Novator.az saytı “Reuters” agentliyinin internet səhifəsində yerləşdirilmiş, sonuncu Qarabağ müharibəsindən bəhs edən yazını ingiliscədən çevirib oxuculara təqdim edir. Yazı orijinalda “Putin Qarabağ sövdələşməsi ilə Rusiyanın cənub cinahında Ərdoğana qarşı qırmızı xətt çəkdi” adlanır.
Rusiya prezidenti Vladimir Putin Türkiyənin dəstəklədiyi Azərbaycanın əldə etdiyi torpaqlarda dayanmasına təminat verən Dağlıq Qarabağ sülh razılaşmasına vasitəçilik etdi. Bununla da o, Moskvanın öz həyət-bacası kimi baxdığı bir regionda güclü türk varlığının qarşısını almış oldu.
Azərbaycan və etnik erməni qüvvələri arasında anklav uğrunda altı həftə davam edən güclü döyüşlər Moskvanın Cənubi Qafqaza təsir imkanlarını sınağa çəkdi. Cənubi Qafqaz keçmiş Sovet İttifaqının bir hissəsi olub və Moskva bura cənub cinahının qorunması baxımından mühüm region kimi baxır.
Moskvanın vasitəçiliyi ilə əvvəllər əldə olunmuş atəşkəs razılaşmaları pozuldu. Azərbaycan Rusiyanın hərbi helikopterini təsadüfən vurdu və iki nəfər həlak oldu. Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Azərbaycanın hücumuna hərbi və diplomatik dəstək verdi və vasitəçilikdə iştirak etməyə çalışdı.
Sonda Putin Rusiyanın 20 ildən artıq sürən arzusunu reallaşdırdı, öz sülhməramlılarını 5 illiyə (müddət daha 5 il uzadıla bilər) Dağlıq Qarabağa gətirdi və Türkiyə qoşunlarını anklavdan uzaq saxladı. Türk qoşunları yalnız atəşkəsi monitorinq edəcək mərkəzin idarə olunmasına yardım göstərəcək.
Bu, Moskva ilə Ankara arasında gedən geosiyasi rəqabətə Suriya və Liviyada olduğu kimi açıq şəkildə son qoyur və Rusiyanın hərbi izlərini dərinləşdirir.
Geniş bir razılaşmaya nail olmaqla Putin etnik erməni qüvvələrinin məğlubiyyətdən bir neçə gün əvvəl söylədikləri kimi Türkiyənin dəstəklədiyi Azərbaycanın Dağlıq Qarabağı tamamilə ələ keçirməsinin qarşısını aldı və Türkiyənin daxil olmadığı bu razılaşma Rusiyanın bölgədəki təsir gücünü təsdiqlədi.
“Bu razılaşma bir çox cəhətdən Rusiyanın əsas maraqlarına cavab verir və bəlkə də bu, Moskvanın əldə edə biləcəyi ən yaxşı nəticədir” – Moskvadakı Karneqi Mərkəzinin tədqiqat qrupunun baş elmi işçisi Aleksandr Qabuyev belə düşünür.
Qabuyev deyir: “Rusiya 2000 sülhməramlısını Dağlıq Qarabağa gətirib – Moskvanın 1994-cü ildə etmək istədiyi, lakin edə bilmədiyi bir arzusunu reallaşdırıb. Orada Türkiyə sülhməramlıları olmayacaq və bu, Moskva üçün çox vacibdir”.
Ankara bəyan edib ki, atəşkəs razılaşması onun müttəfiqi olan Azərbaycan üçün “müqəddəs uğurdur”. Ərdoğan isə Ankaranın Azərbaycana dəstəyini Türkiyənin “dünya miqyasında layiqli yer tutmaq cəhdinin bir hissəsi” kimi xarakterizə edib.
Alman Marşal Fondunun Ankaradakı araşdırma qrupunun direktoru Özgür Ünlühisarcıklı Rusiyanın regiondakı varlığının Türkiyə və Azərbaycan üçün mənfi hal olduğunu, lakin Azərbaycanın indiki mövqeyinin altı həftə əvvəlki ilə müqayisədə daha da gücləndiyini söyləyir: “Azərbaycan bu istiqamətdə böyük uğura imza atıb və bu, atəşkəslə təsbit edilib”.
Ünlühisarcıklı deyir ki, Ankaranın atəşkəsi müşahidə edəcək qüvvələr göndərməsi üçün icazə almağa ehtiyacı yoxdur.
“Eurasia Group”un analizində ehtimal edilir ki, Ərdoğan işlərin bu cür yekunlaşmasına görə çox məyus olmayacaq. Qrupun açıqlamasında deyilir: “Türkiyə Rusiya ilə müqayisədə ikinci dərəcəli rol oynasa da, hər halda öz rolunu müəyyən qədər saxlayır. Çox güman ki, bu, Ərdoğanı qane edir. Onun nisbətən az xərclə Azərbaycana verdiyi hərbi dəstək böyük fərq yaratdı, Ankaraya millətçi bir qələbə qazandırdı və gücünü Rusiya ilə ölçmək imkanı verdi”.
Beləliklə, Rusiyanın zirehli texnika ilə dəstəklənən sülhməramlıları münaqişəni dondurur, bu da Azərbaycan, yaxud ona dost ölkə olan Türkiyə qüvvələrinin daha da irəliləməsini qeyri-mümkün edir.
Ermənistanla müdafiə paktı olan və orada hərbi baza saxlayan Moskva üçün burada başqa bir potensial dividend də var.
Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə hökuməti istefaya məcbur edən küçə etirazları fonunda hakimiyyətə gəlib.
O vaxtdan Moskvanın Paşinyanla münasibəti mürəkkəbləşib. Moskva Paşinyana mühüm siyasi məsələlərdə sələflərindən daha az rusiyapərəst olan və Kremlə loyal yanaşanlar nəslini taxtdan devirən bir adam kimi yanaşırdı.
Bir çox erməninin satqınlıq saydığı Qarabağ razılaşması Paşinyanı təzyiq altında qoyur, müxalif siyasi partiyalar isə onu istefaya getməyə çağırırlar.
Qəzəbli kütlə bir gecədə hökumət binalarına soxuldu, baş nazirin rəsmi iqamətgahı talan edildi və Paşinyan ölkədən qaçdığına dair ittihamları təkzib etmək məcburiyyətində qaldı.
Əgər bu baş versəydi, yəni Paşinyan qaçsaydı, Moskva çətin ki, onun süqutuna ağlayardı.
Lakin Moskvanın bu diplomatik çevrilişdən həzz aldığı bir zamanda belə Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Mark Qaleotti atəşkəs razılaşmasının yalan olduğunu düşünür.
Qaleotti “Moscow Times”ın rəy bölməsində yazıb: “Bu həmin Rusiyadır – regional baxımdan imkanları güclü, iradəsi zəif, vəziyyətdən öz xeyrinə maksimum sui-istifadə etməyə çalışan və bu zaman müttəfiqlərini məyus edən, meydan oxuyanların qarşısını almaq üçün heç nə etməyən Rusiya. Bu isə yekunda tənəzzül deməkdir”.
Endrü Osborn
Mənbə: Reuters.com