Amerika alimləri yaxın həftələrdə koronavirusla bağlı vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq ediblər.
Novator.az saytı bildirir ki, bu haqda ABŞ-ın məşhur “Vaşinqton Post” qəzetində yazı dərc olunub.
Yazıda Amerikanın nüfuzlu alimlərinə, o cümlədən ölkənin baş infeksionisti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçiyə istinad edilib.
“Vaşinqton Post” yazır ki, qarşıdan Milad bayramının gəldiyini xatırladan Entoni Fauçi amerikalıları sıx bayram toplantılarından, hətta ailə tədbirlərindən çəkinməyə, koronavirusa yoluxma riski doğura biləcək hər hansı hərəkətə yol verməməyə çağırıb.
Koronavirusa yoluxmaların, həmçinin virusdan ölümlərin sayının artıq rekord həddə qalxdığını vurğulayan doktor Fauçi deyib ki, qoruyucu maskalardan istifadə etmək və sosial məsafə saxlamaq həyat tərzinə çevrilməlidir.
ABŞ-ın baş cərrahı Cerri Adams həmkarına dəstək verib. O, “Fox News” kanalında insanları xəbərdar edərək deyib: “Üzümüzə gələn həftələr vəziyyət daha da pisləşəcək. Biz artıq gərgin fazaya qədəm qoymuşuq. Bunun nə qədər ağır olduğunu bilirik və yol verilən nöqsanları düzəltməyə çalışırıq”.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına indiyədək 63 milyondan çox adam yoluxub, onlardan 1 milyon 470 minə yaxını vəfat edib.
Ölkələr sırasında ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb: 14 milyona yaxın yoluxma, 273 mindən çox ölüm.
Dünyada virusa yoluxanların 43 milyondan, ABŞ-da 8 milyondan çoxu sağalıb.
Hazırda ABŞ-da koronavirusa yoluxanların 95 mindən çoxu xəstəxanalarda müalicə alır.
Mənbə: Washingtonpost.com