“Daily News”: Koronavirusun iki üzü
- 03 Noyabr 2020
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetTribunaYazarlar
ABŞ-ın Nyu-York şəhərində nəşr olunan “Daily News” qəzeti Pittsburqda təcili yardım həkimi kimi çalışan, koronavirusla mübarizə aparan, özü də virusa yoluxan professor Luk Larkinin məqaləsini dərc edib. Novator.az saytı məqaləni ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır. Məqalə orijinalda “Mən COVİD-in hər iki üzünü görmüşəm: həm həkim, həm də xəstə kimi” adlanır.
Biz Amerikada COVİD-19-a yoluxma hallarını nəzarətdə saxlamağa çalışırıq və ona görə də elektron poçt ünvanımıza və sosial şəbəkələrdəki hesablarımıza xəstəlik haqqında dezinformasiyalar da daxil olur. Bütün bunları nəzərə alaraq, mən həkim kimi həm özümdə, həm də işimdə COVİD-19-a qarşı mübarizə aparmış bir şəxs olaraq fikirlərimi tam səmimi şəkildə paylaşmaq istərdim.
Mən peşəkar səviyyədə təcili yardım xidmətində Səhiyyə Nazirliyinin sertifikatlaşdırdığı həkim və professor kimi fəaliyyət göstərirəm. Qubernator Kuomo təcili tibbi yardım xidməti göstərən səhiyyə işçilərindən onun seçki dairəsinə kömək etməyi xahiş edəndə mən bu çağırışa cavab verdim. Pittsburqdakı rahat evimi qoyub aprelin 1-də demək olar ki, bomboş bir təyyarə ilə Nyu-Yorka yola düşdüm. Həmin tarix Beynəlxalq Gülüş Günü olsa da, təəssüf ki, heç kimin üzü gülmürdü. COVİD pandemiyasının episentrinə getməkdə məqsədim nə lovğalanmaq, nə də öz eqomu yüksəltmək idi. Məni çağırdıqları üçün gedirdim. Təcili yardım həkimi kimi fəaliyyət göstərdiyim 30 il ərzində ömrüm çağırışlara cavab verməklə keçib. Mən öyrənməyi sevirəm, insanlara kömək etməyi isə ondan daha çox sevirəm.
Ön cəbhədə çalışan səhiyyə işçilərinin travmaya məruz qalması ilə bağlı nə qədər çox söz-söhbət yayılsa da, hadisələrin episentrində işləmək həm mənim üçün, həm də ümumi bir düşmənə qarşı çiyin-çiyinə mübarizə aparan saysız-hesabsız digər tibb işçiləri üçün əhəmiyyətli və dərin məna kəsb edən bir təcrübə idi. Xilasedicilər və yanğınsöndürənlər kimi, biz də yanan binalara doğru cəsarətlə qaçırıq və xidmət göstərməyi üstünlük və prioritet hesab edirik. Biz elmin yaratdığı imkanlardan, həm də şəfqət və mərhəmətin verdiyi gücdən ilhamlanaraq dinindən, irqindən, fiziki məhdudiyyətlərindən, yaxud gəlirlərindən asılı olmadan hər kəsə kömək etmək üçün buradayıq. Tibb işçilərinin əsas qayəsi insanlara xidmət etməkdir. Xəstəliyin simptomlarından əziyyət çəkən və özünü yaxşı hiss etməyən şəxslərə xidmət göstərmək isə bizim üçün fəxrdir. Biz sizdən üz döndərməyəcəyik.
Amma əsas istəyimiz odur ki, sizin bizə ehtiyacınız olmasın və heç vaxt xəstələnməyəsiniz. Ona görə də sizdən məsafə saxlamağınızı və bu Hellouin bayramında və hər zaman maskadan istifadə etməyinizi xahiş edirik.
Pandemiyanın pik həddə çatdığı dövrdə Nyu-Yorkdakı bir xəstəxanada vəziyyəti ağır olan yüzlərlə COVİD xəstəsinin qayğısına qalırdım. Yaxşı ki, həmin vaxt lazımi fərdi mühafizə vasitələri geyinirdim. Əzizlərini itirən ailələrlə birlikdə göz yaşı tökürdüm. Bildirmək istərdim ki, COVİD-lə bağlı vəziyyət nəzarətə götürülsə də, hələ də nə qədər insan bu infeksiyadan dünyasını dəyişir. Aprel ayında Nyu-York şəhərində müalicə etdiyim xəstələr iki yerdən birinə gedirdilər: ya reanimasiya şöbəsinə, ya da morqa. Doktor Entonu Fauçinin və Səhiyyə Nazirliyi rəsmilərinin pandemiyanı şişirtdiklərini düşünürsünüzsə, respublikaçı Kris Kristinin sözlərinə diqqət yetirin. O, “Morristown” xəstəxanasının reanimasiya şöbəsində ölümün bir addımlığından qayıtdıqdan sonra bu fikirləri səsləndirdi: “Mən xəstəliyə ciddi yanaşmırdım. Yanılmışdım. Bu, böyük bir səhv idi və mənə çox baha başa gəldi”.
Keçmiş Nyu-Cersi qubernatoru kimi, Yel Universitetinin bu keçmiş professoru da işdə SARS/CoV-2 virusuna yoluxmuşdu. Kristi kimi mən də xəstəliyə qarşı mühafizə tədbirləri görmürdüm. İyun ayında xəstəliyin yeni dalğasının baş qaldırdığı dövrdə mən yalnız baş ağrısından şikayətlənən və nə qızdırması, nə də başqa simptomu olan 50 yaşlı bir pasiyenti müayinə edirdim. Bu zaman lazımi ehtiyat tədbirləri görməmişdim. Tibbi maskadan istifadə etsəm də, pasiyentin gözlərini müayinə etmək üçün eynəyimi çıxarmışdım.
Bir həftə sonra pasiyentim kimi mənim də başımın arxasından şiddətli ağrı qalxmağa başladı. Başqa heç bir şikayətim yox idi. Pasiyenti müayinə etdikdən bir gün sonra onun test nəticəsi, bir həftə sonra isə mənim test nəticəm pozitiv çıxdı.
Bir həftə tər-su içində oldum. Hərarətdən titrəyirdim və bədənimdə ağrılar hiss edirdim. Sonra yaxşılaşmağa başladım. İşə qayıtmağı düşünürdüm. Xəstəliyin doqquzuncu günü səhhətimdə böyük geriləmə oldu. Özümü həddən artıq halsız hiss etdim və yeni quru öskürək baş qaldırdı. Xəstəliyin onuncu günü öskürək daha da şiddətlənmişdi və qırıq-qırıq öskürürdüm. Xəstəliyin 15-ci günündə oksigenlə saturasiya 86% idi və mən danışarkən tam cümlələr qura bilmirdim.
Avarçəkən və xokkey oyunçusu üçün hərəkətsiz vəziyyətdə nəfəs alma çətinliyi tamamilə qeyri-adi hal idi. Hər səhər oyandıqdan sonra özümü daha yaxşı hiss etsəm də, axşamlar ağrı və öskürəyin yenidən başlaması sağalmaq ümidlərimi puça çıxarırdı. Özümü kifayət qədər yaxşı hiss edərək xəstəxanaya pasiyent kimi deyil, həkim kimi getməyim üçün düz bir ay vaxt lazım idi.
30 il ərzində xəstəliyə görə işi bir gündən çox buraxdığım olmamışdı. Mənə ünvanlanan şəfa diləklərinə və həm tibdə, həm də ictimai səhiyyədə hazırlıq səviyyəsinin yüksəlməsinə baxmayaraq, virusa təslim olmuşdum. Onun hər yerə yayılması, yoluxuculuğu və inadkarlığı məni düz üstə çökdürmüşdü. SARS/CoV-2 virusu özündə çox şeyi ehtiva edir. Amma xəstəxana xərəyinin hər iki tərəfində işləyən təcrübəli tibb işçisi kimi sizi əmin edə bilərəm ki, bu virus qriplə eyni deyil. Hər kəsin COVİD-19-la bağlı yaşadıqları unikal təcrübədir və biz hələ də xəstəlik qarşısında həssasıq. Sizdən etinasızlıq göstərməməyi və ehtiyatı əldən verməməyinizi xahiş edirəm.
Ən azından, mətbuatda yayılan ziddiyyətli fikirlərdən asılı olmayaraq özünüzə və elmə hörmətlə yanaşın. Həmçinin unutmayın ki, qəzəb immunoqlobulinin səviyyəsini aşağı salır və sizin immun sisteminizi zəiflədir. Ona görə də qəzəbdən uzaq olun. Bu həftə seçkiyə gedərkən təhlükəsizliyinizi qorumağı yaddan çıxartmayın və mehriban davranın.
Luk Larkin,
professor
Mənbə: “Daily News”, 1 noyabr 2020-ci il