İsmayıl Rafiqoğlu
“Paşinyan sizə də zəng edib?” Hollivud ulduzu Penelopa Krusun “İnstaqram” səhifəsində yerləşdirdiyi fotosunun altında, rəy yerində yazılan bu sual bir anda günün trendinə çevrildi, hətta bəzi Latın Amerikası ölkələrinin telekanallarının efirində də oxundu.
Bu hadisə yumorun informasiya müharibəsindəki əhəmiyyətini bir daha təsdiqləyir.
Penelopa Krus fotosunu Kolumbiya bayrağının fonunda “İnstaqram”da yayanda ağlına da gətirməzdi ki, bu, azərbaycanlılarla ermənilər arasında necə qızğın bir polemikaya gətirib çıxaracaq. Məsələ bundadır ki, Kolumbiyanın bayrağı ilə Ermənistanın bayrağı bir qədər oxşardır. Kolumbiyanın narıncı, göy, qırmızı zolaqlı bayrağını Ermənistanın qırmızı, göy, narıncı zolaqlı bayrağı ilə səhv salanlar az olmur.
Belə görünür, zəng vurmaqda pərgardır
Son bir neçə həftədə Ermənistanın baş naziri Nikol Paşinyan dalbadal Rusiya prezidenti Vladimir Putinə, daha sonra Fransa prezidenti Emmanuel Makrona zəng edib və etməkdə davam edir. ABŞ prezidenti Donald Trampa zəng etsə də, ünsiyyət qura bilməyib. Paşinyan başqa ölkələrin liderlərinə də durmadan zəng edir. Hər dəfə də Ermənistana hər hansı dəstək almağa çalışır.
Ümumiyyətlə Paşinyan, belə görünür, zəng vurmaqda pərgardır. Hətta tanımadığı Ermənistan vətəndaşlarına təsadüfi seçimlə zəng vuraraq hal-əhval tutmağı da sevirmiş. Bu işdə topladığı təcrübəni hazırda dünya liderləri ilə əlaqələrin gücləndirilməsinə sərf edir.
Paşinyanın dəfələrlə Rusiya prezidentinə zəng vurması komik bir vəziyyət yaradıb. Məhz bu səbəbdən azərbaycanlı istifadəçinin “Paşinyan sizə də zəng edib” sualı olduqca populyarlaşıb.
Nə qədər ağır vəziyyət olsa da, top və raket atəşi altında insanlar həlak olsa da, informasiya müharibəsində hər cür vasitədən, o cümlədən yumordan istifadə etməyə məhkumuq. Sosial şəbəkədə təhqir, ağır ifadə istifadəçinin bloklanması ilə nəticələnir. Qarşı tərəf şikayət edir, şəbəkə səni bloklayır. Amma “Paşinyan sizə də zəng edib?” tipli istehzanı təhqir kimi qiymətləndirmək mümkün deyil.
“Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin”
Nikol Paşinyanın zəng etmək həvəsi Azərbaycan prezidenti İlham Əliyevin də diqqətindən yayınmayıb. “Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir”. Prezident İlham Əliyev çıxışlarının birində belə deyib.
Hər hansı fikri incə yumorla, ironiya ilə çatdırmağın öz yeri və effekti var. “Paşinyan sizə də zəng edib” sualı buna bir misaldır. Bu sualda bir çox həqiqət çox yaddaqalan formada ifadə olunub. Belə ifadələr sosial mediada güllə kimi, top kimi atılır.
Xeyirlə şər qoşadır. Bir yandan ağır, o biri yandan da xoş xəbərlər eşidirik. Kiçik bir ifadə bəzən çox sözdən təsirli olur.
“Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor”
Ermənistanın Gəncə şəhərini raket atəşinə tutduğu günlərin birində “TRT Haber” telekanalına müsahibə verən Tariyel Şahverdiyevin dediyi “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri sosial mediada ən çox müzakirə edilən sözlərdən birinə çevrildi.
Tariyel Şahverdiyev birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Tabor komandiri olub, bir neçə güllə yarası alıb. Güllələrdən biri indi də onun bədənindədir, əməliyyat riskli olduğu üçün çıxarılmayıb. Onun “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri bir anda populyarlıq qazandı – sosial şəbəkədə paylaşıldı, avtomobillərin şüşəsinə, köynəklərin üstünə həkk olundu. Bir sözlə, ruh yüksəkliyini qoruyub saxlamaqda bir vasitəyə çevrildi.
Bütün bunlar bir daha göstərir ki, bu gün biz gülüşdən də güllə kimi yararlanmalıyıq. Düşməni ordumuzun yeni silahları ilə bərabər xalqımızın yeni folkloru ilə də vurmalıyıq. Və ruh yüksəkliyimizi hər ikisinin sayəsində qorumalıyıq.
Şəhidlərimizin ruhu şad olsun!