Nazirlər Kabineti Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə sərt karantin rejiminin müddətini dekabrın 14-dək uzadıb. Rejim dekabrın 7-də bitməli idi.
Novator.az bildirir ki, həmin ərazilərdə hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabinetində müəyyən edilən say həddi nəzərə alınmaqla); səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları); yük daşımaları və logistika xidmətləri; fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti; apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar çıxılmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; kütləvi informasiya vasitələrinin fəaliyyəti; maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti; mühafizə xidmətləri istisna olmaqla digər sahələrdə və istiqamətlərdə fəaliyyət qadağandır.
Koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimi dekabrın 28-dək ölkə üzrə bu qadağaları nəzərdə tutur:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;
– operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn mərasimləri istisna olmaqla yas mərasimləri;
– kütləvi tədbirlər (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisnadır);
– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətlərinin göstərilməsi;
– şənbə və bazar günlərində ictimai nəqliyyatın hərəkəti;
– şənbə və bazar günlərində hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti; səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti; fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar çıxılmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; kütləvi informasiya vasitələrinin fəaliyyəti; mühafizə xidmətləri istisna olmaqla digər sahələrdə və istiqamətlərdə fəaliyyət.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar var:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət, hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– Bakı Metropolitenində sərnişindaşıma.
Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyətə görə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 220 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Nazirlər Kabineti yanında operativ qərargahın 5 dekabr hesabatında ölənlərin ümumi sayı 1593 nəfər göstərilib.