siləcəyini bildirib.
“Youtube” kanalının nümayəndəsi vəziyyətə bundan sonra da nəzarət ediləcəyini və lazım gələrsə, siyasətlərinin yenilənəcəyini deyib.
Kaya Yurif
Mənbə: “CNN Business”