Nazirlər Kabineti tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya xidmətlər zərfindən çıxarılması meyarları və qaydasını təsdiqləyib.
Novator.az bildirir ki, tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi meyarları rəsmi statistik göstəricilər əsasında belə müəyyənləşir:
– son 5 il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
– son 5 il müddətində əhali arasında əlillik faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
– son 5 il müddətində sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
– tibbi xidmətlərin dəyərinin son 5 il müddətində həmin tibbi xidmətlərə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;
– müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu;
– müayinə və ya müalicə üsullarının iqtisadi səmərəliliyi;
– tibbi xidmətləri Azərbaycan ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin göstərməsi.
Tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları bunlardır:
– müayinə və ya müalicə üsullarının tibbi və iqtisadi səmərəsizliyi;
– xəstəliklərin müayinəsində və müalicəsində yeni və səmərəli üsulların tətbiqi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmətləri 5 ildə bir dəfədən az olmayaraq meyarlar üzrə təhlil edib təklif verməlidir.
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya xidmətlər zərfindən çıxarılmasına dair Nazirlər Kabinetinin qərarının layihəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hazırlayır.