“Facebook” şəbəkəsində ayrı-ayrı qruplar koronavirus vaksinləri haqda dezinformasiyalar yaymaqla insanların peyvəndə inamını sarsıdırlar.
Novator.az-ın məlumatına görə, ABŞ-ın “NBC News” kanalının saytında dərc olunan məqalədə belə deyilir.
“İnternetdə COVİD-19 vaksinlərinə qarşı müxtəlif dezinformasiyalar yayılır. Kiçik “Facebook” qrupları COVİD-19 vaksininə inamı sarsıdır” başlıqlı məqalənin müəllifi “NBC News”un əməkdaşı Brendi Zadroznidir.
Məqalədə deyilir ki, vaksin tərəfdarları həmişə “Facebook”un idarəçilərindən vaksinlərə qarşı yönəlmiş populyar səhifələrlə bağlı tədbir görülməsini istəyiblər: “Nəhayət, bu yaxınlarda “Facebook” bir neçə ən populyar anti-vaksin hesabını silib. Həmin hesablar milyonlarla insana potensial COVİD-19 vaksinləri haqda yalnış informasiyalar ötürüb. Bununla belə, onların təsir gücü hələ qalır. İctimai səhiyyə tərəfdarları anti-vaksin hesablarının silinməsini müsbət qarşılasalar da, yeni bir araşdırma nəticəsində sübut olunub ki, COVİD-19 vaksininə olan inama ən böyük təhdid əslində kiçik “Facebook” qruplarından gəlir. Yaxşı əlaqələri olan belə qruplar son aylarda vaksin əleyhinə saysız-hesabsız mesaj yayıb”.
Corc Vaşinqton Universitetinin fiziki, onlayn ekstremizm üzrə araşdırıcı Nil Conson “NBC News”a deyib ki, COVİD ətrafında oyunlar 2019-cu ilin sonundan başlanıb.
Brendi Zadrozni öz məqaləsində potensial koronavirus vaksinlərinə qarşı sosial mediada aparılan təbliğat haqda bəzi faktları təqdim edib. Onun yazdığına görə, Londondakı Rəqəmsal Nifrətə qarşı Mübarizə Mərkəzi 2019-cu ildən bəri anti-vaksin hərəkatının sosial mediada 8 milyon izləyici topladığını açıqlayıb. İnternetdəki dezinformasiya məsələlərini araşdıran “First Draft” təşkilatı isə bəyan edib ki, sosial mediada, xüsusilə “İnstagram”da və “Facebook”da potensial COVİD-19 vaksinləri haqda əvvəlcədən planlaşdırılmış əks-təbliğat kampaniyası aparılıb. Bir-birindən tam fərqli birliklər (“Libertarian”, “New Age”, “QAnon”), bir çox təşkilatlar və anti-hökumət qrupları COVİD-19 vaksininə qarşı ittifaq qurub.
Məqalədə vurğulanır ki, “Facebook” sildiyi səhifələri konkret prinsiplər əsasında cəzalandırıb. Məsələn, “The HighWire” (“Kəndirbaz ipi”) adlı onlayn anti-vaksin şou səhifəsi fiziki təhlükə yaradan dezinformasiya yaydığına görə ləğv olunub. “Youtube” isə çoxsaylı şikayətlər daxil olduqdan sonra şou aparıcısı Del Biqtrinin şou kanalını bağlayıb. Şousunda koronavirus pandemiyasının ciddiliyini cəfəngiyyat sayan Biqtri izləyicilərinə təklif edirmiş ki, özlərini COVİD-19-a yoluxdursunlar. “The HighWire” şousu “Youtube” kanalında 30 milyondan çox baxış toplayan 500-dən artıq video yayımlayıb. Səhifə silindiyi anda 360 min 500 izləyicisi olub.
“HighWire” şousunun 199 min izləyicisi olan “İnstagram” hesabı isə hələ aktivdir. Amma Biqtri orada yazılan şərhlərə cavab vermir.
“Facebook” kaliforniyalı sosial media marketoloqu Larri Kukun 200 min üzvü olan “Stop Mandatory Vaccination” (“Vaksinə yox”) qrup səhifəsini da bağlayıb.
“NBC News”dakı məqalədə bildirilir ki, internetdəki canlı yayım imkanı anti-vaksin fəallarına yenidən auditoriya yığmaq şansı verir. İnternetdə dezinformasiya məsələlərini araşdıran Rene Diresta “NBC News”a deyib: “Anti-vaksin səhifələrinin izləyiciləri arasında hətta tanınmış, görkəmli şəxslər də var. Bu səhifələr özlərini COVİD-19 haqqında məlumatlı mənbə kimi təqdim edir. Amma səhifəyə daxil olanda onun bütövlükdə anti-vaksin məzmunlu bir səhifə olduğunu görürsən. Belə səhifələr təkcə potensial COVİD vaksinlərinə inamı sarsıtmaqla yox, həm də ənənəvi uşaq peyvəndlərinə şübhə oyatmaqla məşğuldur. Yəni onlar COVİD-lə bağlı məsələlərə ictimai diqqətdən həm də başqa məqsədləri üçün sui-istifadə edirlər”.
Anti-vaksin hərəkatını araşdıran Vaşinqton Universitetinin doktorantı Kolina Koltay “NBC News”a bildirib ki, “Facebook”da səhifələri silinən anti-vaksin tərəfdarları digər platformalarda uğur qazana bilməyiblər: “Onlar güclü təbliğat aparsalar da, yeni platformalarda çox az izləyici toplayıblar”.
Amma “Facebook”da dezinformasiya yayan anti-vaksin qrupları hələ də mövcuddur. Brendi Zadrozninin yazdığına görə, bunların arasında ən irisi 224 min üzvü olan “Vaksin haqqında yenidən maariflənmə forumu”dur (“Vaccination Re-education Discussion Forum”).
Onlayn ekstremizm üzrə araşdırıcı Nil Consonun fikrincə, bu hərəkat qiyama bənzəyir, onun üsyançıları ilə mübarizə aparmaq çətindir: “Çünki onlar heç vaxt yerlərini bəlli etmirlər. Onların arxasında sanki gizli bir internet şəbəkəsi durur”.
Nil Consonun yeni araşdırması göstərib ki, anti-vaksin hərəkatı pandemiyadan hiyləgərcəsinə yararlanaraq 100 milyon “Facebook” istifadəçisini öz təsiri altına sala bilib. Belə görünür ki, bu hərəkat ürəklər və ağıllar uğrunda mübarizədə qalib gəlib. Ona görə çoxlu izləyicisi olan hesabların silinməsinin nəhəng anti-vaksin hərəkatına real təsir edəcəyi ehtimalı azdır.
Nil Conson “NBC News”a açıqlamasında vurğulayıb: “İnternetdəki anti-vaksin şəbəkəsinin üzvləri bir-birilərinə öz hekayətlərini danışır, bir-birilərini dəstəkləyirlər. Bütün bunlar bir qiyam kimi əhalinin içində dövr edir, anti-vaksin hərəkatının gücü də bundadır”.
Mənbə: NBCnews.com