Novator.az xəbər verir ki, “Daily Sabah” qəzeti Fransada islamofobiyanın yayılması haqda məqalə dərc edib.
Məqalədə deyilir ki, bu ilin oktyabrında rusiyaı mühacir, çeçen əsilli müsəlman gənc Abdullah Anzorovun Fransada orta məktəb müəllimi Semuel Patini dərsdə şagirdlərə Məhəmməd peyğəmbərin “Charlie Hebdo” jurnalında dərc olunmuş karikaturasını göstərdiyinə görə qətlə yetirməsi fransız cəmiyyətində böyük qəzəbə səbəb olub.
Qəzet xatırladır ki, Patinin öldürülməsi oxşar motivli ilk qətl deyil. Fransa əvvəllər də İŞİD-in terroruna, 2015-ci ildə isə “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturasının dərcinə görə hücumlara məruz qalıb.
Semuel Patinin ölümündən sonra müsəlman ölkələrinin liderləri də daxil olmaqla bir çox dövlət və hökumət başçısı Fransa ilə həmrəylik göstərib. Lakin “Daily Sabah” iddia edir ki, Fransada müsəlman icmaları və qurumları hələ də güclü nəzarət və təzyiq altındadır.
Qəzet prezident Emmanuel Makronun Patinin qətlinə verdiyi reaksiyanın Fransada müzakirələrin mahiyyətini dəyişdiyini vurğulayır. Bildirilir ki, Makron terroru qınamaqdan savayı bu ağır hadisənin mərkəzinə islamı və müsəlmanları da gətirib. Dövlət başçsının hadisəni tipik islamçı terror hücumu, söz azadlığına təhdid kimi qiymətləndirməsi, terroru dinin mahiyyəti ilə əlaqələndirməyə çalışması, islamı böhran içində olan bir din kimi xarakterizə etməsi və islamda islahatlara dair təkəbbürlü çağırışı müsəlmanları qəzəbləndirib.
“Daily Sabah”ın yazdığına görə, Fransa səlahiyyətliləri islam dəyərlərini və islam peyğəmbərini alçaldıcı formada müzakirəyə çıxarmaqdadırlar: “İslami dəyərləri və rəmzləri söz azadlığı bayrağı altında alçaltmaq isə müsəlman dünyasında səs-küy doğurmaqdadır”.
Qəzetin yazdığına görə, Fransada bir məscid terror aktlarını qınasa da, Daxili İşlər Nazirliyi həmin məscidin altı ay müddətinə bağlanmasına qərar verib.
“Daily Sabah” Fransa bürokratiyasının ölkədə yaşayan müsəlmanları narahat edəcək bir səviyyəyə çatdığını qeyd edir. Bildirilir ki, ölkədə islama, müsəlmanlara qarşı nifrət aşılanır. Fransa hakimiyyəti nifrət, dözümsüzlük yayan, cinayətlərə rəvac verən ayrı-ayrı qrupları qınamaqdansa, islam dininin özünü hədəfə götürür və onun müasir dəyərlərə uyğunluğunu şübhə altına alır.
Qəzet Fransada müsəlman icmaları arasında radikalizmin yayılmasının həqiqi səbəblərinin araşdırılmadığını, bu mövzuda nəşr olunan kitabların, təhlillərin qərəzli olduğunu, elmi dəlillərə söykənmədiyini, fərqli fikirlərə yer ayırmadığını iddia edir.
Beləliklə, qəzet bu qənaətə gəlir ki, islamofobiya Fransada həm dövlət siyasətinə, həm də ictimai rəyə çevrilib.
Qəzetdəki məqalədə vurğulanır ki, Fransada daha tolerant bir cəmiyyətin qurulması üçün icmalar arasında dialoqu, iş birliyini və həmrəyliyi gücləndirməyin vaxtı çatıb.
Qəzet bildirir ki, radikallaşmanın, zorakı ekstremizmin başlıca mənbələri haqda kifayət qədər elmi tədqiqatlar var və populist siyasətçilər gündəmdə qalmaqdan ötrü reallığı, elmi dəlilləri görməzliyə vurmamalıdırlar.
Mənbə: “Dailysabah.com”