Belarusda prezident Aleksandr Lukaşenkonun istefası və növbədənkənar prezident seçkisi tələbləri ilə ümummilli tətil davam edir.
Avqustun 9-u ölkədə prezident seçkisi keçirilib. 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət və ictimai fəallar seçkinin rəsmi nəticələri ilə barışmır, etiraz aksiyaları səngimir.
Sentyabrın 26-dan ümummilli tətil elan olunub, Aleksandr Lukaşenkonun istefası, yeni prezident seçkisi keçirmək tələbləri irəli sürülüb. Tətilə müəssisələr, təhsil ocaqları qoşulub. Hökumət aksiyaları yatırtmaq üçün repressiyalar aparır.
Qərb ölkələri aksiyaya dəstək verir. ABŞ, Kanada, Böyük Britaniya, 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirən Avropa İttifaqı 9 avqust seçkisinin bəyan olunan nəticələrinin xalqın iradəsini əks etdirmədiyini vurğulayır, Aleksandr Lukaşenkonun dövlət başçısı kimi tanımır. Ölkənin bəzi məmurlarına sanksiyalar qoyulub.
1954-cü ildə doğulan Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.