Rusiyada hökumət artıq COVİD-19 əleyhinə vaksin proqramının icrasına başlayıb. Bundan ötrü yerli istehsal olan “Sputnik V” vaksinindən istifadə edilir.
Ölkədə vaksin sınaqları hələ bitmədiyindən indiki mərhələdə yalnız koronavirusa yoluxma riski yüksək olanlara peyvənd vurulması qərara alınıb. Hazırda xroniki xəstəlikləri olmayan 61 yaşadək şəxslərə, onların da arasında ilk növbədə səhiyyə, təhsil işçilərinə, sosial sektorda çalışanlara koronavirus peyvəndi təklif edilir.
Rusiyada peyvənd vurdurmaq könüllüdür.
“Sputnik V” vaksini ölkə vətəndaşları üçün pulsuzdur.
Amma əhali arsında peyvəndə etimadın az olması bir sıra çətinliklər yaradır.
Novator.az-ın məlumatına görə, Rusiyanın “Levada” sorğu mərkəzinin keçirdiyi sorğu göstərib ki, respondentlərin 59%-i vaksini pulsuz da qəbul etmək istəmir.
Sorğu zamanı respondentlərin yalnız 27%-nin koronavirus peyvəndinə etibar etdiyi bəlli olub.
Hindistanda ingilis dilində çıxan “Business Today” nəşrinin yazdığına görə, mərkəzi ofisi Fransa paytaxtında yerləşən “İpsos” beynəlxalq tədqiqat şirkəti 27 ölkədə əhalinin koronavirus peyvəndinə münasibətini öyrənib. Aydın olub ki, rusiyalılar başqa ölkələrin əhalisi ilə müqayisədə koronavirus peyvəndinə daha çox şübhə ilə yanaşırlar.
Rusiyada əhalinin vaksinə inamsızlığının kökündə bir çox faktor durur: vaksinin istehsalı və sınaqdan keçirilməsi mərhələlərində ortaya çıxan problemlər, peyvən olunmuş bəzi könüllülərin bundan bir fayda görmədikləri haqda sosial şəbəkədə yaydıqları məlumatlar və sair.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 220 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyasına indiyədək dünyada 68 milyondan çox insan yoluxub. 1 milyon 553 mindən çox adam bu infeksiyanın qurbanına çevrilib.
Rusiya yoluxmanın ən çox qeydə alındı ölkələr sırasında dördüncü yerdədir. İndiyədək Rusiyada 2 milyon 515 mindən çox adam koronavirusa yoluxub, 44 mindən çox xəstə bu virusdan vəfat edib.
Mənbə: Businesstoday.in