Almaniya hökuməti bir sıra şirkətlərin direktor şuralarında qadınların təmsil olunması ilə bağlı məcburi kvota qoyulmasına razılıq verib.
Novator.az saytı ABŞ-ın CNN kanalına istinadla bildirir ki, bu, Avropa qitəsində ən böyük iqtisadiyyata malik olan bir ölkə üçün çox əlamətdar hadisə hesab edilir.
Almaniyanın Ailə, Qadın, Gənclər və Yaşlı İnsanlarla İş Nazirliyi bəyan edib ki, birjada qeydiyyatdan keçmiş şirkətlərin idarə heyətlərində üç nəfərdən artıq rəhbər vəzifə olarsa, onlardan ən azı birinə qadın təyin edilməlidir.
Ailə, qadın, gənclər və yaşlı insanlarla iş üzrə nazir Franziska Giffey qərarı tarixi keçid adlandırıb: “Biz iri şirkətlərin iclas otaqlarında qadınsız toplantılara son qoyuruq”.
“Siemens” (SIEGY) şirkətinin kadrlar şöbəsinin sabiq üzvü Janina Kugel və Almaniya şirkətlərinin digər lider qadınları, fəalları xəbəri sevinclə qarşılayıblar.
“WZB” Berlin Sosial Elm Mərkəzinin prezidenti Jutta Almendinger isə qərarı tarixi hadisə adlandırıb.
Amma ölkədə biznes-lobbi qrupları bu qərarla razılaşmaq istəmir. 40 ticarət qrupundan ibarət olan Almaniya Sənaye Federasiyası qadınların yüksək vəzifələrə təyin olunması təşəbbüslərini dəstəkləyir, ancaq sabit kvota tətbiqini sahibkarlığın azadlığına müdaxilə hesab edir.
Sənaye Federasiyasının idarə heyətinin üzvü İris Plöger vurğulayıb ki, ictimai-siyasi problemlərin iqtisadiyyat və şirkətlər vasitəsilə həll edilməsi düzgün deyil: “Əslində siyasətçilər şirkətlərin idarə heyətində qadın sayının az olması səbəblərini araşdırmağa çalışmalıdırlar”.
İris Plöger ailə və iş həyatının balanslı təşkil olunması üçün rəqəmsal infrastrukturun inkişaf etdrilməsinin zəruri olduğunu qeyd edib. O, yeni qaydalara riayət edilməsi üçün şirkətlərə mümkün qədər çox vaxt verilməsini və praktiki olaraq icrası mümkün olmayan tələbləri yerinə yetirmədikdə onların cəzalandırılmamasını təklif edib.
Almaniyanın rəhbər vəzifələrdə işləyən qadınların sayına görə başqa ölkələrdən geridə qaldığı iddia olunur. “Allbright Foundation” qeyri-hökumət təşkilatının hesablamasına görə, Almaniyanın 30 ən böyük şirkətində idarə heyəti üzvlərinin cəmi 12,8%-i qadınlardan ibarətdir.
Almaniya ilə müqayisədə ABŞ-da qabaqcıl şirkətlərin rəhbərliklərində qadınlar 28,6%, İsveçrədə 24,5%, Britaniyada və Fransada 22,2% təmsil olunurlar.
“Allbright Foundation”un hesabatına əsasən, Almaniyanın heç bir böyük şirkətinin rəhbəri qadın deyil. Ölkənin gender bərabərliyi baxımından geridə qaldığı vurğulanır.
DAX 30 (Deutscher Aktienindex) indeksinə görə, şirkətlərin idarəetmə heyətində senyabr ayında qadınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29-dan 23-ə düşüb.
Amma gender bərabərliyini əldə etmək üçün məcburi hüquqi kvotalar tətbiq etmək mübahisə doğurur. Kvotaya qarşı çıxanlar məcburi hüquqi qaydaların çox sərt olduğunu deyirlər. Onlar hesab edirlər ki, məcburi kvota qadınların haqsız olaraq önə çıxarılmasına səbəb ola və ya onların ədalətsiz təyinatı kimi qəbul edilə bilər. Amma kvotaların yoxluğundan inkişafın da zəif olduğu bildirilir.
Jutta Allmendinger CNN-ə açıqlamsında deyib ki, kvota tətbiq etmək qərarı Almaniyada illərdir iş yerlərində gender bərabərliyi ilə bağlı lobbiçilk fəaliyyətinin nəticəsidir: “Bir çox qadının və şəbəkələrin səyləri və təzyiqləri sayəsində aparıcı mühafizəkarlar islahatı dəstəkləməyə başladı və uzun bir prosesə son qoyuldu”.
Son bir neçə ayda bisnesdə, vətəndaş cəmiyyətində, akademik dairələrdə və incəsənət sahəsində çalışan qadınlar sosial media üzərindən və “#jetztreichts”, “#ichwill” (“Yetər, artıq istəyirəm”) kimi həştəqlər vasitəsilə qanunvericiliyin irəli sürülməsi üçün kampaniyalar aparmağa başlamışdılar.
Uğurlara baxmayaraq görüləsi işlərin hələ çox olduğunu vurğulayan Jutta Allmendinger idarə heyətlərində gender bərabərliyini daha da artırmağa və vergi sistemindəki struktur bərabərsizliyinə qarşı mübarizə aparmağa çağırıb: “Gender problemi məsələnin bir tərəfidir”.
Avropa Gender Bərabərliyi İnstitutunun məlumatına görə, Almaniya 2015-ci ildə nəzarət şuraları üçün məcburi kvotalar qəbul edib və bunun nəticəsində indi böyük şirkətlərin idarə heyətlərində qeyri-icraçı vəzifələrin 36%-ni qadınlar tutur.
Ölkənin korporativ idarəetmə sisteminə görə, nəzarət şuraları idarəetmə şuralarını müşahidə edir, lakin onların gündəlik fəaliyyətləri ilə bağlı qərar qəbul etmir.
Avropa Birliyinin digər beş ölkəsi – Belçika, Fransa, İtaliya, Avstriya və Portuqaliya böyük şirkətlərin idarə heyətləri üçün məcburi gender kvotaları tətbiq edib.
Avropa Gender Bərabərliyi İnstitutunun son hesabatında kvotaların təsirinin bəlli olmadlğı vurğulanır: “2020-ci ildə məcburi kvota tətbiq edilən üzv ölkələrin ən böyük şirkətlərinin idarə heyəti üzvlərinin 37%-ni qadınlar təşkil edib. Heç bir kvota tətbiq etməyən ölkələrdə bu göstərici 25%-dir”.
Norveç dünyada şirkətlərin idarə heyətlərində gender kvotalarını tətbiq edən ilk ölkədir. Bu ölkədə tətbiq edilən kvotaya görə, direktorlar şuralarında yerlərin 40%-ni qadınlar tutur.
Mənbə: CNN.com