Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün yeni məhdudiyyətlər tətbiq edib. Novator.az bildirir ki, oktyabrın 19-dan noyabrın 2-dək Bakı metropolitenində sərnişindaşıma dayandırılır; həmçinin ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.
Başqa bir məhdudiyyət dövlət qurumlarında çalışan işçilərin say həddini 30 faizədək azaltmaq, digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsidir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
65 yaşdan yuxarı şəxslərin yaşayış yerlərini tərk etməməsi məsləhət görülür.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Son rəsmi hesabata görə, yoluxanların ümumi sayı 43280 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 619 nəfərdir.
Ölkə üzrə xüsusi karantin rejimi bu qadağaları nəzərdə tutur:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn istisna olmaqla yas mərasimləri;
– bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət və idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətləri.
Sərt xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq edilir:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət, masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti.
Oktyabrın 14-dən Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, oktyabrın 15-dən Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri qapadılıb.
Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında ictimai nəqliyyatın şənbə-bazar günləri hərəkətinə yasaq qoyulub.