Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, Azərbaycanda şəhidin vərəsələrinə 11 min manat birdəfəlik sığorta ödənişi verilir, müharibə əlillərinə birdəfəlik sığorta ödənişi I dərəcə əlilliyi olanlar üçün 8800 manat, II dərəcə əlilliyi olanlar üçün 6600 manat, III dərəcə əlilliyi olanlar üçün 4400 manatdır.
Açıqlamaya əsasən, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət (orta məbləğ 400 manat); onların əmək pensiyasının sığorta hissəsinə əlavə (orta məbləğ 55-110 manat); prezidentin aylıq təqaüdü (orta məbləğ 210-300 manat) ödənir.
Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində təkliflər yayan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu şəhidlər, müharibə əlilləri və veteranlarına dövlət qayğısının artırılmasını istəyir: “Şəhid ailəsində böyüyən uşağa 16 yaşına qədər 21 manat, müharibə əlili ailəsində böyüyən uşağa 16 yaşına qədər 15 manat əlavə ödəniş edilməsinə son qoyulmalıdır. Rəsmi və qeyri-rəsmi məlumatlara əsasən, 1990-cı ilin 20 yanvar qırğınında 147 nəfər, Birinci Qarabağ müharibəsində 13560 nəfər, 2016-cı ilin aprel döyüşlərində 95 nəfər, İkinci Qarabağ müharibəsində 2783 nəfər şəhid olub. Bu, ümumilikdə 16585 şəhid deməkdir.
Birinci Qarabağ müharibəsində şəhid olanların ailəsində böyüyən uşaqların yaşı 16-nı çoxdan ötüb, belə olan halda şəhid uşaqları üçün nəzərdə tutulan ödənişə büdcədən cüzi məbləğdə vəsait ayrılır. Odur ki, həm şəhid ailələri və həm də əlillərin uşaqları üçün nəzərdə tutulan aylıq ödəniş uşaqlar üçün yaşayış minimumu dəyərinə qədər atırılmalıdır. 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunub.
Şəhid ailələrinə, müharibə əlillərinə birdəfəlik ödənən sığorta məbləğini azı 3 dəfə, şəhid ailəsinə verilən 300 manat prezident təqaüdünü, əlillik dərəcəsindən asılı olaraq ödənən 210-250 manat müavinəti və müharibə iştirakçısına verilən 80 manat müavinəti dəfələrlə artırmaq gərəkdir. Bütün bunları 2021-ci ilin dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin formalaşdırılması zamanı nəzərə almağa ehtiyac var”.
Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara görə, şəhid Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Bu şəxslər şəhid hesab edilirlər:
– 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;
– 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;
– Azərbaycanda 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
– Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;
– Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;
– Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;
– Azərbaycanın dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
Şəhid ailə üzvləri sənəddə belə sıralanır: arvadı (əri); valideynləri; 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək); qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar (əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək); babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa.