Ukrayna prezidenti Vladimir Zelenskinin diplomatik nümayəndəsi altından xətt çəkərək söyləyib ki, Moskva Krımda ukraynalı və tatar kimliyini məhv etmək istəyir. Novator.az saytı UNİAN agentliyinin bununla bağlı yaydığı materialı ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.
Ukrayna prezidentinin Krım Muxtar Respublikası üzrə daimi nümayəndəsi Anton Korineviç bildirib ki, rus işğalçı hakimiyyəti yarımadanın demoqrafik mənzərəsini dəyişmək üçün rusları sistemli şəkildə öz yerlərindən çıxarıb zəbt olunmuş Krım torpaqlarına köçürür.
Korineviç özünün “Facebook” səhifəsində müvəqqəti zəbt olunmuş Krımda və Sevastopolda insan hüquqlarının vəziyyətindən bəhs edərkən vurğulayıb: “Onların bu əməli beynəlxalq hüquq baxımından müharibə cinayətidir”.
Ruslar Krımdakı məktəblərdə ukraynalı və tatar kimliyini yox etmək üçün Krım tatar dilinin tədrisini məhdudlaşdırır, Ukrayna dilində tədris keçən məktəbləri bağlayırlar. Korineviçin sözlərinə görə, bunu edən işğalçı hakimiyyətin məqsədi ukraynalıların və Krım tatarlarının milli-mədəni kimliklərini və özlərini Ukrayna vətəndaşı sayan gəncləri yox etməkdir.
Korineviç həmçinin qeyd edib ki, işğal altında olan Krımda Ukrayna Pravoslav Kilsəsi “qanundankənar” vəziyyətdə qalıb: “İşğaldan əvvəl bütün yarımada ərazisində Krım Yeparxiyasının 49 prixodu, 25 kilsəsi və 20 keşişi var idi. Amma indi vur-tut bir neçə prixod və beş-üç keşiş qalıb”.
Anton Korineviç əlavə edib ki, işğalçı hakim dairələr Krım Yeparxiyasının (yepiskop tərəfindən idarə olunur) prixoda mənsub şəxslərinə və ruhanilərinə təzyiq göstərib, bir çox binaları zəbt edib və ukraynadilli Krım Yeparxiyası tərəfindən əsası qoyulmuş Bazar günü məktəblərini bağlayıblar. Yeparxiyanın özünün baş kilsəsindən istifadə etmək imkanı məhdudlaşdırılıb. Bir neçə gün əvvəl işğalçı hakimiyyətin qərargahını qorumaq məqsədilə “özünümüdafiə qüvvələri” adlandırılan qrup Ukrayna kilsəsi ilə birlikdə baş kilsəyə yerləşdirilib.
Korineviç bildirib ki, digər dini qruplar, o cümlədən “Yehova şahidləri” və bir neçə müsəlman təşkilatı da təzyiqlərə, təqiblərə məruz qalıb.
Krımda hüquq müdafiəçiləri, xüsusilə Rusiyanın nəzarəti altında olan məhkəmələrdə siyasi dustaqları müdafiə edən vəkillər problemlərlə qarşılaşmaqdadırlar. Bir çox hallarda vəkillər Krımda baş verən ən son yeniliklərdən xəbər tutmaq üçün yeganə informasiya mənbəyi sayılırlar və elə bu səbəbdən rus işğalçı hakim dairələri vəkillərin siyasi məsələlərlə bağlı fəaliyyətlərini məhdudlaşdırmağa çalışır.
Rusiyanın Krımı işğal etməsinin iç üzü:
Rusiya Krımı 2014-cü ilin martında, rus ordusu yarımadanı zəbt etdikdən sonra işğal altına alıb. Krımın Rusiyaya birləşməsi üçün qanunsuz referendum keçirilib. Krımın hakim dairələri əhalinin guya 96.77 faizinin Rusiyaya birləşməyə razı olduqlarını de-fakto bəyan ediblər. 2014-cü il martın 18-də Kremldə Krımın və Sevastopol şəhərinin Rusiyaya birləşməsi haqqında razılaşma imzalanıb.
Qərb bu ilhaqı tanımayıb və cavab olaraq Rusiyaya sanksiyalar tətbiq edib.
Ukrayna parlamenti 20 fevral 2014-cü ili rəsmən Krımın müvəqqəti işğal tarixi elan edib.
Mənbə: Unian.info