Prezident İlham Əliyev ermənilərin Bərdəni raketlə vurmasına münasibət bildirib.
Dövlət başçısı özünün rəsmi “Tvitter” səhifəsində yazıb: “Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazini kasetli raketlərlə atəşə tutması nəticəsində ən azı 21 nəfər həlak olub, 70-ə yaxın adam yaralanıb. Mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Düşmən oktyabrın 27-də Bərdəni raket atəşinə tutub. Həmin gün rayonun Qarayusifli kəndində biri uşaq olmaqla dörd mülki şəxs həlak olub, ən azı 13 nəfər yaralanıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildən təcavüz şiddətlənərək hərbi işğala çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə ölkənin bütün cənub-qərbi Ermənistanın nəzarətinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun işğal bölgəsində keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, həmin rayonların, eləcə də Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Oktyabrın 10-da Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs barədə razılığa gəlinsə də, Ermənistanın razılaşmanı pozması nəticəsində atəşkəs baş tutmayıb. Oktyabrın 18-də və 26-da razılaşma yenilənib, amma Ermənistan yenə atəşi dayandırmayıb.