Oktyabrın 29-dan xüsusi karantin rejimi üzrə rəsmi qərar yenilənir. Koronavirus infeksiyasını cilovlamaq üçün Nazirlər Kabinetinin tətbiq etdiyi rejim bu yasaqları nəzərdə tutur:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;
– operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə, Lənkəran şəhərinə, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarına giriş-çıxış;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn mərasimləri istisna olmaqla yas mərasimləri;
– bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət, idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətləri;
– Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu qadağalar var:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti;
– Bakı Metropolitenində sərnişindaşıma.
Nazirlər Kabineti yanında operativ qərargahın 28 oktyabr hesabatına görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 52137 nəfərə, xəstəlikdən ölənlərin sayı 699 nəfərə çatıb.
Aktiv xəstə sayı 9405 nəfər göstərilir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb.
Xüsusi karantin rejimi martın 31-dən qüvvədədir.