“Sky News”: Vaksin sınaqları və ehtimallar
- 06 Noyabr 2020
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
Dünyada koronavirus əleyhinə vaksin varmı? Böyük Britaniyanın məşhur “Sky News” kanalının internet səhifəsində dərc olunan məqalədə bildirilir ki, əslində yalnız vaksin sınaqları var. Heç bir vaksin hələ təsdiqlənməyib, ancaq iki vaksin modeli klinik sınaqların son mərhələsindədir. Bəs vaksin nə zaman hazır ola, onun tətbiqinə nə zaman başlana bilər? Oksford Universitetində vaksin sınaqlarına rəhbərlik edən şəxs bildirib ki, koronavirus əleyhinə vaksinin yeni ilədək hazır olması ehtimalı azdır. Novator.az saytı “Sky News”un internet səhifəsində dərc olunan, koronavirus vaksinləri ilə bağlı məsələyə aydınlıq gətirən yazını ingiliscədən tərcümə edib. Yazını oxucuların diqqətinə çatdırırıq.
Vaksin sınaqları üzrə baş tədqiqatçı Endryu Pollard Elm və Texnologiya Komitəsinə verdiyi açıqlamada Oksford Universitetində aparılan sınaqların ilin sonuna qədər nəticə verəcəyinə ümid etdiyini bildirib. O deyib ki, koronavirus əleyhinə vaksinin işləyib-işləmədiyini də yalnız ilin sonunda müəyyən etməyə güman var.
Vaksinin Milad bayramına qədər hazır olub-olmayacağı sualına Endryu Pollard belə cavab verib: “Bu ehtimal kiçikdir. Ancaq hazırda dəqiq nəsə demək də mümkün deyil. Apardığımız sınaqlar dünyanın müxtəlif yerlərində həyata keçirilən sınaqların yalnız bir hissəsini təşkil edir və onların bir neçəsi bu ilin sonuna qədər müsbət nəticə verə bilər”.
Bununla belə cənab Pollard bir daha vurğulayıb ki, vaksinlərin nə zaman istifadəyə veriləcəyi hələ də dəqiq bilinmir.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson da vaksinin yalnız 2021-ci ilin birinci yarısında istifadəyə verilə biləcəyini demişdi.
Koronavirus əleyhinə vaksin hələ təsdiqlənməyib. İnsanların istifadəsinə verilməzdən əvvəl onun həm effektiv, həm də təhlükəsiz olduğuna əmin olmaq gərəkdir. Bundan ötrü tənzimləyici orqanlar təhlillər aparmalıdır.
Hazırda klinik sınaqların son mərhələsində olan iki vaksin modeli mövcuddur. Bir neçə həftə ərzində klinik məlumatlar tənzimləyici orqanlara təqdim edilə bilər.
Bunlar Almaniyanın “BioNetch” şirkəti ilə ABŞ-ın “Pfizer” əczaçılıq şirkətinin və Oksford Universiteti ilə “AstraZeneca” şirkətinin birgə istehsal etdiyi potensial vaksinlərdir.
Böyük Britaniyanın vaksinlər üzrə işçi qrupunun rəhbəri Keyt Binqem komitəyə bildirib ki, vaksinin gələn yaya qədər hazır olacağına 50%-dən çox inanır. O, hazırkı məlumatlara əsaslanaraq deyib ki, biz “müəyyən dərəcədə effektiv”, o cümlədən “ölüm və yoluxma hallarını azaltmaq ehtimalı yüksək olan” vaksin əldə etmiş olacağıq.
Bununla belə Keyt Binqem xəbərdarlıq edib ki, vaksinin virusu tamamilə aradan qaldırmaq ehtimalı azdır.
Eyni zamanda, komitənin əldə etdiyi məlumata görə, Oksford Universitetində hazırlanan vaksin dövlət səviyyəsində istifadəyə verilməsi üçün flakonlara doldurulmayıb. Bu o deməkdir ki, hökumət hələ sentyabr ayının sonuna qədər çatdırmağı vəd etdiyi 30 milyon vaksin dozasını əldə edə bilməyəcək.
Xanım Binqemin sözlərinə görə, 2020-ci ilin sonuna kimi yalnız 4 milyon dozanı ehtiva etməyə kifayət edəcək qədər vaksin olacaq.
Bu ilin əvvəllərində İngiltərənin Milli Səhiyyə Xidmətinin rəhbəri bildirmişdi ki, səhiyyə xidməti vaksin hazır olacağı təqdirdə onu – COVİD-19 vaksinini Milad bayramına qədər istifadəyə verməyə hazırlaşır.
Ser Saymon Stivens “BBC Radio 4” radiostansiyasının “Bu gün” (Today) verilişinə müsahibəsində deyib: “Hazırlıq mərhələsində olan 200-dən çox vaksin var. Biz inanırıq ki, gələn ilin birinci yarısından onlardan bir və ya bir neçəsini əldə edə biləcəyik. Bunu nəzərə alaraq biz vaksinlər hazır olacağı təqdirdə COVİD-19 vaksinlərinin istifadəyə verilməsi prosesinə başlamaq üçün Milli Səhiyyə Xidmətində hazırlıq işlərini də sürətləndiririk”.
Ser Saymon bunu mümkün etmək üçün terapevtlərlə razılıq əldə olunduğunu bildirib: “Vaksin hazır olacağı təqdirdə biz bu həftə terapevtlərə müraciət edib onları Milad bayramına qədər vaksinlərin tətbiqinə başlamağa hazır olmağa çağıracağıq”.
Noyabrın 3-də terapevtlərin “Pulse” jurnalında çıxan yazıda bildirilmişdi ki, terapevtlər gələn ayın əvvəllərindən yaşı 85-i keçmiş şəxslərə və koronaviruslu xəstələrlə birbaşa təmasda olan səhiyyə işçilərinə vaksin vurmağa başlamaq üçün hazır vəziyyətdə gözləyirlər.
Amma bundan öncə xanım Binqem xəbərdarlıq etmişdi ki, COVİD-19 vaksinlərinin ilk buraxılışı mükəmməl olmaya, hər kəsdə effekt verməyə bilər. O, ötən həftə “Lancet” tibbi jurnalında çıxan məqalədə bunları qeyd etmişdi: “Biz vaksinlərin yoluxmanın qarşısını almaması, daha çox simptomları azaltması, hətta hər kəs üçün və ya uzun müddət effekt verməməsi versiyalarına hazır olmalıyıq”.
Eyni zamanda, dövlət üçün çalışan alimlər xəbərdarlıq etmişdilər ki, hər hansı bir tədbir görülməsə, Milli Səhiyyə Xidməti minlərlə insanın ölümü ilə qarşılaşacaq.
“Hazırda ölkənin əksər hissələrində xəstəxanada və reanimasiya şöbəsində koronavirusdan müalicə alan şəxslərin sayı aprel ayındakı ilk maksimum göstəricidən daha çoxdur” deyə Ser Saymon vurğulayıb. O əlavə edib ki, səhiyyə xidməti qış ayları üçün səciyyəvi olan təzyiqləri və COVİD-19 virusuna yoluxacaq şəxsləri nəzərə alaraq “imkanlarını bacardığı qədər artırır”.
Bununla belə o bildirib ki, insanlar yoluxma hallarının sayını azaltmaq üçün əllərindən gələni etməli, əməliyyat şöbələrini, xərçənglə mübarizə kimi digər xidmətləri məşğul etməməyə çalışmalıdırlar.
Ser Saymon deyib: “Biz təkcə koronavirusu deyil, həm də hər zaman qış aylarında artan təzyiqləri nəzərə alaraq imkanlarımızı bacardığımız qədər gücləndiririk. Koronavirusa yoluxma hallarının sayını azaltmaq istəyimizin səbəbi təkcə ölüm sayının həddindən artıq çox olması yox, həm də əməliyyat bölmələrinin və xərçənglə mübarizə kimi digər xidmətlərin dolayı təsirlərə məruz qalmasıdır.
Əgər biz səhiyyə xidmətinin bütün xəstələrə yardımını davam etdirməsini istəyiriksə, birlikdə əlimizdən gələn hər şeyi etməli, koronavirusa yoluxma hallarının sayını aşağı salmalıyıq”.
Hökumətə vaksinlərlə bağlı məsləhətlər verən komitə COVİD-19 əleyhinə vaksinin ilk növbədə hansı qruplara tətbiq edilməli olduğunu artıq müəyyənləşdirib. Vaksinasiya və İmmunizasiya üzrə Birgə Komitənin açıqlamasına görə, təsdiq edilən hər hansı vaksin ilk olaraq qocalar evlərinin sakinlərinə və işçilərinə vurulmalıdır.
Növbəti mərhələdə yaşı 80 və 80-dən yuxarı olan hər kəs, o cümlədən səhiyyə və sosial yardım işçiləri vaksinin tətbiq ediləcəyi şəxslər olmalıdır.
Ümumilikdə, dünyanın müxtəlif yerlərində 200-dən çox vaksin hazırlıq mərhələsindədir və 44 klinik sınaq həyata keçirilir.
44 sınaqdan 9-u klinik qiymətləndirmənin üçüncü mərhələsindədir, təhlükəsizlik və effektivliyin təsdiqlənməsi üçün minlərlə insana təqdim olunur.
Səhiyyə və Sosial Yardım İdarəsinin rəhbəri noyabrın 3-də deyib: “Yeni vaksinlərin hazırlıq prosesi, istehsalı və nə zaman istifadəyə veriləcəyi haqda dəqiq məlumat yoxdur. COVİD-19 vaksininin Böyük Britaniyada 2021-ci ilin birinci yarısına hazır olması ehtimalı var. Vaksin yalnız sağlam klinik sınaqlar vasitəsilə təhlükəsizlik və effektivliyi sübut edildikdən, o cümlədən dərman preparatlarının tənzimləyici orqanı olan MHRA (Dərman Preparatları və Tibb Məhsulların Tənzimləməsi Agentliyi) tərəfindən təsdiq edildikdən sonra istifadəyə veriləcək. Vaksin təsdiq edildiyi təqdirdə Milli Səhiyyə Xidməti onu daha geniş şəkildə istifadəyə verməzdən əvvəl əsas risk qruplarının vaksinasiyası proqramına başlamağa hazırdır”.
Milli Səhiyyə Xidmətinin rəhbəri bunları da əlavə edib: “Milli Səhiyyə Xidməti bütün ölkə ərazisində vaksinasiyanın həyata keçirilməsi, o cümlədən illik zökəm vaksinasiyası və uşaqların immunizasiyası üçün yaxşı hazırlanmış planlara malikdir. Vaksin hazır olduğu zaman əməkdaşlarımızın onu təhlükəsiz şəkildə, sınaqdan keçmiş üsullarla tətbiq edə bilmələri üçün apardığımız işlər davam edir”.
Mənbə: “News.sky.com”