Döyüş gündəliyi (Son)
- 20 Oktyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Tofiq Yaqublu
05.07.92
Bu gün səhər bir az sakitlik vardı. Bilirdim ki, indicə hansısa göstəriş gələcək.
İmkan tapıb gündəliyi yaza bilmirdim. Dünən də bir xeyli qeyd eləməyimə baxmayaraq hələ ayın 3-də baş vermiş hadisələrin hamısını yaza bilməmişdim. Ancaq dünən çox əhəmiyyətli və möhtəşəm hadisələr baş vermişdi. Mən bu haqda heç nə yaza bilməmişdim. Hələ bu gün də ciddi hadisələr, daha doğrusu, şiddətli döyüşlər gözlənir.
Hiss edirdim ki, mənim gündəlik yazmağım təqvimdən dala qalır. Çalışırdım ki, yaddaqalan epizodların hamısını qeyd eləyim. Odur ki, bu gün ayın 3-də olan hadisələrin davamını yazmağa başladım.
03.07.92.
Birinci rotanın komandiri Elxanla birlikdə irəliləyirdik. Bizimkilər isə pərakəndə halda səhər tərpəndikləri mövqelərə tərəf geri çəkilirdilər. Əslində isə qaçırdılar. Onlar bizdən çox aralı idilər. Elxan onları Şəki ləhcəsində yaxşıca söydü.
Ermənilər Ağdərənin üstündəki təpələrdən top və “Qrad” atırdılar. Artıq nə Elxanın, nə də mənim uzanıb-qalxmağa heyimiz qalmışdı.
Qulaqlarım yavaş-yavaş yaxşı eşitməyə başlayırdı. Biz taxıl zəmisinin ortasındakı yolu keçəndən sonra üzü enişə getməliydik. Mən bərk susamışdım. Elxana dedim ki, gəl bir az sola tərəf gedib səhərki xiyar sahəsindən keçək. Xiyar susuzluğun dərmanı idi. Elxan dedi ki, halı qalmayıb və ən qısa yolla qayıtmaq istəyir.
Artıq nisbətən təhlükəsiz yerdəydik. Ancaq top mərmiləri sağa-sola düşməkdəydi. Mən dedim ki, xiyar olan yerdən gedəcəm. Orada Elxandan ayrıldım. Birtəhər gəlib xiyar sahəsinə çatdım. Sahənin ortasında xiyar dolu kisələr varıydı. Bizim qəfil hücumumuzdan sonra ermənilər onları qoyub qaçmışdılar. Birinci kisənin yanına uzandım. Birnəfəsə dörd-beş xiyar yedim. Elə bil həm aclığım, həm də susuzluğum yatdı.
Qaxıb getmək istəyəndə xiyar tağlarının arasında hənirti eşitdim. Yaxınlaşıb gördüm ki, bizim əsgərdir. Qaçaqaçda ürəyi tutmuş və yıxılıb qalmışdı. Deyəsən, adını Fərhad dedi. Dedi ki, döyüşə gələnədək Sumqayıt avtovağzalında işləyirmiş. Xahiş elədi ki, ona kömək edim. Nə qədər yorğun olsam da, onun qolunu çiynimə aşırdım.
Biz yavaş-yavaş gedirdik. Bu zaman lap yaxında bir top mərmisi partladı. Qəlpələri tappıltı ilə ətrafımıza səpələndi. Həmin oğlan yalvarmağa başladı ki, onu burada qoymayım. Halbuki mənim onu buraxmaq fikrim yoxuydu və əvvəlki qaydada qoluna girib gedirdim.
Axır gəlib balaca bir dərəyə çatdıq. Burada bizim daha 4 əsgərimiz vardı. Bu dərədə üzüm sovxozundan çirkabın axdığı üfunətli bir lillik var idi. Biz onlara yaxınlaşanda gördük ki, bir əsgərimiz qorxudan şoka düşərək lilə batıb. Oğlanı tanıdım. O, Bakıda qaldığımız hissədə batalyon yeməkxanasında aşpaz idi. Ayın 2-də haradansa gəlib bizim rotanı tapdı. Xahiş elədi ki, qoy sabahkı hücumda bizim rotada olsun. Mən ona bir avtomat verdim və ikinci vzvoda təyin etdim. İndi həmin oğlan gözlərini yumub zarıyırdı. Elə hey deyirdi ki, onu güllə ilə vurub gedək, əsir düşmək istəmir. Heç kimə qulaq asmırdı. Elə hey həmin sözləri təkrarlayırdı. Mən ona yaxınlaşıb bir-iki bərk şillə vurdum, lakin təsiri olmadı. Uşaqlardan iynə tapdım, başladım baldırlarını deşik-deşik eləməyə. Lakin ona heç təsir etmirdi.
Birdən kimsə dedi ki, bəlkə ona su lazımdır. Bu sözü eşidən kimi su deyib zarıdı. Yaxında su yox idi. Gərək 700-800 metr geriyə qayıdaydın. Bayaq mənimlə gələn oğlan əli ilə ürəyini tutub dedi ki, mən bunu bacarmaram. Başqa bir oğlan qançır olmuş ayaqlarını göstərdi ki, yeriməyə halı yoxdur. Doğrudan da onun ayağı tuluq bağlamışdı. O biri iki nəfər də hərəsi bir söz dedi.
Düzü, mən də bərk yorulmuşdum. Bəlkə tez dillənsəydim mən də bir söz deyəcəkdim. Daha bir söz deməyə üzüm gəlmədi.
Bayaq ayaq üstə gəldiyimiz yerləri indi sinə-sinə geri qayıdırdım. Elə özüm də susuzluqdan əziyyət çəkirdim. Hiss edirdim ki, səhər keçdiyimiz “Vinnıy sovxoz”un üst yanındakı təpələrdə ermənilər qalıblar. Çünki biz buradan keçəndə ancaq taxıl zəmisinin içi ilə gedirdik, təpələrdəki kolluqların içinə girməmişdik.
Mən gəlib bir təsərrüfat həyətinə çatdım. Həyətin kənarındakı anbarda minlərlə üçkiloluq bankalarda üzüm şirələri var idi. Ancaq binaya girməyə risk eləmədim. Çəpərin qırağındakı albalı ağacının dibində 7-8 dənə üçkiloluq banka vardı. Səhər buradan keçəndə bizim əsgərlər içib boşaltmışdılar. Mən onlardan birini götürüb bağçanın içi ilə o biri həyətə yaxınlaşdım. Həyətin ortasında üstündə su çəni olan bir QAZ-52 maşını dayanmışdı. Biz səhər buradan keçəndə bu erməni maşınından xeyli su içmişdik. Onun arxasında kran qoymuşdular.
Həyət xeyli geniş idi. Belə açıq sahədə birbaşa maşına yaxınlaşmağa qorxdum. Çəpərin qırağı ilə maşına ən yaxın olan məsafəyə gəldim. Qaratikan çəpərini basdalayıb həyətə girdim. Maşına tərəf bir-iki addım atmışdım ki, birdən həyətin o başındakı dəmir qapı cırıltıyla açıldı. Mən tez yerə uzanıb maşının altından həyətin o başında açılmış qapıya diqqətlə baxmağa başladım. Bir nəfər avtomatını irəli uzadıb diqqətlə həyəti dinşədi və ətrafa göz gəzdirdi. Əmin oldu ki, heç kəs yoxdur, artıq xeyli cəsarətlə qapını tam açdı və arxasındakı kiməsə nəsə dedi. Nə qədər diqqətlə qulaq asdım, hansı dildə danışdıqlarını eşidə bilmədim. O, maşına tərəf yaxınlaşırdı. Dalınca bir nəfər də həyətə daxil oldu. İndi qabaqkının danışdıqlarını aydınca eşidirdim. Onlar erməni əsgərlər idilər. Çıxılmaz vəziyyətdə qalmışdım. Geri qayıtsaydım, çox güman ki, məni görəcəkdilər. Atəş aça bilmirdim, çünki onlardan başqa yenə erməni əsgəri ola bilərdi. Özü də onlar yanaşı gəlmirdilər ki, ikisini də rahat vurum.
Mən fikirləşənə qədər qabaqda gələn əsgər xeyli yaxınlaşmışdı. Maşının qabağında qoşqu üçün nəzərdə tutulmuş buynuzdan tutub radiatorun yanına qalxdım. Ehmalca kapotun üstünə uzanıb avtomatı hazır saxlamışdım. Onlar maşının qabağına keçəsi olsaydılar vuracaqdım.
Birinci əsgər maşının arxasına çatan kimi su kranını açdı. Su şırıldamağa başladı. İkisi də suyu şappıldada-şappıldada yuyunmağa başladılar. Avtomatı ehmalca dizlərimin arasına alıb döş cibimdəki qumbaranı çıxartdım. Çekasının uclarını düzəldib dartıb çıxartdım. Özümü rahatlayıb maşının başı üstündən onlara atdım. O 3-4 saniyə elə bil 3-4 dəqiqə çəkdi. Gurultu qopdu. Tez tullanıb yerə uzandım. İkisi də yerə sərildi. Mənə elə gəldi ki, biri, deyəsən, qımıldanırdı. Hərəsinə əlavə dörd-beş güllə vurdum. Amma yenə maşının arxasına keçməyə cürət etmədim. Əgər onların hasarın o tərəfində dostları varıydısa onlar köməyə gəlməli idilər. Ona görə də sağ tərəfdən, kabinənin yanından sisternə bir-neçə güllə vurdum. Su şırıltı ilə axmağa başladı. Tez bankanı altına tutub doldurdum. Cəld çəpərdən tullanıb özümüzünkülərə tərəf qaçdım. Birinci dərəyə çatanda gördüm ki, güllə səsini eşidən uşaqlar köməyə qaçırlar. Hətta arxada ürəyini tutmuş sumqayıtlı oğlan da gəlirdi.
Biz xeyli arxa tərəfə baxdıq, gələn yox idi. Sonra tələsik lilə batmış aşpazın yanına gəldik. Doğrudan da sudan yanırmış. Birnəfəsə bankanı yarıyacan içdi. Amma yenə yerindən tərpənmədi. Dedim ki, şalvarınızın nazik qayışını çıxardın. Həmin kəmərləri ilgək edib onun əllərinə və ayaqlarına keçirdik. Başladıq yoxuşa tərəf sürüməyə. Birtəhər yoxuşu çıxdıq, indi onu yanmış taxıl zəmisi ilə sürüyürdük. Yanmış taxıl çöpləri onun çılpaq baldırlarını deşik-deşik edirdi. Bir xeyli onu sürüdük. Onun qıçları qan içində idi. Gətirib onu arx kimi bir yerə qoyduq, ot-yarpaqla örtdük.
Bir az dincəlib Tərtər-Ağdərə magistralına tərəf getdik. Levonarx tərəfdən bir UAZ maşını gəlirdi. Mən yola tərəf qaçdım. Məni görüb yanmış zəminin içi ilə bizə tərəf sürdülər. Onun dalınca bir “Villis” də gəlirdi.
Mən təcili yardım maşınına bizim uşaqlar olan təpəni göstərib məsələni başa saldım. “Villis” də mənim yanıma gəlib dayandı. Bir az yuxarıda, dərənin dibində bizim yanmış iki URAL maşınımız və bir “Qrad”ımız var idi. Maşındakı zabit dedi ki, onlara deyiblər bizim yanmış maşınlarımızın yanındakı dərədə 4 nəfər yaralı əsgərimiz var. Mən bildirdim ki, bu maşınlar hələ ertədən vurulub, biz onda üzü Ağdərəyə tərəf gedirdik, orada ölən və yaralananları görmüşük. Dedim ola bilsin ki, onlar Ağdərənin girəcəyindəki yanmış maşınlarımızın yanındadırlar. Dedilər göstərə bilərsənmi, razılaşdım və maşına mindim.
Yalnız maşında mənə dedilər ki, Ağdərə tam alınıb. Sevindiyimdən hönkür-hönkür ağladım. Onlarla danışdım ki, yaralıları tapandan sonra məni maşınla Tərtər poçtuna aparacaqlar. Çünki mən həlak olmuş əsgərlərin evlərinə teleqram vurmalı idim, həm Rimaya zəng edəcəkdim.
Yazımın bu yerində birinci rotadan Ramiz adlı oğlan gəldi ki, kombat səni çağırır. İmkan olsa, sabah yazacam.
P.S. Bundan sonra döyüşlər daha da şiddətlənir və Tofiq Yaqublu tərxis olunanadək gündəlik yazmağa imkan tapmır.
Gündəliyin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub. Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi ona silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq ittihamı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökmdən Bakı Apellyasiya Məhkəməsinə verilən şikayətdə Tofiq Yaqubluya bəraət istənir.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.