Nazirlər Kabineti koronavirus pandemiyasına görə tətbiq olunan, dekabrın 28-də başa çatması nəzərdə tutulan xüsusi karantin rejiminin müddətini 2021-ci il yanvarın 31-dək uzadıb.
Qərara əsasən, 2020-ci il dekabrın 14-dən 2021-ci il yanvarın 18-dək ölkə üzrə sərt rejimi qüvvədə olacaq. Həmin müddətdə ölkədə Nazirlər Kabinetinin müəyyən etdiyi iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.
Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır.
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar İcaze.e-gov.az portalına daxil edildikdən sonra hərəkət edə bilərlər.
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə ilə icazə verilir.
SMS-icazə sistemi bu hallarda tətbiq edilir:
– təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim arayışı ilə müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
– ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumunun verdiyi arayışla müəyyən edilir).
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs 102 xidməti vasitəsilə icazə almalıdır.
Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət və ölkə ərazisində şənbə-bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il yanvarın 31-dək uzadılır.
Məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərt karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.
Xüsusi karantin rejimi martın 31-dən tətbiq olunur. Sərhədlər qapadılıb, dəfn mərasimləri istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, ad günləri, toy, nişan və bu kimi mərasimlər yasaqlanıb, başqa qadağalar qoyulub.
Dekabrın 8-nə olan rəsmi milli hesabata görə, Azərbaycanda 154152 nəfər koronavirus infeksiyasına yoluxub, onların 1713-ü vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Novator.az bildirir ki, aylar üzrə yoluxma və itki belə rəsmiləşib:
fevral – 3 yoluxma
mart – 295 yoluxma, 5 ölüm
aprel – 1506 yoluxma, 19 ölüm
may – 3690 yoluxma, 39 ölüm
iyun – 12030 yoluxma, 150 ölüm
iyul – 14354 yoluxma, 235 ölüm
avqust – 4557 yoluxma, 86 ölüm
sentyabr – 3794 yoluxma, 57 ölüm
oktyabr – 15040 yoluxma, 139 ölüm
noyabr – 65907 yoluxma, 662 ölüm
dekabr – 32976 yoluxma, 321 ölüm.