Böyük Britaniyada koronavirus əleyhinə kütləvi vaksinasiyanın başlanması haqda qərar qəbul olunsa da, ölkədə vaksinin faydasına şəkk edənlərin sayı az deyil.
Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir ki, ölkənin Milli Səhiyyə Xidməti insanlarda vaksinasiyaya inam yaratmaq üçün tanınmış şəxslərin iştirakı ilə təbliğat kampaniyası aparmağı nəzərdə tutur. Bu məqsədlə xidmət bir sıra məhşur simaların siyahısını tutmağa başlayıb.
Milli Səhiyyə Xidməti bu avanqard kampaniyada tanınan, seçilən ismlərin iştirakını vacib hesab edir. Belə hesab olunur ki, vaksinə, vaksinasiya prosesinə inamsız yanaşan, peyvənd etdirmək istəməyən vətəndaşlara ağıllı və məhşur adamları örnək göstərməyə ehtiyac var. Hökumət rəsmiləri belə adamların qatılacağı kampaniya nəticəsində vaksinasiyanın əleyhinə işləyən psixoloji sədləri aşa biləcəklərinə ümid edirlər.
Artıq siyahıda ingilislərin sevdiyi bir çox məhşur simanın adının olduğu bildirilir. Ən vacib adlardan biri Markurs Reşforddur. Bu məhşur ingilis futbolçusu həm də ictimai fəallığı ilə seçilən adamdır. Reşfordun uşaq qidaları ilə bağlı apardığı kampaniya vaxtilə çox güclü effekt vermişdi.
Avropa məkanında koronavirus vaksininə inam artsa da, İngiltərədə əks proses gedir. Mart ayında Britaniyada peyvəndin faydasına inanmayanların sayı 7% olub. İyundan bəri bu rəqəm iki dəfə artaraq 14%-i ötüb.
İnsanların vaksinə inamsız yanaşmalarından narahat olan Şərqi İngiltərə Universitetinin tibb professoru Pol Hanter tanınmış şəxsiyyətlərin təbliğat kampaniyasına cəlb edilməsini alqışlayıb: “İnsanlar onlardan həqiqəti eşidəcəklər. İndi qarşımızda belə bir imkan yaranıb”.
Kampaniyaya müxtəlif dini icmalardan olan nümayəndələrin, din xadimlərinin də cəlb olunacağı vurğulanır.
Xatırladaq ki, dekabrın 2-də Böyük Britaniyada ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin hazırladığı vaksinin kütləvi tətbiqinə rəsmən lisenziya verilib. Yəni britaniyalılara “Pfizer”-“BioNTech” vaksini vurulacaq.
Britaniya hökumətinin qərarında “Pfizer”-“BioNTech” vaksini dünyada ən ciddi elmi tədqiqatlar əsasında hazırlanmış, effekti təsdiqlənmiş peyvənd kimi qiymətləndirilib, pandemiyanın sona çatdırılması üçün bu vaksindən istifadə vacib sayılıb.
Beləliklə, Böyük Britaniya əhalinin kütləvi şəkildə koronavirusa qarşı peyvəndlənməsinə başlayan ilk Qərb ölkəsinə çevrilib.
Kütləvi vaksinasiya gələn həftədən start götürəcək.
Britaniyanın indiyədək sifariş etdiyi vaksin dozalarının 20 milyon insana kifayət edəcəyi açıqlanıb. İlk növbədə tibb işçiləri, qocalar evlərinin sakinləri, ardınca digər yaşlı insanlar peyvənd olunacaqlar.
Böyük Britaniyanın baş naziri Boris Conson söyləyib ki, virusu yenmək üçün vaksinin tətbiqinə başlanandan sonra da bir müddət karantin məhdudiyyətlərinə əməl etmək lazım gələcək.
Britaniya hökuməti “Pfizer” və “BioNTech” şirkətlərinin vaksinindən başqa “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin də kütləvi istifadəsinə lisenziya verilməsi məsələsinə baxır.
Mənbə: Theguardian.com