Noyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisidə, Mərkəzi Seçki Komissiyasının binası qarşısında son parlament seçkisinin rəsmi nəticələrinə etiraz aksiyası keçirilib. Novator.az xəbər verir ki, polis güc tətbiq edərək aksiyanı dağıdıb.
Parlament seçkisinin ilk turu oktyabrın 31-də olub. 150 yerlik parlamentdə 120 mandat partiya siyahıları, 30 mandat dairələr üzrə səsverməyə çıxarılıb.
İlkin rəsmi nəticələrə görə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası proporsional sistemlə 61, majoritar sistemlə 13 mandat götürür.
Noyabrın 21-də keçiriləcək ikinci tur 17 dairəni əhatə edəcək.
Hökumət qurmaq üçün 76 mandat tələb olunur.
Vahid Milli Hərəkat Partiyasının yaratdığı müxalif “Güc birlikdədir” bloku 34 mandata sahib çıxır. Qalan mandatlar 1 faizlik səs həddini keçən yeddi siyasi qüvvə arasında bölünür.
Müxalifət parlament seçkisinin ilkin rəsmi nəticələri ilə barışmır. “Güc birlikdədir” bloku və parlamentə düşən digər müxalif qüvvələr mandat bölgüsündə və ikinci turda iştirakdan imtina edib. Onlar 31 oktyabr seçkisinin nəticələrinin ləğvi və yeni seçki tələbləri qoyur.
Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 2012-ci ildə yaradılıb, həmin il və 2016-cı ildə keçirilmiş parlament seçkilərində çoxluq əldə edərək hökumət qurub.
Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir. Baş nazir postunu bu partiyanın təmsilçisi Georgi Qaxariya tutur. Dövlət başçısı Salome Zurabişvili 2018-ci ilin prezident seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi olub.
Mənbə: Sputnik-georgia.ru