Emin Hüseynzadə
Azərbaycan izləyicisini qıcıqlandıran bir neçə rusiyalı “jurnalist” var. Bunların başında Semyon Peqov durur. O, yaddaşlarda özünü “Wargonzo” layihəsiylə, müxtəlif onlayn kanallar vasitəsilə birtərəfli məlumat ötürən adam kimi saxladı.
S.Peqovu araşdırmağa maliyyə bağlantılarından başlamaq lazımdır. Ümumiyyətlə, istənilən jurnalistin münaqişə zonasına getməsi üçün kifayət qədər maliyyə imkanları olan qurum tərəfindən göndərilməsi vacibdir. Münaqişə jurnalistikası ucuz başa gəlmir.
S.Peqovdan əlavə Qarabağdan birtərəfli məlumatlar ötürən xeyli başqa qruplar və fərdlər var. Peqov onların ən çox gözə dəyənidir. Onun erməni əsilli varlı rusiyalı, media holdinqi sahibi Aram Qabrielyanovla birbaşa əlaqəsi var. “Wargonzo” layihəsini maliyyələşdirən elə A.Qabrielyanovdur.
A.Qabrielyanovun rəhbərlik etdiyi və çox böyük auditoriyaya məxsus media kanallarını hazırladığım sxemdə rahat görmək olur. Bu media kanallarının hamısı bir-birinə istinad edərək eyni istiqamətli məlumatlar paylaşır.
A.Qabrielyanovun Ukraynanın Krım, Donbas və Luqansk bölgələrindəki işğalla bağlı media siyasəti məlumdur. Yaratdığı “LifeNews” televiziya kanalı birtərəfli məlumatlar, saysız-hesabsız saxta xəbərlər verməklə məşğul idi. Digər Rusiya TV və saytları da məlumatları məhz bu kanala əsaslanıb paylaşır, çoxaldırdılar. Səbəb kimi bu kanalın “jurnalistlərinin” yerlərdə olduğunu göstərirdilər. İndi həmin münaqişənin aktiv fazası sönüb deyə “LifeNews” də ləğv edilib.
A.Qabrielyanov 2014-cü ildə “Krımdakı hadisələrin işıqlandırılmasında yüksək professionallıq göstərdiyinə görə” Rusiya hökümətindən “Şərəf”ordeni alıb.