Almaniyanın “Die Welt” nəşri Yaponiyada pandemiya ilə bağlı vəziyyətdən bəhs edib.
Novator.az-ın məlumatına görə, Sonya Blaşkenin yazdığı məqalədə qeyd olunur ki, indiyə qədər Yaponiya pandemiyanı nəzarətdə saxlayırdı: “Amma indi bəzi xəstəxanalar ağzınadək dolub, ölkədə üçüncü dalğanın başlanması qorxusu hökm sürür. Ona görə də baş nazirin yeni tövsiyələri absurd nəticələrə gətirib çıxarıb”.
Məqələdə deyilir ki, Yaponiyanın ictimai televiziyasının axşam xəbərlərində xəstəxana rəhbərləri tibbi heyətin və intensiv terapiya şöbələrində çarpayıların kifayət etməməsindən şikayətləniblər: “Bunun ardınca virusla mübarizədə növbəti üç həftənin xüsusi əhəmiyyət kəsb edəcəyi haqda bəyanatlar səsləndi. Noyabrın 28-dən paytaxt Tokioda və ətraf ərazilərdə bütün kafe, restoran və karaoke işlədənlərdən xahiş olundu ki, dekabrın 17-dək obyektlərini gecə saat 10-dan gec olmayaraq bağlansınlar”.
Məqalədə xatırladılır ki, Yaponiyada 126 milyon insan yaşayır və bu ölkə indiyədək pandemiyanın öhdəsindən yaxşı gəlib. Məsələn, Yaponiyada yoluxmanın da, virusdan ölənlərin də sayı 83 milyon nəfər əhalisi olan Almaniya ilə müqayisədə qat-qat azdır. Amma noyabrın ortalarından Yaponiyada virusa yoluxanların sayı çoxalmağa başlayıb və gündəlik yoluxma sayı 2000-2500, hətta daha çox olub. Bu isə pandemiyanın başlandığı gündən Yaponiya üçün rekord göstəricilərdir.
Sonya Plaşke Yaponiyanın həmişə olduğu kimi, testlər aparmadığını və bununla bağlı çox az məlumat yaydığını vurğulayır: “Bu yaxınlarda ölkədə koronavirus testinin nəticəsi müsbət çıxanların sayı 6,5% təşkil edib. Eyni zamanda Dünya Səhiyyə Təşkilatı 5%-dən yuxarı göstəricini çox yüksək hesab edir, daha çox test aparılmasını və məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasından çəkinməyi tövsiyə edir”.
“Die Welt”dəki məqalədə qeyd olunur ki, Tokionun mərkəzində, metro stansiyası yaxınlığında yerləşən kafeyə gələn qonaqları pandemiya problemi heç narahat etmir: “Kafedə bütün yerlər tutulub. Bura gələnlərin çoxu qara kostyumlu, ağ köynəkli ofis işçiləridir. İçkinin təsirindən pörtmüş bu insanlar az qala bir-birilərinə yapışıb oturublar, bərkdən danışıb gülürlər. Onların hətta çənələrinin altında da maska yoxdur. Baş nazir Yesixide Suqanın çağırışına məhəl qoyulmadığı adi gözlə baxanda da görünür.
Baş nazir bu yaxınlarda restoranlarda yeməyi sakitcə yeməyi xahiş etmişdi. Onun xahişindəki “sakitcə” sözü “susaraq” mənasını da verə bilər. Suqa üz-gözünü turşudaraq özünün də buna əməl edəcəyini vurğulamışdı. Onun bu jesti “Twitter” istifadəçilərinin bəzilərini əyləndirsə də, əksəriyyətinin qəzəbinə səbəb oldu. Ona görə də sosial şəbəkədə “Maskayla ye” kimi yeni atmaca populyarlaşdı.
Suqanın çağırışına görə, şam yeməyi zamanı danışmaq istəyən şəxs maskasını müvvəqqəti çıxarmalıdır. İzahlı video süjetdə belə məsləhətlər verilir: əvvəlcə maskanın yuxarısına toxunmadan onun iplərindən tutub kənara çəkmək, sonra yeməkdən bir dişdək alıb və ya bir qurtum içki içib, yenidən maskanı lazımi qaydada geyinmək lazımdır.
Yaponiyanın rəsmi şəxsləri istəyərdilər ki, bu qaydalar epidemiya vaxtlarında yeni nəzakət standartı olsun. Səhiyyə Nazirliyi bunun üçün deviz hazırlayıb – “Həmişə maskada”. Təşviqat lövhələrində bir qrup insanın pivə içdiyi təsvir olunur: həmin vaxt içkidən bir qurtum alan qadından savayı hamı maska geyinib, onun maskası isə qulağındadır”.
“Die Welt”dəki məqalədə deyilir ki, əslində yoluxmanın artmasına hökumət özü zəmin yaradıb: “Yaponiya hökuməti iqtisadiyyatı dəstəkləmək üçün səyahətlər (“Go To Travel”) və restoranlar (“Go to eat”) üçün kuponlar proqramına start verdi ki, adətən ehtiyatlı davranan əhali evdən çıxmağa həvəslənsin. Nəticədə böyük şəhərlərlə yanaşı populyar turizm bölgələrində də yoluxma qeydə alındı”.
Tokionun qubernatoru Yuriko Koike deyib ki, qonaqlıqların müddəti qısa, dəvətlilərin sayı az olmalıdır və qonaqlar yavaşdan danışmalıdırlar. Yeməklər həmişəki kimi iri boşqablarda deyil, kiçik porsiyalarla verilməlidir, kafelərin içərisində vicdanlı şəkildə havalandırma aparılmalıdır.
Sonya Blaşke qeyd edir ki, qaydalara əməl olunsaydı, yəqin ki, faydası olardı: “Amma buna – xüsusilə də içkili vəziyyətdə – kim əməl edəcək? İnfeksion xəstəliklər üzrə ekspert Tetsuya Masumoto “ANN News”un xəbərlər proqramında ağzı bağlı yemək yeməyin hətta maskaya öyrəşmiş Yaponiya kimi bir ölkədə də qəbul olunmasına şübhə ilə yanaşdığını deyib. Ekspert qeyd edib ki, əgər belə yerlərdə maska geyinmək məcburi olacaqsa, onda o, restoranda yeməkdən imtina etsə yaxşıdır”.
Məqalə müəllifi bu sahədə alternativ işlərin aparıldığını da vurğulayıb: “Professor Mosako Sasaki yelpiyə bənzər maska icad edib. Bu maskanı söhbət zamanı üzünə tutursan, yeyib-içəndə isə yalnız qısa müddətə çıxara bilirsən. Olduqca şübhəli digər eksperimentlər daha çox “Min bir gecə”dəki rəqqasələrin stilini xatırladır – belə şeylərə populyar qadın barlarında rast gəlmək mümkündür. Yəni yeyib-içəndə üzündəki yaşmağı bir az yuxarı qaldırmalısan. Bundansa “Zoom” vasitəsilə məclis təşkil etmək daha yaxşı olardı, aprel-may aylarının karantinli günlərində belə məclislər populyar olub. Bəzi şirkətlər hətta “Zoom”da müştərilərlə və həmkarları ilə görüş keçirən əməkdaşlarına alkoqol və qəlyanaltı üçün əlavə pul köçürürdü”.
Məqalə bu sözlərlə bitir: “Yaponiya bu üsulla xəstəliyin yayılmasını nəzarətdə saxlaya biləcəkmi, bunu yaxın həftələr göstərəcək. Maskada yalnız baş nazir Suqa yeməli olacaqsa, bu, kifayət etməyəcək”.
Mənbə: Welt.de