Prezident İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanı adının təsis edilməsi haqqında qanunu imzalayıb, müvafiq əsasnaməni təsdiqləyib.
Vətən Müharibəsi Qəhrəmanı adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.
Əsasnaməyə görə, Vətən Müharibəsi Qəhrəmanı adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırıqlarına və dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
Prezidentin Vətən Müharibəsi Qəhrəmanı adını öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin vəsatətləri əsasında vermək hüququ var.
Eyni şəxsə Vətən Müharibəsi Qəhrəmanı adı bir dəfə verilə bilər.
Dekabrın 1-də imzalanan başqa bir qanunla yeni orden və medallar yaradılıb: “Zəfər” ordeni; “Qarabağ” ordeni; “Cəsur döyüşçü” medalı; “Döyüşdə fərqlənməyə görə” medalı; “Suqovuşanın azad olunmasına görə” medalı; “Cəbrayılın azad olunmasına görə” medalı; “Xocavəndin azad olunmasına görə” medalı; “Füzulinin azad olunmasına görə” medalı; “Zəngilanın azad olunmasına görə” medalı; “Qubadlının azad olunmasına görə” medalı; “Şuşanın azad olunmasına görə” medalı; “Kəlbəcərin azad olunmasına görə” medalı; “Ağdamın azad olunmasına görə” medalı; “Laçının azad olunmasına görə” medalı; “Vətən müharibəsi iştirakçısı” medalı; “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı.
“Zəfər” ordeni ilə Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.
“Qarabağ” ordeni Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslərə təqdim olunur.