Qarabağ münaqişəsi üzrə beynəlxalq ekspert, jurnalist, təhlilçi Tomas de Vaal Ermənistan-Azərbaycan müharibəsini dayandıran razılaşmanı şərh edib.
Novator.az-ın məlumatına görə, Tomas de Vaalın şərhi Moskvadakı Karneqi Mərkəzinin internet səhifəsində yayılıb.
Ermənistan-Azərbaycan müharibəsinin dayanması ilə nəticələnən, bu il noyabrın 9-da əldə olunmuş razılaşmanı şərh edərkən Tomas de Vaal bildirib ki, Ermənistan yaranmış situasiyada əsas uduzan tərəfdir və bu məğlubiyyətin nəticələrini uzun illər hiss edəcək: “Erməni cəmiyyəti belə qəfil çöküşə qəti hazır deyildi. Müxalif partiyalar razılaşmaya qarşı kəskin çıxış edirlər. Amma Nikol Paşinyanın yerinə başqası da gəlsə, çətin ki, vəziyyət dəyişsin”.
Tomas de Vaalın fikrincə, 9 noyabr razılaşmasının ssenarisi çoxdan planlaşdırılıbmış. Onun yazdığına görə, son 3 ildə Rusiya Qarabağ münaqişəsi tərəflərinə erməni hərbi qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı 7 rayondan mərhələli çıxarılması üzrə plan təqdim edib: “Bu plana əsasən, Rusiya Dağlıq Qarabağa sülhməramlı qüvvə göndərməli idi. Belə həll planı ABŞ, Fransa və başqa Qərb ölkələrini qane etmirdi. Onlar münaqişənin çoxtərəfli formatda, beynəlxalq sülh müqaviləsi əsasında həllinə çalışırdılar. Rusiya planının işə düşməsi, görünür, Vaşinqton və Parisi qəfil yaxalayıb. İndi Rusiyanın planı həyata keçəcək. Ancaq Bakı üçün daha əlverişli şərtlərlə. Yeni təmas xətti Qarabağın içindən keçir. Ermənilər xeyli ərazini, o cümlədən Hadrutu itirirlər. Həmçinin sənəddə Qarabağın statusu barədə heç nə deyilmir”.
Tomas de Vaal öz yazısında Azərbaycanın qələbə çaldığını, 7 rayonu, üstəlik Şuşanı əldə etdiyini vurğulayıb. Eyni zamanda qeyd edib ki, Naxçıvana Ermənistan ərazisindən nəqliyyat dəhlizinin açılması Türkiyəyə böyük xeyir gətirir.
Qarabağ razılaşmasını Rusiyanın mühüm diplomatik uğuru sayan Tomas de Vaal bölgədə sülhün əldə edilməsinin heç də asan olmayacağını, bu baxımdan Rusiyanın üzərinə böyük məsuliyyət düşdüyünü də bildirib.
1988-ci ildə Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək istəyi ilə Azərbaycana qarşı təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib, Azərbaycan bölgənin muxtariyyətini ləğv edib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozub. Azərbaycan Ordusunun həmin gündən apardığı əks-həmlə əməliyyatlarında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad edilib.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək Laçın rayonunu Azərbaycana qaytarmağa boyun olub.
Razılaşmaya əsasən, Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilməkdədir.
Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verib.
Razılaşmanın digər şərtlərinə görə, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıtmalıdırlar. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir.
Üçtərəfli birgə bəyanat imzalanarkən Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verib.
Dağlıq Qarabağ münaqişəsinin dinc həllində ATƏT-in Minsk qrupu beynəlxalq vasitəçidir. 1992-ci ildə yaradılan Minsk qrupu 11 üzvdən ibarətdir: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Mənbə: Carnegie.ru