Ermənistanın paytaxtı Yerevanda noyabrın 10-na keçən gecədən etiraz aksiyaları keçirilir. Nümayişçilər parlament binasını ələ keçiriblər və Qarabağ müharibəsinin dayanması barədə bəyanatın ləğvini tələb edirlər.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağdakı Xankəndi şəhərini, Şuşa, Xocalı, Xocavənd rayonlarını, keçmiş Ağdərə rayonunu və Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Xocalı, Laçın və keçmiş Ağdərə rayonlarının ümumilikdə 4 qəsəbəsi və 286 kəndi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanat imzaladığı noyabrın 10-na keçən gecə imzalayıb. Sənədə görə, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılır.
Tərəflər (Azərbaycan və Ermənistan) hazırda tutduqları mövqelərdə qalır.
Noyabrın 20-dək Ağdam rayonu Azərbaycana qaytarılır.
Erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.
Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış (yəni 2025-ci il mayın 10-dək) tərəflərdən (Azərbaycan və Ermənistan) hər hansı biri bəyanatdakı bu müddəaya (yəni Rusiya sülhməramlı kontingentinin qalma müddətinin 5 il olmasına) xitam verilməsi niyyəti ilə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır (yəni 2030-cu il noyabrın 10-dək).
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
Ermənistan noyabrın 15-dək Azərbaycana Kəlbəcər rayonunu, dekabrın 1-dək Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin (Azərbaycan və Ermənistan) razılığı əsasında növbəti üç il ərzində (yəni 2021-2023-cü illərdə) Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır.
Hərbi əsirlər, girovlar və digər saxlanan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Noyabrın 10-u səhər tezdən Rusiyanın Mərkəzi Hərbi Dairəsinin 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlılarının Qarabağda yerləşdirilməsinə başlanıb. Komandanlıq Xankəndidə oturacaq.
Sülh razılaşması Ermənistanda kəskin etiraz doğurub. Noyabrın 10-na keçən gecə paytaxt Yerevanda hökumət evi və parlamentin binası tutulub. Parlamentin sədri Ararat Mirzoyan dəyülüb. Nümayişçilər sülh razılaşmasının ləğvi tələbini qoyur. Bir çox müxalif partiya baş nazir Nikol Paşinyanı istefaya çağırır.
Nikol Paşinyan sülh razılaşmasını ordunun istəyi ilə, cəbhədə vəziyyətin hədsiz ağırlığı səbəbindən imzalamağa məcbur olduğunu bəyan edib.
1975-ci il təvəllüdlü Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 2017-ci ilin parlament seçkisində daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib. Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
2018-ci il dekabrın 9-da seçilmiş parlamentdə Nikol Paşinyanın “Mənim addımım” blokunun 87, Çiçəklənən Ermənistan Partiyasının 24, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var.
Mənbə: Armeniasputnik.am