Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair yeni qərar qəbul edib. Qərara görə, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi noyabrın 2-dən dekabrın 1-dək distant (məsafədən) formada təşkil olunmalıdır.
Təhsil Nazirliyi Azərbaycanın baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında ayrı-ayrı inzibati ərazi vahidlərində tədris və təlim-tərbiyə prosesinin əyani formada bərpası və ya dayandırılması qərarı verə bilər. Bu halda tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və özəl təhsil müəssisələrinin təsisçilərinin də analoji qərarlar qəbul etmək hüququ var.
Koronavirus pandemiyası üzündən tətbiq olunan xüsusi karantin rejimi martın 31-dən qüvvədədir. Rejim bu yasaqları nəzərdə tutur:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;
– operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə, Lənkəran şəhərinə, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarına giriş-çıxış;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn mərasimləri istisna olmaqla yas mərasimləri;
– bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət, idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətləri;
– Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu qadağalar var:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti;
– Bakı Metropolitenində sərnişindaşıma.
Nazirlər Kabineti yanında operativ qərargah son rəsmi hesabatında koronavirus infeksiyasına yoluxanların ümumi sayını 53152 nəfər, xəstəlikdən ölənlərin sayını 708 nəfər, aktiv xəstə sayını 10636 nəfər göstərib.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 57, oktyabrda 117 xəstə dünyasını dəyişib.