Kanadada ingilis dilində çıxan “Financial Post” nəşrində “Putin Qərblə şahmat oynayır və udur” başlıqlı məqalə dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalənin müəllifi Diana Françisdir. O, Vaşinqtondakı Atlantik İnstitutunun Avrasiya Mərkəzində tədqiqatçı kimi çalışır.
Məqalədə deyilir ki, son zamanlar geosiyasi aləmdə Amerika dama oynamaqla, Rusiya prezidenti Vladimir Putin isə şahmat oynamaqla məşğuldur.
Avqust ayında Putinin əsas siyasi rəqibi Aleksey Navalnının zəhərləndiyini, oktyabrda ABŞ və Rusiya arasında yeni silahlara nəzarətlə bağlı aparılan danışıqların dalana dirəndiyini xatırladan müəllif əlavə edir ki, bir neçə həftədir rus hərbi qüvvələri müxtəlif regionlarda, o cümlədən Dağlıq Qarabağda fəallaşıb, Kremlin təbliğat kampaniyası dünyanı başına götürüb, rusların dezinformasiyaları ABŞ-da və başqa yerlərdə keçirilən seçkilərə ciddi təsir vasitəsinə çevrilib, hazırda isə Putin dünya liderləri arasında Cozef Baydeni ABŞ-dakı prezident seçkisində qalib gəlməsi münasibətilə zəng vurub təbrik etməyən yeganə şəxsdir.
Məqalədə qeyd olunur ki, neçə aydır medianın əsas siyasi gündəmini ABŞ-dakı seçki kampaniyası zəbt edib. Rusiya isə bu müddətdə Belarusda və Dağlıq Qarabağda yaşayanları öz başçılığı altında cəmləyib: “Avqust ayında Belarusda saxta seçki vətəndaşları küçələrə çıxardı. Rusiya öz diktatoruna (Aleksandr Lukaşenkoya) dəstək olmaq üçün dərhal hərəkətə keçdi. İndi Belarusun iqtisadiyyatını, mediasını və polis qüvvələrini Moskva idarə edir. Amerika və Avropa Birliyi buna kifayət qədər etiraz etmədi. Daha sonra, noyabrda Rusiya Dağlıq Qarabağa “sülhməramlı” kimi cəlb olundu, rus qoşunlarının Dağlıq Qarabağa göndərilməsinə yaşıl işıq yandırıldı. Rusiya Qarabağda bu işi öz əliylə bir güllə də atmadan görə bildi”.
Müəllif yazır ki, rus qoşunlarının Qarabağa yeridilməsi bütün bölgəni narahat etməkdədir, çünki rus qoşunları işğalçı qüvvədən başqa bir şey deyil: “Bu, Kremlin 2014-cü ildə Ukraynada etdiyinə bənzəyir – o zaman Rusiya Ukraynanın Krım bölgəsini işğal etdi və on minlərlə adamı öldürdü. Rusiya hələ də Ukraynanın quru ərazisinin 7 faizini təşkil edən Krımı işğal altında saxlayır”.
Müəllif bildirir ki, son vaxtlar Putin Suriya, Liviya və Arktikada da hərbi iştirakını gücləndirib: “Və əlbəttə, Tramp Amerika qoşunularını Əfqanıstandan çıxarsa, Putin orada da belə edəcək. Putin qrossmeysterə bənzəyir, fiqurları yavaş-yavaş, bir-bir sıradan çıxarır”.
Diana Françis öz yazısında həmkarı, Avrasiya üzrə tədqiqatçı Anders Aslanddan da iqtibas gətirir. Anders Asland yazıb ki, Putin Dağlıq Qarabağda möhtəşəm qələbə qazanıb və bu qələbə bütün keçmiş sovet məkanında geosiyasi balansın dəyişəcəyi təhlükəsini doğurur. “Putin strateji əhəmiyyətli bölgədə Rusiyanın hərbi varlığını genişləndirməklə uğura imza atdı, Qərb onu tutub saxlamadı” – Anders Asland bu fikirdədir.
Diana Françis “Putin Qərblə şahmat oynayır və udur” məqaləsində Rusiyanın postsovet məkanında kövrək demokratiyaları boğmaqda olduğunu vurğulayır və hesab edir ki, ABŞ, Avropa, NATO Rusiyanı dayandırmaq üçün Cozef Baydenin prezidentliyə başlayacağı günü gözləmədən təcili hərəkətə keçməlidir. Çünki Bayden Ağ evi iki ay sonra təhvil alacaq, bu müddətdə isə, Diana Françisin fikrincə, Putin hələ çox təhlükəli gedişlər edə bilər.
Mənbə: Financialpost.com