Noyabrın 8-də Belarus paytaxtı Minskdə və ölkənin digər şəhərlərində mitinq-yürüşlər keçirilib.
Aksiyalarda məqsəd prezident Aleksandr Lukaşenkonun istefasına və növbədənkənar prezident seçkisinin keçirilməsinə nail olmaqdır. Eyni tələblərlə ölkədə ümummilli tətil də keçirilir.
Novator.az saytı “Belorusski partizan” portalına istinadla xəbər verir ki, 8 noyabr aksiyalarında ümumilikdə 1000 nəfərdən çox adam tutulub. Hüquq mühafizə qüvvələri aksiyaları dağıdarkən zor işlədib, bəzi etirazçılar döyülüb, ciddi bədən xəsarəti alıb.
Tutulanlar həkimlərə deyiblər ki, onlara həm saxlandıqları anda, həm də milis bölmələrində işgəncə veriblər.
Məlumata görə, 8 noyabr aksiyaları Lukaşenkonun istefası və növbədənkənar prezident seçkisinin keçirilməsi tələbi ilə təşkil edilən əvvəlki aksiyalardan daha kütləvi olub.
Avqustun 9-u ölkədə prezident seçkisi keçirilib. 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət və ictimai fəallar seçkinin rəsmi nəticələri ilə barışmır, etiraz aksiyaları səngimir.
Sentyabrın 26-dan ümummilli tətil elan olunub, Aleksandr Lukaşenkonun istefası, yeni prezident seçkisi keçirmək tələbləri irəli sürülüb. Tətilə müəssisələr, təhsil ocaqları qoşulub. Hökumət aksiyaları yatırtmaq üçün repressiyalar aparır.
Qərb ölkələri aksiyaya dəstək verir. ABŞ, Kanada, Böyük Britaniya, 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirən Avropa İttifaqı 9 avqust seçkisinin bəyan olunan nəticələrinin xalqın iradəsini əks etdirmədiyini vurğulayır, Aleksandr Lukaşenkonu dövlət başçısı kimi tanımır. Ölkənin bəzi məmurlarına sanksiyalar qoyulub.
1954-cü ildə doğulan Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.
Mənbə: “Belorusski partizan”