Dünyanın iki ölkəsində – Böyük Britaniyada və Rusiyada rəsmən əhalinin koronavirusa qarşı peyvəndlənməsinə başlanıb. Britaniyada ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksinə, Rusiyada isə yerli istehsal olan “Sputnik V” vaksininə kütləvi istifadə üçün rəsmi lisenziya verilib. Digər ölkələrdə hələ ki, könüllülər həmin dövlətlərin sınaq mərhələsi kimi qəbul etdiyi müxtəlif vaksinlərlə peyvənd olunurlar. Lakin tezliklə xeyli ölkədə və yəqin ki, sonda bütün dünyada vaksinlərin dövlət səviyyəsində qəbul ediləcəyi və kütləvi peyvəndləməyə gediləcəyi gözlənir.
Novator.az-ın məlumatına görə, Dünya Səhiyyə Təşkilatının fövqəladə hallar proqramının icraçı direktoru doktor Maykl Rayan ABŞ-ın CNN kanalına açıqlamasında deyib ki, koronavirus vaksinləri bu infeksiyadan qurtulmaq ümidlərini artırır: “Ancaq vaksinlər COVİD-19 infeksiyasına təkbaşına son qoya bilməz. Vaksinlərə, vaksinasiya prosesinə virusa qarşı mübarizədə yeganə vasitə kimi deyil, mühüm vasitələrdən biri kimi baxmaq lazımdır. Vaksinlər əlimizdə olan mübarizə vasitələri dəstinə vacib bir əlavədir, amma onlar təkbaşına virusa son qoya bilməz”.
Maykl Rayan vurğulayıb ki, vaksinlərin COVİD infeksiyasına yoluxma sayını sıfıra endirməsini o da çox istərdi, amma reallıqda belə deyil, vaksinasiya başlansa belə virusa qarşı digər mübarizə yolları, o cümlədən maska taxmaq, sosial məsafə saxlamaq məsələləri aktual olaraq qalır.
Neçə aydır ki, ekspertlər virusun yayılmasının qarşısını almaq üçün insanların bir-biri ilə məsafə saxlamalı, əllərini yumalı və maska taxmalı olduqlarını bildirirlər. Koronavirus haqqında biliklər artdıqca bu tövsiyələrə dəyişiklik də edilir. Məsələn, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi maskaların taxılması üzrə təlimatı daha da genişləndirib. Bu qurum maska taxmağın çox vacib olduğunu, bəzi hallarda insanların hətta evdə də maska taxmalı olduğunu bəyan edib.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı yeni açıqlamadan: “COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin ailə üzvlərini yoluxdurmasına dair xeyli fakt var. Ona görə ailə üzvlərinin təhlükəsizliyini təmin etmək, virusa yoluxmanın və virusun ötürülməsinin qarşısını almaq üçün evdən çıxanda, bəzi hallarda evin içərisində də sosial məsafə saxlamaq, həmçinin digər ictimai sağlamlıq strategiyalarından yararlanmaq, xüsusilə maskalardan mütəmadi və düzgün qaydada istifadə etmək tələb olunur”.
Mərkəz bir daha vurğulayıb ki, maska ondan istifadə edən şəxsi virusa yoluxmadan müəyyən dərəcədə qoruya bilir.
Mənbə: CNN.com