Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinin Ermənistanla Azərbaycan arasındakı son müharibənin siyasi nəticələri haqda dərc etdiyi məqaləni ingiliscədən çevirərək qısa ixtisarla oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifləri Endrü Ros (Moskva) və Maykl Safidir (Beyrut).
Analitiklər deyirlər ki, Rusiyanın Dağlıq Qarabağda gerçəkləşdiridiyi sülh razılaşması Ankara və Moskvanı Cənubi Qafqazın yeni hökmdarları qismində imkanlarını genişləndirəcək. Qərbin iştirakı olmadan əldə edilən bu razılaşma Ermənistan və Azərbaycan arasında təhkükəsizliyə zəmanət verir.
Liviya və Suriyadakı münaqişələrdə olduğu kimi, Rusiya ilə Türkiyə yenə qarşı-qarşıya duran tərəfləri dəstəkləməklə sülh müqaviləsinə razı salıb bölgədə təsirlərini qorudular.
“Burda tamamilə yeni bir geopolitik durum yaranıb” – Kremlə yaxın olan təcrübəli siyasi ekspert Fyodor Lukyanov belə deyir.
Bu durum Fransa və ABŞ-ı, eləcə də Rusiyanın 1994-cü ildə nail olduğu atəşkəs razılaşmasından sonra Azərbaycanla Ermənistan arasındakı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunu prosesdən kənarda saxlayacaq.
Yəqin Trampın prezidentliyi dövründə ABŞ-ın başı qarışıq olduğundan biz onun müharibəni dayandırmaq üçün ilk təmaslara qatılmadığını, ATƏT-in Minsk qrupunun 2020-ci ilin sentyabrında başlanan müharibəni dayandırmaq məqsədilə aparılan danışıqlarda çox az rol oynadığını gördük.
Bu arada Türkiyənin dəstək verdiyi altı həftəlik müharibə zamanı Azərbaycan Dağlıq Qarabağda strateji cəhətdən önəmli Şuşa şəhərini götürə bildi, hətta Rusiya sülhməramlıları mane olana qədər bölgənin ən böyük şəhəri olan Stepanakerti də hədəf aldı.
“Minsk qrupu daha mövcud deyil” – Lukyanov belə düşünür. Türkiyəni “nizamlamanın mühüm parçası” adlandıran Lukyanov deyir: “Ermənistanın hərbi məğlubiyyəti göstərir ki, əvvəlki status-kvo bərpa edilə bilməz. Bu isə o deməkdir ki, Rusiyanın sabitliyə zamin durmasını hər iki tərəf istəyir”.
Çərşənbə axşamı səhər 2000-ə yaxın Rusiya sülhməramlısı bölgədə mühüm əhəmiyyət daşıyan, Stepanakertlə Ermənistan arasında yerləşən Laçın dəhlizinə yerləşdirildi. Ermənistan və Azərbaycan arasında imzalanan sazişə görə, Rusiya qoşunları ən azı 5 il bu dəhlizi qoruyacaq.
Sülh Quruculuq Qrupu olan “Conciliation Resourses” təşkilatının Qafqaz proqramı üzrə direktoru Lourens Broyers Stepanakertin gələcəyini sönük görür. Onun fikrincə, görünür, vəziyyət belə bir nəticəyə hesablanıb: bura yaşamaq üçün elə bir bərbad yer olacaq ki, şəhəri tərk etmiş ermənilərin çoxu daha geri dönməyəcək.
Bu, Rusiyanın 2008-ci ildəki Gürcüstan müharibəsindən sonra bölgəyə ən effektli müdaxiləsidir. Rusiya həftələrlə sülhməramlı roluna müqavimət göstərdi, amma sonda Azərbaycanın Dağlıq Qarabağın bütün ərazilərini götürmək istəyi bu mövqeyi dəyişdi.
“İdeya bundan ibarət idi ki, azərbaycanlılar qalib gəlsin, amma tam yox” – Lukyanov belə deyir. Razılaşmaya əsasən, Azərbaycan müharibə zamanı nəzarətə götürdüyü əraziləri saxlayacaq və ermənilərin Dağlıq Qarabağ ətrafında nəzarət etdiyi ərazilərə də sahiblənəcək.
Artıq çərşənbə axşamı sülh razılaşmasını hər iki tərəf imzalamışdı. Azərbaycan prezidenti İlham Əliyev Rusiya və Türkiyə sülhməramlılarının Dağlıq Qarabağa yerləşdiriləcəyəni söyləyərək bütün erməniləri şoka salmışdı. Rusiya tezliklə müdaxilə edərək Türkiyənin bu sülh razılaşmasında rəsmi olmadığını bəyan etdi.
“Rəsmi açıqlamada bu haqda bir söz deyilməyib” – Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə çərşənbə axşamı belə söylədi. Onun sözlərinə görə, “tərəflər buna razılıq verməyiblər, türk əsgərlərinin Qarabağda iştirakı danışılmayıb”.
Ankaranın Azərbaycana dron texnologiyası satması və digər addımları Türkiyənin bölgədəki təsirini yetərincə möhkəmləndirir.
Türkiyə ilə sərhəddə yerləşən Naxçıvandan Azərbaycanın qalan hissəsinə quru yolun açılması Türkiyədən Azərbaycana birbaşa quru yolun reallaşması demək olacaq.
İndi bütün diqqət Dağlıq Qarabağda atəşkəsi qorumalı olan Rusiya sülhməramlılarına yönələcək.
Broyers deyir ki, Rusiya sülhməramlıları “müstəmləkəçilik gücünə bənzəyir”.
Onun fikrincə, sülh əməliyyatına siyasi proses olmadan başlamaq və sülh müqaviləsi imzalamaq ondan xəbər verir ki, sən orda yaxşılıq üçün varsan: “Amma indiki vəziyyət mahiyyətcə qeyri-sabitdir. Bu sülhməramlı kontingent təxribatlara da əl yeri qoyur”.
Endrü Ros,
Moskva
Maykl Safi,
Beyrut
Mənbə: Theguardian.com